Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azexport” İsrailə biyan ixrac edəcək

“Azexport” İsrailə biyan ixrac edəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport.az” portalı daha bir qeyri-ənənəvi Azərbaycan məhsulunun xarici bazarlara ixracı istiqamətində uğura imza atıb.

Mərkəzin mətbuat xidmətindən bildirilib ki, “Azexport” portalının dəvəti ilə İsrailin ən böyük biyan və ekstraktı idxalçısı, həmçinin bu sahədə dünya üzrə ilk onluqda yerləşən “F&C Licorice Group” şirkətinin nümayəndələri Bakıda səfərdə olub. Qonaqların İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycandan biyan ixrac edən şirkət nümayəndələri ilə görüşü təşkil olunub.

“Azexport” portalının meneceri Ayxan Qədəşov bildirib ki, görüşdə Azərbaycandan növbəti mövsüm illik müqavilə üzrə 2,5-3 min ton yüksəkkeyfiyyətli biyan məhsulunun İsrailə ixrac olunması haqqında ilkin razılıq əldə olunub. Həmçinin İsrail nümayəndələrinə Azərbaycanın münbit investisiya mühiti barədə məlumatlar, eləcə də gələcəkdə birgə əməkdaşlıq çərçivəsində biyan qəbulu və emalı məntəqələrinin yaradılması üçün təkliflər təqdim edilib.

Qeyd edək ki, Azərbaycanda bir il ərzində oxratoksin A göstəricisi 20-dən aşağı olan 6-7 min ton qurudulmuş və preslənmiş yüksəkkeyfiyyətli biyan məhsulu əldə olunur. Əldə edilən məhsul əsasən Çin, Sinqapur, Hindistan, İsrail və İran kimi ölkələrə ixrac olunmaqla yanaşı, daxili tələbatın ödənilməsi məqsədilə də istifadə olunur.

“Azexport” portalı sadalanan texniki və keyfiyyət göstəricilərinə uyğun gələn biyan kökü məhsulunun ixracında maraqlı olan sahibkarlara müraciət edərək bildirir ki, “Azexport” portalı vasitəsi ilə “F&C Licorice Group” və digər aidiyyəti beynəlxalq şirkətlərin əlaqə vasitələrini əldə edə bilərlər.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

24 2019 17:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə