Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hərraca 80 dövlət əmlakı çıxarılacaq

Hərraca 80 dövlət əmlakı çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təşkil etdiyi növbəti hərraclardan biri iyulun 23-də keçiriləcək.

ƏMDK-dan verilən məlumata görə, həmin hərraca ümumilikdə 80 dövlət əmlakı çıxarılıb. Hərracda investorlar 31 kiçik dövlət müəssisəsi və obyekti, 16 səhmdar cəmiyyəti, 29 nəqliyyat vasitəsi və 4 qeyri-yaşayış sahəsi üzrə seçim edə bilər. Respublikanın müxtəlif regionlarında yerləşən kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 7,5 kvadratmetr və 9,2 min kvadratmetr arasındadır. Obyektlərin qiymət intervalı üzrə də fərqlənməsi hər bir potensial investor üçün uyğun seçim imkanları yaradır. Qəbələ rayonu, Çuxur Qəbələ kəndindəki Anbar binasının ümumi faydalı sahəsi 78 kvadratmetrdir. Bu dövlət əmlakını hazırkı fəaliyyət sahəsi ilə yanaşı, digər istiqamətdə xidmət obyekti kimi istifadə etmək mümkündür.

Hərraca çıxarılan qeyri-yaşayış sahələri Bakı, Gəncə, Beyləqan və Abşeronda yerləşir. Xidmət və ofis obyekti kimi istifadəyə imkan verən dövlət obyektlərindən biri Gəncə şəhərindədir. Ümumi faydalı sahəsi 47 kvadratmetr olan qeyri-yaşayış sahəsinin ilkin hərrac qiyməti 7 min manatdır.

Budəfəki hərracda investorlar səhmdar cəmiyyətlərinin 30-45 faizlik səhm paketləri üzrə seçim edə bilər. “Yevlax yun”, “Daşkəsən Aqrotexservis”, “Salyan Kəndkimya” kimi səhmdar cəmiyyətləri müxtəlif şəhər və rayonlarda yerləşir.

Avtomobil almaq arzusunda olan şəxslərə isə istehsal ili 1995-2008-ci illər olan nəqliyyat vasitələri təklif olunur. Bu növ dövlət əmlakları “Hyundai”, “Chevrolet”, “Daewoo” və digər markalara aiddir, ilkin hərrac qiymətləri isə 1000 manat ilə 6 min manat arasındadır.

Hərraclara çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə etmək və sifariş vermək üçün Özəlləşdirmə portalı (privatization.az) və ya komitənin rəsmi saytına (emdk.gov.az) daxil olmaq kifayətdir.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

24 2019 17:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə