Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial rifah dövləti konsepsiyasının “Sosial paket” mərhələsi

Sosial rifah dövləti konsepsiyasının “Sosial  paket” mərhələsi

Sosial rifah dövləti vətəndaşların sosial-iqtisadi inkişafı və müdafiəsində dövlətin aparıcı rol oynadığı bir siyasi sistemdir. Bu anlayış imkanların bərabərliyi prinsipinə əsaslanır, dövlətin digər həyati əhəmiyyətli vəzifələri ilə yanaşı, sərvətdən və ictimai məsuliyyətdən faydalanmaqla özünə layiqli həyat təmin edə bilməyən insanlar üçün minimum şərait yaradılması məqsədinə xidmət edir.

Ümummilli lider Heydər Əliyevin müstəqil demokratik dövlət quruculuğu konsepsiyasının baş sənədi olan, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında bəyan edilmişdir ki, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək Azərbaycan dövlətinin əsas vəzifəsidir. Çağdaş Azərbaycan dövlətinin memarı və qurucusunun ən layiqli varisi Prezident İlham Əliyev həmin öhdəliyin gerçəkləşdirilməsini yüksələn xəttlə davam etdirir. 2018-ci ilin sonundan ölkəmizdə bu siyasət prioritet istiqamətlər sırasında yer almışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan və davamlı prosesə çevrilən genişmiqyaslı “Sosial paket” layihəsi bunun aydın sübutudur.
Bu paketdə şəhid ailələrinə 11 min manatlıq kompensasiyanın verilməsi, əhalinin 10 min dollara qədər xarici valyutalı kreditlərlə bağlı yaranmış borcunun dövlət hesabına silinməsi, əmək haqqı, pensiya və digər ödənişlərin mərhələli şəkildə artırılması cəmiyyətin sosial həyatına böyük məmnunluq gətirmişdir. Bu sosial tarazlaşdırmanı həyatın özü tələb edirdi, çünki Azərbaycanda əhalinin xeyli hissəsinin sosial vəziyyəti ölkənin iqtisadi-maliyyə göstəriciləri ilə müqayisədə geri qalırdı. Bundan əlavə, 2015-ci ilin 2 ağrılı devalvasiyası xeyli insanın sosial durumunu gərginləşdirmişdi. Bu geriliyi və gərginliyi aradan qaldırmaq məqsədi ilə dövlət başçısının bu ilin əvvəlindən irəli sürdüyü yeni “Sosial paket” islahatı 3 milyondan artıq adamı əhatə edir. 
Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu il martın 1-dən minimum əmək haqqı 130 manatdan 180 manata çatdırıldı. Dövlət başçısının 18 iyun sərəncamı ilə bu il sentyabrın 1-dən minimum əməkhaqqının məbləği 250 manata çatdırılacaq. Bununla da ilk dəfə olaraq Azərbaycanda minimum əmək haqqı 2019-cu il üçün təsdiq edilmiş yaşayış minimumundan (180 manat) 40 faiz yuxarı qalxacaq. Minimum əmək haqqının artırılması vahid tariff cədvəli üzrə büdcə təşkilatlarında çalışanların xeyli hissəsinin maaşlarının artmasına səbəb olacaq. Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla, 265 manatdan 367 manata çatmasına imkan verəcək. 
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılacaq. Həmin sərancamların reallaşdırılması ayrı-ayrı kateqoriyaya aid insanların da maaşlarını artıracaq. Rəsmi məlumatlara görə, minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanların 600 min nəfəri dövlət sektorunda, 350 min nəfəri isə özəl sektorda işləyir. 
Beləliklə, ölkə Prezidentinin həyata keçirdiyi “Sosial paket” layihəsi xalqın ölkədə həyata keçirilən islahatların bəhrəsini əyani şəkildə hiss etməsinə, yoxsulluq göstəricisinin aşağı düşməsinə imkan yaradır. Bu da, öz növbəsində, iqtisadi fəallığın artırılmasına, əhalinin daha geniş təbəqələrinin islahatları dəstəkləməsinə səbəb olacaq.
Nəticə isə indidən qürurvericidir: Azərbaycan əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması baxımından MDB məkanında ən yüksək mövqedədir.

Dünyamalı VƏLİYEV, 
AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru

 

 

24 2019 12:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə