Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vüsal QASIMLI: “2019-cu il inqilabi sosial islahatlar ili kimi yadda qalacaq”

Vüsal QASIMLI: “2019-cu il inqilabi sosial islahatlar ili kimi yadda qalacaq”

Bu gün Azərbaycanda dövlətin sosial siyasətinin mahiyyəti iqtisadi inkişafın nəticələrini əhalinin sosial rifahını yüksəltməyə yönəltməkdir. Son illər dünyada baş verən maliyyə sıxıntıları bir çox ölkələrdə sosial problemləri kəskinləşdirdiyi halda, respublikamızda bu sahədə qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən təqdim edilən yeni uğurlu sosial paket də Azərbaycan iqtisadi inkişaf modelinin prinsiplərini özündə ehtiva edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı söhbətində bu barədə dedi:

– Azərbaycan Prezidenti cənab İlham Əliyev bu il iyunun 18-də yeni sosial islahatlar paketini təqdim edib. İslahatlar paketində minimum əməkhaqqının, habelə diaqnostikadan keçən müəllimlərin, dövlət qulluqçularının, hərbi və hüquq-mühafizə orqanlarında və bir sıra dövlət müəssisələrində çalışanların əmək haqlarının artırılması nəzərdə tutulub. 
Minimum əməkhaqqının artırılması yeni islahat paketinin əsas məğzini təşkil edir. Xatırladım ki, bu il fevralın 8-də cənab Prezident minimum əməkhaqqını 130 manatdan 180 manata qədər yüksəltməklə, 38,5 faizlik artım əldə olmuşdu. İyunun 18-də isə dövlətimizin başçısı tərəfindən minimum əməkhaqqı ikinci dəfə artırılmaqla, 180 manatdan 250 manata çatdırıldı. Beləliklə, 1 il ərzində minimum əməkhaqqı 2 dəfəyə qədər artırılıb, bu isə kifayət qədər yüksək göstəricidir. Əgər fevralın 8-də minimum əməkhaqqının artırılmasında 600 min nəfər əhatə olunurdusa, indiki halda həmin göstərici 950 min nəfər təşkil edir. Bu insanların 300 mini özəl sektorda, 600 minə yaxını isə dövlət sektorunda çalışan vətəndaşlar, o cümlədən, Vahid Tarif Cədvəli ilə maaş alan səhiyyə və təhsil işçiləridir. Onu da qeyd edim ki, minimum əməkhaqqının artırılması üçün dövlət büdcəsindən əlavə olaraq illik 780 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulur.
Hərbi və hüquq-mühafizə orqanlarında çalışanların aylıq vəzifə maaşları da 40 faiz həddində artır. Həm peşə, həm də ümumtəhsil məktəblərində diaqnostikadan keçən müəllimlərin maaşlarında isə 20 faiz artım olacaq. Son iki ildə bu kateqoriyadan olan maaşları 40 faizə qədər artmışdı. Burada kontingent 160 min nəfərdir. Xatırladım ki, onların əmək haqlarını 20 faiz artırmaq üçün dövlət büdcəsindən əlavə 240 milyon manat vəsait tələb olunur.
Cənab Prezident tərəfindən imzalanan müvafiq sərəncamlardan ibarət yeni sosial paket 2 milyondan çox insanı əhatə edəcək, maliyyə tutumu isə 2 milyard manatdan çoxdur. İlin əvvəlində cənab Prezidentin həyata keçirdiyi sosial paket isə 3 milyona qədər insanı əhatə etməklə 2 milyard manatlıq maliyyə tutumuna malikdir. Beləliklə, təkcə bu il ərzində 4 milyon insanımızın sosial rifah halını yaxşılaşdırmaq üçün 4 milyard manat əlavə vəsait sərf olunacaq. Mən deyərdim ki, 2019-cu il Azərbaycanda sosial rifah ili kimi tarixə düşəcək. Artıq bütün sosial göstəricilərimiz böhrandan əvvəlki həddə çatıb və onu üstələyib. Azərbaycan iqtisadiyyatı qısa zaman kəsiyində Prezident İlham Əliyevin rəhbərliyilə bir tarazlıq nöqtəsindən başqa tarazlıq nöqtəsinə uğurla keçdi. 2017-ci il sabitləşdirmə, 2018-ci il iqtisadi artımın bərpası, 2019-cu il isə sosial rifah ilidir. 
Onu da qeyd edim ki, möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan iqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatı getdikcə güclənir. Məsələn, Azərbaycan iqtisadiyyatının cari ili 3 faizdən çox artımla başa vuracağı gözlənilir. Bu, həm Azərbaycan hökuməti, həm Dünya Bankı, həm də digər mötəbər qurumlar tərəfindən bəyan edilir. Digər tərəfdən, aydındır ki, iqtisadiyyat gücləndikcə şəffaflıq və hesabatlılıq da artır. Xüsusən vergi və gömrük sahəsində aparılan islahatlar dövlət büdcəsi gəlirlərinin artmasını sürətləndirir. Belə halda isə təbii ki, cənab Prezident tərəfindən artan gəlirlərin birbaşa əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilməsi barədə siyasi qərar qəbul edilir.
Vurğulamaq istərdim ki, sözügedən artımlardan sonra Azərbaycanda minimum əməkhaqqı alıcılıq qabiliyyəti pariteti ilə götürüləndə MDB məkanında ikinci yerdə dayanır. Bu baxımdan Şərq Tərəfdaşlığı ölkələri arasında isə birinci yerdəyik. Eyni zamanda, minimum əmək haqqına görə, respublikamız Cənubi Qafqaz ölkələri arasında birinci yerdə durur. Bu gün Azərbaycanda minimum əməkhaqqı həm Ermənistan, həm də Gürcüstandan daha yüksəkdir. Respublikamızda hazırda minimum əməkhaqqı 147 dollardır, Gürcüstanda isə bu, təxminən 65 dollar təşkil edir. Başqa sözlə, minimum əməkhaqqı Azərbaycanda Gürcüstandan 2,5 dəfə çoxdur. 
Aparılan sosial islahatların iqtisadiyyata da müsbət təsiri olacaq. Belə ki, əhalinin gəlirlərinin artması tələbi stimullaşdırır, tələb isə təklif yaradır və iqtisadi aktivliyi canlandırır. Bu isə ölkənin ümumdaxili məhsulunun artması deməkdir, deməli, gələcəkdə də sosial tədbirlər davam edəcək. Beləliklə, tələb təklifi yaratdığı kimi, təklif də tələbin artmasına səbəb olur.  
Sosial paketin inflyasiyanı çox sürətləndirməsi ehtimalı ilə razı deyiləm. Çünki builki sosial paket, 2019-cu ilin dövlət büdcəsinin xərcləri çərçivəsində həyata keçirilir və emissiya emissiya effekti yoxdur. Bu isə o deməkdir ki, Azərbaycanda aparılan sosial islahatlar və təqdim olunan paketlər inflyasiya və devalvasiya kimi neqativ hallara gətirib çıxara bilməz. Bir də onu nəzərə alaq ki, dövlətin əlində antiinflyasiya alətləri var: Mərkəzi Bankın notları və Maliyyə Nazirliyinin istiqrazları artan pul kütləsini tənzimləyir. Süni qiymət artımlarına qarşı isə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti daimi monitorinqlər həyata keçirir. Cənab Prezidentin qəbul etdiyi büdcə qaydaları və rəqəmsal ödənişlər dövlət proqramı inflaysianı və manatın məzənnəsini idarə etmək üçün imkanlar yaradır.    
İnflyasiyadan danışarkən, bir məqama da toxunmağı zəruri bilirəm. Cənab Prezident fevral ayında imzaladığı müvafiq sərəncamlarla bütövlükdə 3 milyona yaxın vətəndaşı əhatə etməklə illik 2 milyard manatdan artıq vəsaitin xərclənməsinə qərar verib və aprel–may aylarında maaş, pensiya, müavinatlar artımla verilib, problemli kreditlər üçün kompensasiya ödənilib. Bütövlükdə, sosial paket çərçivəsində son 3 ayda 1 milyard manata yaxın vəsait xərclənib, amma inflyasiya cəmi 2,4 faizdir və sürətlənməyib. 
Bir sözlə, “əkiz balans” adlanan büdcə və tədiyyə balansında müsbət meyillər, artıq 50 milyard ABŞ dollarına yaxınlaşan strateji valyuta ehtiyatları və ÜDM-in beşdə birindən də az səviyyədə xarici borc deməyə əsas verir ki, Azərbaycanda makroiqtisadi sabitlik davamlıdır. 
Prezidentin təqdim etdiyi sosial paket Azərbaycanda insan inkişafı indeksini daha da yaxşılaşdırcaq və insan kapitalının inkişafına təkan verəcək. Digər tərəfdən isə social paket Azərbaycanda sosial bərabərliyin gücləndirilməsini, əhalinin gəlirlərinin ədalətli bölgüsü ilə bağlı Cini əmsalının daha da yaxşılaşmasını gerçəkləşdirir. Yeri gəlmişkən, Azərbaycan Cini əmsalının səviyyəsinə görə birinci yerdədir. Davos İqtisadi Forumunun hesablamalarına görə, ən yaxşı, ən ədalətli gəlirlərin bölgüsü də məhz Azərbaycanda həyata keçirilir.
Onu da nəzərə almaq lazımdır ki, minimum əməkhaqqının artırılması daha çox azgəlirli adamların sosial şəraitinin yaxşılaşmasına əhəmiyyətli təsir göstərir. Bu baxımdan həm minimum əməkhaqqının, həm də hərbi, hüquq-mühafizə və dövlət orqanlarında, eyni zamanda, ümumtəhsil, peşə məktəblərində maaşların artımı Azərbaycanda sosial ədalətin gücləndirilməsi, əhali gəlirləri arasında fərqin azaldılması baxımından mühüm önəm daşıyır.  
Yeri gəlmişkən, burada bir anons da verə bilərəm. Artıq möhtərəm Prezident öz imzası ilə “Əmək pensiyaları haqqında” qanuna müvafiq dəyişiklik barədə layihəni Milli Məclisə göndərib. Bu, o deməkdir ki, oktyabrın 1-dən minimum pensiyaların da həcmi 160 manatdan 200 manata qədər, yəni 25 faiz artacaq. Beləliklə, cari il ərzində Azərbaycan həm pensiyaların, həm də əməkhaqlarının artımı baxımından MDB-də ilk üçlükdə lider mövqeyini qoruyacaq.
Sosial islahatlar paketindən söhbət açarkən, bir məqamı da xüsusi vurğulamağı zəruri bilirəm. Bəzən bu sahədə islahatların reallaşdırılmasına ilin əvvəlindən başlandığını deyənlərə rast gəlinir. Bu fikir doğru deyil. Biz bu yolla  mərhələlərlə irəliləmişik. Prezident İlham Əliyevin hakimiyyəti illərində sosial siyasət həmişə öndə olub. Yəni iqtisadiyyatın imkanları genişləndikcə, büdcənin gəlirləri artdıqca sosial layihələr də uğurla həyata keçirilib. Burada qeyri-adi heç nə yoxdur.
Hamıya məlumdur ki, 2015-ci Azərbaycan iqtisadiyyatı ciddi xarici şoklarla qarşılaşdı. Neft qiymətləri kəskin şəkildə aşağı düşdü, devalvasiya yarandı. Eyni zamanda, xarici ticarət partnyorlarımızda, xüsusən Rusiya və Qazaxıstanda resessiyalar baş verdi. Ona görə də 2016-cı ildə iqtisadi böhranla üzləşildi. Amma Prezident İlham Əliyevin rəhbərliyi ilə ayrı-ayrı sahələr üzrə strateji yol xəritələri tərtib edildi, onların həyata keçirilməsinə başlanıldı. Beləliklə, böhranın qarşısı alındı, 2017-ci il sabitləşmə ili oldu, həmin ilin son rübündən etibarən isə iqtisadi artım nəzərə çarpdı. Növbəti ildə 1,4 faiz artım əldə edildi. 2019-cu ildə isə artıq iqtisadi artımın yüksək səviyyəsi qeydə alındı. Beləliklə, göründüyü kimi, sosial layihələrin reallaşdırılmasına əlverişli imkan yarandı. 
Cənab Prezident ötən il aprelin 11-də Azərbaycan xalqının etimadını qazanaraq yenidən dövlət başçısı seçilərkən verdiyi əsas vədlərdən biri də sosial rifah layihələrinin həyata keçiriləcəyindən ibarət idi. Təsadüfi deyil ki, möhtərəm İlham Əliyevin o vaxt imzaladığı ilk sərəncam da şəhid ailələrinə veriləcək müavinətlərlə bağlı idi. 
Bütün bunları ona görə xatırladıram ki, ölkə iqtisadiyyatının inkişafı ilə bağlı gəlirlərin artması sosial rifahın yaxşılaşmasına səbəb olan layihələrin gerçəkləşdirilməsini şərtləndirib. Ona görə də sosial islahatlar paketinin mərhələ-mərhələ reallaşdırılmasında qeyri-adi bir yanaşma yoxdur. Fikrimcə, bu, tam təbii qanunauyğunluqdur. Bir az əvvəl pensiya ilə bağlı qanunun Milli Məclisə təqdim edildiyini dedim. İlin sonuna kimi digər sosial layihələrin də ictimaiyyətə açıqlanacağı nəzərdə tutulur. Onu da qeyd edim ki, gələn ilin yanvarından etibarən bütün respublika üzrə icbari tibbi sığortanın tətbiqi planlaşdırılır. 
Respublikamızda islahatlar davamlı xarakter daşıyır. Azərbaycan Respublikası Prezidentinin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks iqtisadi islahatlar digər nüfuzlu beynəlxalq reytinqlərlə yanaşı, “Doing Business 2019” hesabatının da bütün indikatorlarını əhatə edib. Aparılan islahatlar nəticəsində vətəndaşların və sahibkarların məmnunluğunun artırılması, bu sahədə şəffaflığın təmini   ilə yanaşı, müxtəlif sektorlar üzrə inzibati prosedurların sayının və xərclərin minimuma endirilməsinə, dövlət xidmətlərinin göstərilməsində keyfiyyətin daha da yüksəlməsinə nail olunub.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlar, öz növbəsində, “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Belə ki, 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi  2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.
Düşünürəm ki, cari ildə də Azərbaycanın bu statusu qorunacaq. Davamlı xarakter alan siyasi islahatların həyata keçirilməsi sosial sahənin inkişafını sürətləndirəcək.
Biz Avropanın yaxın tarixini xatırlasaq, görərik ki, bəzi ölkələrdə radikal siyasi islahatlar keçiriləndə bütün ağırlıq əhalinin üzərinə qoyulmuşdu. Azərbaycanda isə bu, əksinədir. Respublikamızda 2015-ci ildə neft qiymətləri kəskin düşdükdən sonra heç bir sosial proqram təxirə salınmayıb, yaxud dayandırılmayıb. Əksinə, sosial proqramlar genişləndirilib. İqtisadi və sosial islahatlar paralel aparılıb. 
Nəhayət, qeyd edim ki, bu ilin əvvəlindən etibarən Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar qlobal iqtisadiyyatda baş verən neqativ meyillərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini minimallaşdırmağa imkan verimişdirsə, hazırki sərəncamlar isə əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaqdır. Əməkhaqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi aktivliyin daha da artmasına və beləliklə, multiplikator effekti ilə iqtisadiyyatın digər sferalarına da öz töhfəsini verəcəkdir.

 

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV, “Xalq qəzeti”

 

24 2019 12:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə