Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın strateji maraqlarına xidmət edən nüfuzlu fond

Azərbaycanın strateji maraqlarına xidmət edən nüfuzlu fond

Neft  Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur.
Heydər ƏLİYEV 
Ümummilli lider


Azərbaycanda iqtisadi inkişafın sürətləndirilməsi nəticəsində maliyyə imkanlarının genişlənməsi sosial sahədə dövlət siyasətinin daha uğurla reallaşdırılmasını təmin edir. Hazırda sözügedən istiqamətdə islahatların ardıcıl şəkildə həyata keçirilməsi prosesində, bu, daha aydın müşahidə olunur. 

Xatırladaq ki, cari ilin ilk üç ayında respublikada 3 milyon vətəndaşın rifahına birbaşa müsbət təsir göstərən sosial xarakterli tədbirlər gerçəkləşdirilib. Dövlət başçısı islahatların əsas hədəfinin, əvvəlki dövrlərdəki kimi, Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdən, mövcud nöqsanları aradan qaldırmaqdan, vətəndaşlarda narahatlıq doğuran problemləri tamamilə gündəlikdən çıxarmaqdan, insanların rifah halını yaxşılaşdırmaqdan və daha güclü, daha qüdrətli dövlət qurmaqdan ibarət olduğunu vurğulayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son bir il ərzində biznes mühitinin əlverişliliyini daha da artırmaq üçün vergi və gömrük islahatları davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, “elektron məhkəmə”, “elektron satınalma”, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində qətiyyətli addımlar atılıb. Bütün bunların sayəsində isə əhalinin maddi-rifah halının və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə əlverişli şərait yaranıb, minimum əməkhaqqı, pensiyalar, tələbələrin təqaüdləri, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin vahid aylıq müavinətləri artırılıb.
Bu il fevralın 25-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə də ölkədə aparılan iqtisadi islahatların, şəffaflıqla bağlı görülən tədbirlərin büdcə daxilolmalarının artmasına müsbət təsiri xüsusi vurğulanıb. Elə o gün və ertəsi dövlət başçısı tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı bir sıra mühüm fərman və sərəncamlar da imzalanıb. 
Yeri gəlmişkən, ölkə rəhbəri həmin müşavirədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinin artmasının, ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasının sosialyönümlü tədbirlərin həyata keçirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, maddi rifah halının yaxşılaşdırılması istiqamətində mühüm və davamlı addımların atılmasına əlverişli imkan yaratdığını da diqqətə çatdırıb.


Dünyanın ən nüfuzlu 100 investorundan biri 


Ulu öndər Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə təsis edilmiş ARDNF ötən illər ərzində ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi ilə bağlı səmərəli fəaliyyət göstərib. Başqa sözlə, fond neft və qaz istehsalından gələn gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və ehtiyat vəsaitin toplanması vəzifəsini uğurla gerçəkləşdirməklə bərabər, respublikada makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması məqsədilə qeyri-neft sektorunun dirçəldilməsi, insanların sosial şəraitinin yaxşılaşdırılması istiqamətlərində də bir sıra mühüm təşəbbüsləri maliyyələşdirib.
ARDNF iyirmi il ərzində səmərəli işinə görə beynəlxalq səviyyədə nüfuzlu maliyyə qurumu kimi tanınıb və hazırda dünyanın 60 ən şəffaf suveren fondları siyahısında 4-cü sırada qərarlaşıb. 
Neft Fondu fəaliyyətində şəffaflığa xüsusi əhəmiyyət verdiyinə görə Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında ilk olaraq 2007-ci ilin mayında “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilib. Bununla bərabər, fond ötən ilin oktyabrında Suveren Fondlar İnstitutu (SWFI) tərəfindən hazırlanan dünyanın ən nüfuzlu 100 investoru siyahısında yer alıb və dövlət vəsaitlərinin idarəsi üzrə 10-cu sırada qərarlaşıb. 
Fond indiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsindən 140,4 milyard dollar, “Şahdəniz” yatağı üzrə qazın satışından isə 2,5 milyard dollar əldə edib. Onu da xatırladaq ki, yeni AÇG sazişinə əsasən, bu maliyyə qurumuna 2018-2025-ci illərdə 3,6 milyard dollar ödənilməsi nəzərdə tutulub. Son 2 ildə artıq bonus məbləğinin 900 milyon dolları ARDNF-in hesabına köçürülüb. 


İqtisadi inkişafa və sosial rifaha xidmət 


Fondun maliyyələşdirməsi nəticəsində 20 il ərzində bir sıra strateji əhəmiyyətli infrastruktur obyektləri istifadəyə verilib, sosialyönümlü tədbirlərin həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi reallaşıb. Prezident İlham Əliyev bununla bağlı mayın 29-da XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının açılışı mərasimində deyib: “Dövlət Neft Fondunun yaradılması və Dövlət Neft Fondunun xətti ilə ən vacib məsələlərin həlli – bu da uğurlu neft siyasətimizin nəticəsində olmuşdur. Yüzdən çox köçkün şəhərciyi Dövlət Neft Fondunun xətti ilə inşa edilmişdir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və infrastruktur layihələrinə investisiya qoyuluşu da məhz bu layihələrlə bağlıdır…”
Fond tərəfindən maliyyələşdirilən mühüm layihələrdən biri Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin tikintisi olub. Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq BTC əsas neft boru kəməri ideyasının reallaşdırılması ilə bağlı ATƏT-in 1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş sammitində bəyannamə imzalandı. Bu, layihənin gerçəkləşdirilməsi üçün hüquqi baza yaradılması demək idi. Bəyannamə, eyni zamanda, kəmərin çəkilişi üçün lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqların başlanılmasına əlverişli şərait yaratdı. BP şirkəti layihənin operatoru seçildi, kəmərin tikintisi, istismarı üçün isə “BTC Ko.” şirkəti təsis edildi. SOCAR BTC layihəsində iştirak etmək məqsədilə “AzBTC Co.” törəmə şirkətini yaratdı və iştirakçı neft şirkətlərinin konsorsiumu tərəfindən təsis olunan “BTC Company” şirkətində 25 faizlik iştirak payı əldə etdi. Bunlarla yanaşı, “AzBTC Co.” şirkəti ilə bərabər bütün digər iştirakçılar tərəfindən layihənin dəyərinin 30 faizlik hissəsinin öz vəsaitləri hesabına, qalan 70 faizlik hissəsinin isə beynəlxalq maliyyə institutlarından, ixrac kredit agentliklərindən və kommersiya banklarından cəlb edilən kreditlər hesabına maliyyələşdirilməsi ilə bağlı qərar da qəbul olundu. Azərbaycan dövləti adından “AzBTC Co.” şirkətindəki payın maliyyələşdirilməsi isə sözügedən fond tərəfindən həyata keçirildi. 
ARDNF-in 2001-ci ildən etibarən Ermənistanın hərbi təcavüzü nəticəsində acınacaqlı həyat tərzi ilə üzləşmiş qaçqın və məcburi köçkünlərimizin məskunlaşdırılması və məişət vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə ayırdığı 2,322.4 milyon manat vəsait hesabına çoxmərtəbəli binalar, fərdi yaşayış evləri, sosial-mədəni, infrastruktur və digər obyektlər tikilib. Yeri gəlmişkən, bu il ərzində məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə fondun büdcəsindən 200 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Fond Bakı şəhərinin içməli su təchizatının etibarlı olmasını təmin etmək məqsədi daşıyan “Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi” layihəsinin maliyyələşdirilməsinə 779,6 milyon manat vəsait ayırıb. Xatırladaq ki, adı çəkilən kəmər Prezident İlham Əliyevin iştirakı ilə 2010-cu il dekabrın 28-də istismara verilib. Bundan başqa, 2006-2017-ci illərdə ARDNF-dən Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsinə 1 milyard 349,1 milyon manat vəsait yönəldilib. 
Dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, ARDNF yaxın dövrdə tikintisinin başa çatdırılması nəzərdə tutulan neft-qaz emalı və neft-kimya kompleksinin də maliyyələşdirilməsində iştirak edib. Maliyyələşdirmənin 30 faizinin səhm kapitalı və 70 faizinin borc kapitalı hesabına aparılması nəzərdə tutulub. Səhm kapitalının 90 faizi ARDNF-in vəsaiti hesabına reallaşdırılıb. 
Onu da qeyd edək ki, ölkə Prezidentinin 21 fevral 2007-ci il tarixli sərəncamına uyğun olaraq, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi də ARDNF tərəfindən həyata keçirilib. Fond respublikamızın nəqliyyat-tranzit potensialına mühüm töhfə verən bu mühüm obyektin tikintisinə 748,6 milyon manat sərf edib.
Azərbaycan ölkəmizin təbii resurslarından səmərəli istifadə edərək, dünyanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayır. Cənub Qaz Dəhlizinin, onun əsas seqmentlərindən olan TANAP-ın, həmçinin “Star” neft emalı zavodunun istifadəyə verilməsi də bunun bariz ifadəsidir. 
Cənub Qaz Dəhlizinin əsas ixracatçılarının Azərbaycan, Türkmənistan və İraq olması nəzərdə tutulur. Gələcəkdə İran və Misirin də bu kəmərə qoşulacağı gözlənilir. 
ARDNF indiyədək “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının maliyyələşdirilməsinə 1,2 milyard dollar, korporativ qiymətli kağızlarının əldə edilməsinə isə 2,5 milyard dollar həcmində vəsait yönəldib. 
Ötən il oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılış mərasimi keçirilən “Star” zavodunun tikintisində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi də fond tərəfindən reallaşdırılıb. Belə ki, adı çəkilən müəssisənin qurulmasında ölkəmizin iştirakının dəstəklənməsi məqsədilə nizamnamə kapitalı 1 milyard 900 milyon dollar təşkil edən səhmdar cəmiyyət yaradılıb və onun səhmlərinin 40 faizinin maliyyələşdirilməsini ARDNF həyata keçirib. 
Son vaxtlar Xəzər dənizində işləyən şirkətlər kəşfiyyat və hasilat quyularının qazılması üçün üzən qurğuların çatışmazlığı ilə üzləşiblər. Belə qurğulara həm mövcud, həm də imzalanması planlaşdırılan Hasilatın Pay Bölgüsü sazişləri üzrə yataqların irimiqyaslı və dərin hissələrində işlənməsinə böyük ehtiyac var. Altıncı nəsil yarımbatan qazma qurğusunun tikintisinin aparılması da bu zərurətdən irəli gəlib. 2013-cü ildə ARDNF-in büdcəsi hesabına maliyyələşdirilməsi qərara alınan həmin üzən qazma qurğusunun tikintisi məqsədilə 10 faiz Dövlət Neft Şirkətinə, 90 faiz “Kaspian Drillinq Kompany limited” MMC-yə (“KDK” MMC) məxsus “Socar Rig Assets” MMC yaradılıb. ARDNF ilə “KDK” MMC arasında 2013-cü il iyulun 5-də imzalanmış nizamnamə paylarının alqı-satqısı müqaviləsinə əsasən, “Socar Rig Assets” MMC-nin 90 faizlik payı üzərində sahiblik hüququ ARDNF-ə keçib. 
Layihə büdcəsinin maksimum həddi 1 116,7 milyon dollar (1 005 milyon dolları – ARDNF-in payıdır) təşkil edib. Ümumi olaraq ARDNF layihəyə 904,6 milyon dollar vəsait ayırıb və tikinti 2018-ci ilin fevral ayında yekunlaşıb. 
Yuxarıda qeyd edilən layihələrlə bərabər, fondun 2006-cı il büdcəsindən dövlət başçısının müvafiq sərəncamları ilə yaradılan Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının formalaşdırılmasına 90 milyon manat yönəldilib. 
ARDNF-in maliyyələşdirdiyi layihələr sırasında 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı da mühüm yer tutur. Təbii ki, bir qəzet yazısında ARDNF-in iştirakı ilə ərsəyə gəlmiş bütün layihələr haqqında danışmaq mümkün deyil. Bu barədə cildlərlə kitab yazmaq olar. Biz fondun genişmiqyaslı fəaliyyətinin sadəcə müəyyən detalları haqqında oxuculara məlumat verməyi özümüzə borc bildik. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Yazı ARDNF-in yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda keçirilən müsabiqəyə təqdim olunur

 

 

24 2019 12:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə