Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyevin dövlətçilik və liderlik missiyasına yeni elmi baxış

Yeni nəşrlər

Heydər Əliyevin dövlətçilik və liderlik missiyasına yeni elmi baxış

Ümumən formalaşmış qənaətə görə, dahilər haqqında yazmaq, daha dəqiq desək, yeni nə isə yazmaq çətindir. Ona görə ki, dahilik zirvəsində yer tutanlar bəşəriyyətə, konkret dövlətlərə örnək olacaq missiyanın daşıyıcısı kimi daim diqqət mərkəzində olurlar. Onların dahilik məqamına ucalan “həyat düsturuna” dönə-dönə müraciət edilir. Yalnız öz xalqına deyil, dünyaya irs qoyub getdiyi zəngin fəaliyyəti və xidməti müxtəlif elmlərin təhlil predmetinə çevrilir. Bu baxımdan, Azərbaycan xalqının dünyaya bəxş etdiyi dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevlə bağlı mövzudan yeni kontekstdə söz açmaq, tədqiqatçı və alimdən böyük məsuliyyət və zəhmətlə yanaşı, həm də, elmi cəsarət tələb edir. Bununla yanaşı, dahi lider fenomeninin dərkinə edilən cəhdlər nəinki olduqca vacibdir, hətta özünü bu işə hazır bilən hər bir alimin şərəf borcudur.

 Bu yaxınlarda müstəqil Azərbaycan Respublikasının memarı, dünya miqyaslı siyasi düha, adı ölkəmizin rəmzinə çevrilən ən böyük azərbaycanlı–Heydər Əliyev haqqında yeni kitab-monoqrafiya ərsəyə gəlmişdir. Müəllif – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutunun multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Xatirə Quliyeva zəhmətkeşliyi ilə yanaşı, eyni zamanda, özünün alim məsuliyyətinin və elmi cəsarətinin dəlaləti kimi “Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat” monoqrafiyasını oxucu mühakiməsinə təqdim etmişdir.
Dörd fəsil, doqquz yarımfəsil və on səkkiz bölmədən ibarət olan kitabın səhifələrini vərəqlədikcə, yeni məqamlar, suveren Azərbaycan dövlətinin yaradıcısı, ulu öndərin indiyə qədər ayrıca təhlil predmeti olmayan – mənəviyyat idealı və lideri, vətəndaş missiyası siyasi əxlaqın, bəşəri siyasi fəlsəfənin örnəyi kimi portreti, mənəvi tərcümeyi halı – göz önündə canlanır.
 “Giriş” hissəsində müəllif cahanşümul şəxsiyyətin – Heydər Əliyevin yeni aspektdə qələmə almaq məsuliyyətini əbədi aktual edən amillər barədə fikrini bölüşür. İnsanlığın zərrə-zərrə yaratdığı bəşəri dəyərləri mübahisə altına alan “postmodernizm kabusu”nun təzahürlərinə, etikanın özünün diametral əks “surətinə” çevrilən “antietika” paradiqmasını əvəz etməyə iddialı olmasına diqqəti cəlb edir. Postmodern aksiologiyanın “dəyərlər kosmosunda” bir hərc-mərcliyin baş verməsinə dair arqumentlərlə fikrini əsaslandırır.
Əxlaqa, mənəviyyata məhz belə bir paradoksal mövqelərin, ifrat nisbi (relyativist) yanaşmaların baş alıb getdiyi bir zamanda, müəllifi bu mövzunu tədqiqat predmeti seçməyə sövq edən, ilhamlandıran qüvvənin – ümummilli lider fenomeni,onun həyat və fəaliyyətinin dörd onilliyi boyu əxlaq örnəyi kimi gerçəkləşdirdiyi missiyanın olmasını dilə gətirir.
 Monoqrafiyanın birinci fəslində – ­“Milli dövlət, vətəndaş və əxlaqın qarşılıqlı münasibətlər tarixi”nə nəzər salınır. Problemin qoyuluşu və həlli ilə oxucunu tanış edən müəllif fəlsəfi dühaların, tarixi şəxsiyyətlərin, siyasətçilərin bu mövzuya münasibətdə ümumi və fərqli mövqelərini, tarixi xidmətlərini göz önünə gətirir.
 Müəllif siyasi fəlsəfə və siyasi əxlaq paradiqmalarının təşəkkül və təkamülünə tarixi ekskurs edir, müasir dinamikasını izləyir. Müasir qloballaşma mərhələsi – siyasət, milli ideya və əxlaq kontekstində, milli ideyanın siyasi tərəqqi və böhran (tənəzzül) hadisəsində əsas rolu kimi aktual mövzular araşdırılmış, mövcud baxışlara müəllifin münasibəti ortaya qoyulmuşdur.
Buradan məlum olur ki, dövri qədimdən “əxlaq” fəlsəfənin təhlil predmetini, “dövlət-vətəndaş-əxlaq” mövzusu isə ictimai-humanitar elmlərin bütöv bir spektrinin araşdırma mövzusunu təşkil etmişdir. Dünya qədər qədim olan əxlaq fenomenin, mifologiya və ədəbiyyatda əksini tapmaqla yanaşı, fəlsəfənin sezdiyi və ilk dəfə rasional-elmi yolla dərkinə cəhd etdiyi-əbədi xeyir-şər problemi ilə gün işığına çıxarılmışdır. Sitat: “Yunan sözü olub “mənəviyyat” mənasını ifadə edən “əxlaq” termini şərqli-qərbli çox sayda mütəfəkkirin izahı, təhlili, “tənqidi” ilə əbədiyaşarılıq qazanmışdır.”
Müəllif əxlaqi-aksioloji anlayışların ilk dəfə Aristotel tərəfindən sistemləşdirildiyini, ilk əxlaq təlimlərindən birini yaratdığını vurğulayır. 
Kitabın əhatəmizdə mövcud olan qlobal etik, ictimai-siyasi reallığa nəzər salınan birinci fəslində, müasir qloballaşma mərhələsində siyasət, milli ideya və əxlaq kontekstində, milli ideyanın siyasi tərəqqi və böhran (tənəzzül) hadisəsi kimi araşdırıldığı bölmələrdə hazırda əksər ölkələrdə dövlət-vətəndaş münasibətlərində yaşanan böhranın, bəşəriyyəti hədələyən qlobal çağırışa və hətta təhdidə çevrilməsi diqqətə çəkilir. 
 Birinci fəslin ilk üç bölməsi ilə tanışlıqdan sonra, müəllifin oxucuya ünvanladığı bir çox suallar aşkar sezilir: Əxlaq “daşlaşmış kanon, doğma” yoxsa həyatımızı, indiki uğurumuzu və gələcək taleyimizi müəyyən edən tarixyüklü dinamik fenomendir? Əxlaq mücərrəd nəzəriyyədir, yoxsa yolgöstərən təcrübə? “Əxlaq kodeksləri” və onlara qeyd-şərtsiz riayət edilməsinin mütləq şəkildə tələb olunduğu dövrlər daha düzgün idimi, yoxsa?.. İnnovasiyaların saniyələr boyu sürətlə artdığı bir dövrdə əxlaqın geriləmə sürəti, əks mütənasibliyi nə vəd edir?..
Kifayət qədər həcmli sayılan kitabda yer alan bütün fəsil və yarımfəsillərin məzmunu barədə bir rəy çərçivəsində fikir bildirmək, şübhəsiz, qeyri-mümkündür. 
Bu baxımdan, ulu öndərin bütün səviyyələrdə örnək fəaliyyətinin o qədər də dərindən işlənməmiş aspektlərinə, müəllifin oxucuya çatdırmaq istədiyi konseptual məqamlara toxunmaq istərdik. 
Müəllifin kitabı üçün seçdiyi adın məntiqi və mənası bizim üçün bu cür aydınlaşır:
1. Milli Dövlət konsepti. – XXI yüzillikdə milli dövlət hər tərəfdən qloballaşmanın və digər inkişaf meyllərinin təsirinə və böyük təzyiqinə məruz qalır. O bunlara necə müqavimət göstərə bilər? Yaxın Şərqdə, bütün dünyada böhran və fəlakətə qərq olan dövlətlərdə, müəllifin təqdim etməyə çalışdığı “dövlət-lider-əxlaq” fenomeninin yeri və rolu nədən ibarətdir? Milli dövlətçiliyin təməlləri necə, hansı siyasi fəlsəfə ilə qoyulmalıdır ki, o, çoxşaxəli təhdidlərə davam gətirə bilsin.
2. Milli lider konsepti. Qlobal cəmiyyət, dünya birliyi bu gün aşkar “lider qıtlığı” problemini yaşayır. Yaxın və uzaq əhatəmizdə səriştəsiz liderlər və ya liderlik iddiasında olanlar öz xalqlarını fəlakətə düçar edir, dövlətini sonu görünməyən xaoslara qərq edirlər. Zəif dövlətlərin lider ola bilməyən başçıları dünyanın “başının bəlasına”, inkişafın ən böyük maneəsinə çevrilib. Son 20 ildə Azərbaycanla eyni siyasi transformasiyalardan keçən, mürəkkəb dövrlərdə dövlətini inkişaf etdirə bilən, dünyaya tanıdan liderlər çoxmu olub? Dövlət başçıları hansı siyasi əxlaq və fəlsəfənin daşıyıcısı olmalıdır ki, milli lider məqamına yüksələ bilsinlər?
3. Vətəndaş-əxlaq ideyası. Müəllifin təklif etdiyi söz birləşməsi-termin kimi, nəyə işarə edir? Milli liderliyin mahiyyəti – vətəndaşlarına (xalqına) rifah, nicat və firavan yüksəliş yolunu göstərən, həmin yolla mənzilbaşına – suverenliyə qovuşduran şəxsiyyətlər deməkdir. Xatırlatmaq istərdik ki, əxlaqa verilən təriflərdən biri də belə səslənir: “əxlaq-insanlari ali – ülvi birliyə, vəhdət idealına yönləndirən,qarşılıqlı həmrəylik, barış, xeyirxahlıq və s.əməllərdə təzahür edən dəyərlər və imperativlər sistemidir”. Əxlaqın mahiyyəti, idealı vəhdət təfəkkürü, əxlaqi imperativin mahiyyəti – “özünə rəva görmədiyini, başqasına da rəva görməmək”dir. 
Monoqrafiyanı dörd fəslindən üçündə, ən böyük Azərbaycanlı, hər birimizin vətəndaşlıq idealı olan Heydər Əliyevin misilsiz irsi nümunəsində kitabın ana xətti, başlıca qayəsi real faktoloji materiallar əsasında tədqiq edilir. Bu materiallar oxucuya geniş və əhatəli görünsə də, əslində, ulu öndərin Azərbaycana xidmətlərinin çox kiçik bir qismidir. Digər tərəfdən, onun nəhəng fəaliyyətinin “dövlət-lider-vətəndaş-əxlaq” ideyası prizmasında nəzəri ümumiləşdirilməsi, faydalı metodoloji yanaşma kimi yeni baxış bucağını təqdim edir. Bu yanaşma müəllifin – ümummilli liderin dəst-xətti ilə reallaşdırılan “dövlət-lider-vətəndaş-əxlaq ideyasının, mürəkkəb qarşılıqlı münasibətlər modelinin istər lokal, istərsə də qlobal miqyasda, ölkələr üçün örnək nümunə kimi tətbiq edilməsinin zəruriliyi müddəasına gətirib çıxarır. 
Kitabda, 1993-cü ildə, vətəndaş qarşıdurmasına sürüklənən Azərbaycanın, əsrin əvvəlindəki acı taleyini təkrarlamaq təhdidi ilə üz-üzə durmasından bəhs edilir. Bircə çağırışı ilə bütün xalqın ayağa durması, aşıb-daşan kütlə selinin öz lideri ətrafında sıx birləşərək vətəndaşa, milli gücə və birliyə çevrilməsinə nail olan Heydər Əliyevin əxlaq fenomeninin ən böyük missiyasını- “lider- vətəndaş-əxlaq” ideyasının gerçəkləşməsini təmin etdi. 
Müəllif çox az liderlərə nəsib olan Ana Qanunun yazılmasına rəhbərlik edən Heydər Əliyevin vətəndaş-əxlaq ideyasını konstitutsional dəyərlərə həkk edən siyasətinə bir çox bölmələr həsr etmişdir. Milli dövlət quruculuğu, Konstitutsiya hüququ, vətəndaş cəmiyyəti, praktik quruculuq, müdrik lider amili, peşəkar siyasətçi, xarizmalı lider-qeyri-adi siyasi təsir qüvvəsi... kimi mövzulara müəllifin baxış bucağından nəzər salınır.
 Ümumiyyətlə, kitabın bütün bölmələrində müəllifin müqayisəli təhlil tərzini seçməsi kitabı fərqləndirən gərəkli məqamlardan sayılmalıdır. Bu, həm bəhs edilən nəzəriyyə və təlimlərin günümüzlə səsləşən müddəalarına diqqəti cəlb etmək, həm də, onların ilk baxışda çətin sezilən, bir-birindən fərqli olan cəhətlərini çox yığcam şəkildə yaddaşa həkk etmək baxımından önəmlidir.
Kitabın son iki fəsli tarixi həqiqət və konkret faktlar əsasında ulu öndərin daxili və xarici siyasətində, beynəlxalq münasibətlərdə, sosial-iqtisadi, hüquqi, mədəni və mənəvi məsələlərdə, qadın və gənclər siyasətində müəllif konsepsiyasının tətbiqi və izlənilməsi əsasında xüsusiyyətlərinin aşkara çıxarılmasına həsr edilmişdir. Heydər Əliyevin azərbaycançılıq ideyasını mənəvi mirasdan sivil-modern siyasətə, milli-siyasi ideologiya səviyyəsinə, polietnik və çoxkonfessiyalı dövlətin birgəyaşam tərzi kimi reallaşdırmasına necə nail olmasına diqqət cəlb edilir. 
Ümummilli lider Heydər Əliyevin məhz vətəndaşı olduğu dövlətinə xidmət missiyası özünün cahanşümul bəhrəsini verdi. Ən yeni tariximizdə ilk dəfə özünü “suveren Azərbaycanın vətəndaşı” adlandıra biləcək azərbaycanlıların nəsli yarandı və əbədi ənənəyə çevrildi. Təsadüfi deyil ki, ulu öndər Azərbaycanın Milli qəhrəmanları və Vətənimizin azadlığı uğrunda şəhidlərin ailə üzvləri ilə görüşdəki çıxışında demişdir: “Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. “
Müəllif kitabın “İnamın təsdiqi” adlanan son bölməsində Heydər Əliyev siyasətinin bütün səviyyələrdə, o cümlədən, onun vətəndaş-əxlaq ideyasının qalibiyyətlə davam etdirilməsində, dövlət başçısı, Prezident İlham Əliyevin missiyasından söz açır. İlk andiçmə mərasimində “Hər bir vətəndaşın prezidenti olacağam” bəyanatını verən dövlət başçısının quruculuq strategiyasının ana xəttinin - “Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, hər şey Azərbaycan vətəndaşı üçün edilir.” – kimi aforizmə çevrilən, ulu öndər inamını reallaşdırılan siyasi kursun təntənəsinə nəzərləri cəlb edir.
 Monoqrafiya ilə tanışlıqdan doğan daha bir təəssüratla bölüşmək istərdik. Fəlsəfə üzrə elmlər doktoru Xatirə Quliyevanın “Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat” adlı kitabı, etika sahəsində formalaşan yeni elmi istiqamət – tətbiqi etika yönündə ilk tədqiqat hesab edilə bilər. Etika elminin “Vətəndaşlıq etikası”( “An Ethic of Citizenship”, “Этикa гражданственности”) adlanan bu yeni sahəsi son illərdə geniş tədqiq edilir. 
Onun ideya müəllifi, İspaniyanın Navarra Universitetinin alimi, tədqiqatçı Devid Sander hesab edilir. Son illərdə multikultural cəmiyyətlərin problemlərinin artması fonunda bu sahənin yaranmasına zərurət görən müəllif, XXI əsrdə vətəndaşlıq etikasının siyasi fəlsəfə, siyasi mədəniyyət və vətəndaş əxlaqı ilə sıx bağlı olması qənaətini irəli sürmüşdür. 
Ümumilikdə, bu sahəni tədqiq edən alimlər – “vətəndaşlıq və ləyaqətli əxlaqi həyat yaşamağın” yeni modelini təqdim etməyə səy göstərirlər. Milli, dini, mədəni kimliklə yanaşı, yaşadığı, vətəndaşı olduğu ölkəyə sayğı etikasında ifadə olunan “vətəndaş kimliyi” konsepsiyasının mahiyyətini müəyyən etməyə çalışırlar. XXI əsrdə qloballaşma və multikulturalizmin mürəkkəb münasibətləri reallığında “dövlət-vətəndaş” münasibətləri necə olmalıdır suallarına cavablar arayırlar.
Xatirə Quliyevanın monoqrafiyası bu suallara Azərbaycan məkanından verilən cavab, “Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat”nın mükəmməl modelinin təqdimatı hesab edilə bilər.
 Bütövlükdə kitab, dövlət-lider-vətəndaş-əxlaq münasibətlərinin tədqiqinə bir töhfə olmaqla yanaşı, dahi öndərə ictimaiyyətşünas alim borcunun ifadəsi, ziyalı zəhmətinin ifadəsi, nümunəsidir. Məlumdur ki, bir çox mütəfəkkirlərin, dahi şəxsiyyətlərin memuar, avtobioqrafiya yazmaq imkanları olduğu halda, Heydər Əliyevin fədakar həyat və fəaliyyət tempi ona belə bir imkanı verməyib.
 Müəllifin özünün qeyd etdiyinə görə bu onun sayca 7-ci monoqrafiyasıdır. “Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat” əsəri akademik üslubla yanaşı, elmi-pubilisistik dillə yazılan azsaylı elmi tədqiqatlardandır . Məzmun zənginliyi, cəlbedici üslub tərzi ilə fərqlənən kitab bir çox elmlərarası (interdissiplinar, multidissiplinar) problemlərə toxunması baxımından da aktual hesab edilə bilər.
Kitabın yaddaqalan məqamlarından biri də müəllifin Heydər Əliyevin həyat və fəaliyyətinin, həm də müstəqillik tarixində Azərbaycanın dövlətçilik, siyasi mədəniyyət və əxlaq fəlsəfəsinin, mənəviyyatımızın inkişaf və təkamül yolunun haradan haraya qədər gəlməsini göz önündə canlandırmasıdır.
Fəlsəfə üzrə elmlər doktoru X.Quliyevanın özünün alim zəhməti, tükənməz tədqiqatçı enerjisi və deyərdik ki, “titanik səyləri” hesabına ərsəyə gətirdiyi “Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat” monoqrafiyasının ulu öndərin şəxsiyyətinə yeni rakursdan yanaşan zəngin mənbə kimi, yaddaşlarda və elmi mənbələrdə layiqli yerini tutacağına əminliklə, müəllifə yeni yaradıcılıq uğurları arzu edirik.

 

Tahirə Allahyarova, 
professor 

 

 

24 2019 12:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə