Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

HƏDƏF BELƏDİR: 60 min ton Zərdab taxılı

HƏDƏF BELƏDİR: 60 min ton Zərdab taxılı

Zərdab baramaçıları bu il də öz ənənələrinə sadiq qaldılar. Onlar respublika üzrə ən yüksək nəticələr əldə etmiş, bu günə kimi qəbul məntəqələrinə 65 tondan çox yaş barama təhvil vermişlər. Rayonun elə kümçüləri var ki qısa müddət ərzində 2-2,5 min manat gəlir əldə etmişlər. Heç də təsadüfi deyildir ki, zərdablı gənclər belə əlverişli şəraitə, gündəlik diqqət və qayğıya, sahənin daha sürətli inkişafına yönəlmiş konkret tədbirlərə, qəbul edilmiş dövlət proqramlarına görə ölkə Prezidenti İlham Əliyevə sonsuz təşəkkür və minnətdarlıqlarını bildirirlər.
Təsərrüfatın daha bir strateji sahəsi olan taxılçılıqda da zərdablılar son illər öz layiqli töhfələrini verirlər. Belə ki, həm ümumi məhsul istehsalı, həm də hər hektarın məhsuldarlığı artan sürətlə gedir. Biz bu günlərdə rayonda olarkən bir daha bunun şahidi olduq. 
Əvvəlcə onu qeyd edək ki, sarı kəhrəba ustaları cari ildə 18 min 715 hektarda məhsul yetişdirmişlər ki, bunun da 12 min 986 hektarı buğda, 5 min 729 hektarı arpadır. Hazırda arpa biçini başa çatdırılmış, ümumi məhsuldarlıq isə 31 sentner olmuşdur. Məhsul yığımı ilə əlaqədar olaraq Zərdab Rayon İcra Hakimiyyəti yanında yaradılmış qərargahdan aldığımız məlumata görə, biçində Çallı, Alcanlı, Körpükənd, Bəyimli, Şıxbağı kəndlərinin fermerləri daha yüksək nəticələr əldə etmişlər.
Belə qabaqcıl fermerlərdən birinin sorağı ilə Pərvanlı kəndinə gəldik. Məlum oldu ki, Əşrəf Mahmudovun rəhbərlik etdiyi təsərrüfat artıq neçə illərdir ki, toxumçuluq üzrə ixtisaslaşıb. Ona görə də burada əsas diqqət hər hektarın məhsuldarlığının yüksəlməsinə yönəldilib. Özü bu barədə danışarkən dedi:
– Çoxları belə hesab edir ki, Zərdab torpağı bitkiçilik üçün o qədər də yararlı deyil, şorandır və s. Mən, əlbəttə, belə fikirlərlə razılaşa bilmərəm. Ona görə ki, hər şey torpağa qulluqdan, aqrotexniki tədbirlərə vaxtında və keyfiyyətlə əməl etməkdən, can yandırmaqdan asılıdır. Elə bizim fermer təsərrüfatının nümunəsi buna gözəl misaldır. Biz bu il 150 hektarda bol taxıl yetişdirmişik. Hazırda ümumi sahənin, demək olar ki, 70 faizində biçini başa çatdırmışıq. Hər hektarın məhsuldarlığı isə hələlik 35 sentnerdir. Havalar biçin üçün olduqca əlverişli keçir. İşçi qüvvəsi, maşın-mexanizm sıradan da heç bir çətinliyimiz yoxdur. Təxmini hesablamalarımıza görə biçini yaxın 7-8 günə başa çatdıracağıq. 
Anar Kərimovun başçılıq etdiyi fermer təsərrüfatı isə Bəyimli qəsəbəsi ərazisində 200 hektarda bol taxıl yetişdirmişdir. Əsas cəhət odur ki, burada ərazinin genişliyi ilə bərabər, məhsuldarlıq da diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, onlar artıq neçə ildir ki, dalbadal rayon üzrə yüksək məhsuldarlığa nail olurlar. Qabaqcıl fermer builki işlərindən danışarkən bildirdi:
– Artıq son hektarlarda biçin aparırıq. Məhsuldarlıq gözlədiyimiz kimidir – hər hektardan 35 sentner. Ümumiyyətlə, bu il kəndli dili ilə desək, əsl taxıl ilidir. Nə səpin, nə becərmə, nə də biçin günlərində elə bir ciddi çətinliyimiz olmayıb. Əsas məqsədimiz gərgin zəhmət hesabına yetişdirdiyimiz taxılı tez və itkisiz toplamaqdır. Ona görə ki, biz kənd adamlarının dolanışığı, gün-güzəranı əldə etdiyimiz məhsuldan asılıdır. Bu gün kənddə yaşayan hər hansı bir adamın gileylənməyə haqqı yoxdur. Torpaq sahəm var, suyum, gübrəm var. Nə əkərsən, nə biçərsən özün bilərsən. Deməli, yaşayışın gəlirin sənin öz əlindədir. Yeri gəlmişkən, mən kənd adamlarının adından bizə belə gözəl şərait yaratdığına görə ölkə Prezidenti İlham Əliyevə öz dərin təşəkkürümüzü bildirirəm.
Biz “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi Regional nümayəndəliyinin Zərdab rayon bölməsinin rəisi Həmzə İsayevlə də görüşdük. Aydındır ki, biçinin sürəti kombaynların, digər maşın-mexanizmin mövsümə nə dərəcədə hazır olmalarından çox asılıdır:
– Hər gün zəmilərə 28 kombayn çıxarılır. H.İsayev işlərin gedişi barədə məlumat verərək bildirdi. – Başqa sözlə desək, bu, bizə imkan verir ki, biçini gecikmədən başa vura bilək. Fermerlər, kənd sakinləri tərəfindən hər hansı narazılıq qeydə alınmayıb. Ona görə ki, harada, hansı sahədə biçinə daha çox ehtiyac varsa kombaynları məhz ora göndəririk.
Biz rayonun Qoşaoba, Şıxbağı, Məlikli, Şahhüseynli kəndlərində də olduq, taxıl biçininin gedişi ilə maraqlandıq. Fermerlərlə, kənd adamları ilə iş üstündə görüşüb söhbət etdik. Hər yerdə də böyük mütəşəkkilliyin, yerlərdə işin düzgün təşkil edildiyinin şahidi olduq.
Rayon icra hakimiyyəti yanında məhsul yığımı ilə əlaqədar olaraq yaradılmış operativ qərargah biçinin gedişinə ciddi nəzarət edir, gündəlik nəticələr təhlil edilir, meydana çıxan çətinliklər gecikmədən öz həllini tapır. Bu isə heç şübhəsiz ki, biçinin sürətinə təsir edir, bütün sahələrdə intizam və  tələbkarlığı artırır.
60 min ton Zərdab taxılı. Hədəf belədir. Gördüklərimizə, şahidi olduqlarımıza əsaslanıb deyə bilərik ki, yaxın günlərdə nəzərdə tutulmuş hədəf artıqlaması ilə gerçəkləşdiriləcək.

 

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

24 2019 12:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə