Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeddinci muğam müsabiqəsi ölkəmizin həyatında mühüm hadisəyə çevrildi

Yeddinci muğam müsabiqəsi ölkəmizin həyatında mühüm hadisəyə çevrildi

Mədəniyyət hər bir xalqın, millətin ictimai inkişafını müəyyən edən və nümayiş etdirən ən mühüm amillərdən biridir. Əsrlər boyu yaradılan və ümumbəşəri nümunələrə çevrilən çoxşaxəli milli-mədəni xəzinəmizin ən qiymətli incilərindən biri də muğamdır.

Azərbaycan muğamatı müsəlman Şərqinin bütün ölkələrinə yayılmışdır. Təsadüfi deyildir ki, muğam UNESCO-nun qeyri-maddi milli-mədəni dəyərlər siyahısına daxil edilmişdir. Bu sahədə ölkəmizin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük xidmətlərini şükranlıqla qeyd etmək lazımdır. Onun təşəbbüsü ilə keçirilən muğam müsabiqələri buna ən bariz nümunədir. Bu il 7-ci dəfə keçirilən müsabiqələrin iştirakçıları və qalibləri sırasında artıq geniş şöhrət qazanmış, fəxri adlara layiq görülmüş, hətta pedaqoq kimi fəaliyyət göstərən mütəxəssis-ifaçılar vardır. Builki müsabiqə də istisna olmadı.
Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin yaxından iştirakı, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən 7-ci muğam müsabiqəsinə ölkəmizin demək olar ki, bütün bölgələrindən, həmçinin, İranın Şərqi Azərbaycan və Ərdəbil vilayətlərindən gənc istedadlar cəlb edilmişdi. Onların təqdim etdikləri ifalara ciddi, obyektiv, Azərbaycanın sərhədlərindən kənarda da şöhrət tapmış, öz işini dərindən bilən mütəxəssislərdən ibarət münsiflər heyəti qiymət verirdi:
Xalq artisti Əlibaba Məmmədov-bu təkrarsız xanəndə və muğam bilicisini təqdim etmək üçün ikicə kəlmə kifayətdir – Əlibaba Məmmədov.
Xalq artisti Arif Babayev – Azərbaycanın muğam ifaçılığı sahəsində ən nadir səs sahiblərindən biri.
Xalq artisti Səkinə İsmayılova – Akademik Opera və Balet Teatrının səhnəsində əksər muğam operalarında aparıcı partiyaları ifa etmişdir.
Xalq artisti Mələkxanım Əyyubova – Azərbaycanın qadın muğam ifaçıları üçün məhək daşı rolunu oynayan Leyli obrazını yaratmış, C.Qaryağdıoğlu adına məşhur üçlüyün solisti olmuş, dünyanın bütün qitələrində Azərbaycan muğamını ifa və təbliğ etmişdir.
Xalq artisti Mənsim İbrahimov – Müsabiqə boyu respublikamızın, xalqımızın həyatında elə bir diqqətəşayan hadisə olmayıb ki, bu geniş erudisiyaya malik xanəndə-pedaqoq ona öz münasibətini bildirməsin. 
Əməkdar incəsənət xadimi Sərdar Fərəcov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi. Xalqımızın qəhrəmanlıq tarixinə həsr olunmuş “Cavad Xan” adlı ilk baletin müəllifi. İstər Azərbaycan muğam yaradıcılığını, istərsə də klassik Avropa və dünya musiqisini eyni dərəcədə yüksək səviyyədə bilən musiqi xadimi.
Muğam Televiziya müsabiqəsi layihəsinin icraçısı İlqar Fəhmi –Klassik Azərbaycan ədəbiyyatının, xüsusən qəzəl janrının mahir bilicisi. Şair-yazıçı.
Adlarını çəkdiyimiz bu münsiflər heyəti üzvlərinin hər biri müsabiqə iştirakçılarının ifalarında ən kiçik nöqsan və qüsurları belə təmkinlə, hövsələ ilə əsl müəllim qayğıkeşliyi ilə nəzərə çarpdırır, onların islah edilməsi üçün möhkəm əsas, özül yaratmağa çalışırdılar. Bu, bir çox hallarda öz bəhrəsini verirdi.
Daha bir “münsiflər heyətinin” müsabiqənin gedişinə böyük maraq və istiqanlılıqla münasibət bəsləməsini göstərmək istərdim: Dünyanın bütün qitələrində məskunlaşmış soydaşlarımızdan alınan çox saylı məktublar vətənimizin paytaxtında keçirilən muğam müsabiqələrinə əsl milli münasibətin coğrafiyasının ümumdünya miqyasından xəbər verirdi.
Müsabiqə iştirakçılarını müşayiət edən ansamblın yüksək peşəkar səviyyəsini də xüsusi qeyd etmək istərdim.
Müsabiqənin uğurlu gedişatında aparıcıların – Nurlana Cəfərovanın və Emil Şahzadənin də rolunu qeyd etmək lazımdır.
Respublikamızın ictimai – siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə gündən-günə artan yüksəlişini təsvir və tərənnüm edən, hər bir müsabiqə günü üçün ayrıca yazılan mətnlərin müəllifi Əsəd Məmmədovun hazırladığı yazılar böyük təbliğat və təşviqat mahiyyəti ilə seçilir və tamaşaçıların qəlbində dərin izlər buraxdı.

 

Hacı Rafiq,
“Vahid” ədəbi məclisinin sədri

 

24 2019 12:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə