Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sindzo Abe: Rusiya ilə danışıqlarda tərəqqiyə ümid edirik

Sindzo Abe: Rusiya ilə danışıqlarda tərəqqiyə ümid edirik

Yaponiyanın Baş naziri Sindzo Abe ümid edir ki, Rusiya Prezidenti Vladimir Putinlə qarşıdakı görüşdə ikitərəfli sülh müqaviləsi ilə bağlı tərəqqiyə nail olunacaq. Bu barədə Baş nazir Yaponiya telekanallarından birinə müsahibəsində bəyan edib. Məlumatı TASS verib. 
Abe Putinlə iyunun 28-29-da Osakada keçiriləcək “Böyük iyirmilik” sammitində görüşməyi planlaşdırır: “Ümid edirəm ki, bizim Prezident Putinlə danışıqlarımızda tərəqqi olacaq”. 
Onun sözlərinə görə, danışıqlar zamanı Rusiyanın əsas narahatlığı Yaponiya-ABŞ hərbi əməkdaşlığının müxtəlif aspektləri və Yaponiya ərazisində ABŞ silahlı qüvvələrinin mövcudluğu ilə bağlıdır: “Biz Rusiya ilə danışıqları Yaponiya və ABŞ arasında ittifaq olduğu bir vaxtda aparırıq. Mövcud suallara cavab tapmaq istiqamətində səylərimizi davam etdirəcəyik”.
Rusiya Prezidenti Vladimir Putin isə bu günlərdə “Rusiya 1” telekanalına müsahibəsində Kuril adalarının Yaponiyaya qaytarılması ilə bağlı suala bir daha cavab verib. “İnterfaks” xəbər verir ki, Putinin cavabı belə olub: “Bizim elə bir planımız yoxdur”.
Rusiya lideri əlavə edib ki, ölkəsinin bayrağı adalar üzərindən endirilməyəcək. Bundan başqa, Putin deyib ki, rəsmi Moskva bütövlükdə Uzaq Şərqi və Cənubi Kurili inkişaf etdirmək niyyətindədir: “Bununla bağlı bütün proqramlar həyata keçiriləcək. Biz orada infrastrukturu inkişaf etdirəcəyik”.
Qeyd edək ki, Yaponiya Rusiyanın Kuril adaları üzərində suverenliyini qəbul etmir və İtupur, Kunaşir, Şikotan və Xabomai adalarının qaytarılmasını tələb edir. Rusiya isə adaların İkinci Dünya müharibəsi nəticəsində Rusiyanın tabeliyinə keçdiyini bildirir.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

24 2019 12:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə