Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qobustanda taxıl toxumçuluğuna həsr edilmiş müşavirə keçirilib

Qobustanda taxıl toxumçuluğuna həsr edilmiş müşavirə keçirilib

Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və onun strukturuna daxil olan Qobustan Bölgə Təcrübə Stansiyasının birgə təşkilatçılığı ilə Qobustan rayonunda “Dəmyə şəraitində yeni taxıl sortları, texnologiyalar və nümunəvi əkinlərin nümayişi”nə həsr edilmiş respublika müşavirəsi keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxışında cari təsərrüfat ilində biçinin gedişatı və qarşıda duran vəzifələrdən danışıb.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai taxılçılığa dair tədqiqat prioritetləri və taxıl yığımının vaxtında, itkisiz başa çatdırılması üçün qarşıda duran vəzifələrdən söz açıb. İnstitut rəhbəri taxılçılıq sahəsinin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından ölkə iqtisadiyyatında strateji sahələrindən biri olduğunu, bu sahədə qarşıda duran həlli vacib məsələlər, kənd təsərrüfatında məhsuldarlığın artırılmasında və rəqabətqabiliyyətli məhsul istehsalında elmi-tədqiqat institutlarının, Aqrar Sənaye Kompleksinin inkişafında informasiya məsləhət xidmətinin roluna dair məsələlərə toxunub.

Müzakirəyə çıxarılmış mövzularla bağlı fermerlərin sualları cavablandırıldıqdan sonra tədbir stansiyanın nümayiş sahəsində davam etdirilib.

Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirov tarlada dəmyə şəraiti üçün yaradılmış yeni rayonlaşmış və perspektiv buğda, arpa sortlarının, yeni resurs mühavizəedici innovativ texnologiyalar, nümunəvi əkinlərin üstünlükləri haqqında iştirakçılara məlumat verib. O cümlədən, əyani təcrübələr nümayiş etdirilib.

Açıq sahə nümayişində dron texnologiyasının üstünlükləri də göstərilib. Taxıl sahələrində xəstəliklərin müəyyən olunması, bitki mühafizə tədbirlərinin həyata keçirilməsi, dronlar vasitəsilə alaq otlarına qarşı mübarizə metodları fermerlərin marağına səbəb olub.

1953-cü ildən fəaliyyət göstərən Qobustan Bölgə Təcrübə Stansiyasında hər il 2000-dək yerli və xaricdən introduksiya edilən buğda və arpa sort nümunələri üzərində tədqiqatlar aparılır. İstehsal edilən yüksək reproduksiyalı 300-350 ton elit toxumlar Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında dövlət və özəl toxumçuluq təsərrüfatlarına verilir.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarının alim və mütəxəssislərilə yanaşı, bölgənin fermerləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbər və mütəxəssisləri iştirak ediblər.

 

Səməd Hüseynoğlu,
“Xalq qəzeti”nin bölgə müxbiri

24 2019 11:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə