Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu mövsüm Sabirabadda 20 məcburi köçkün ailəsi ipəkqurdu bəsləyib

Bu mövsüm Sabirabadda 20 məcburi köçkün ailəsi ipəkqurdu bəsləyib

Sabirabadda zəngilanlı məcburi köçkünlər üçün salınmış qəsəbədə ikinci ildir ki, ipəkqurdu bəslənilir. Dövlət başçısının ölkəmizdə barama istehsalının artırılması ilə bağlı verdiyi tapışırıq və tövsiyələr, imzalanan sərəncamlar uzun illər bu sahədə zəngin təcrübəsi olan zəngilanlı ipəkçilərin də ürəyincə olub.

Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Möhübbət Səmədov  bildirib ki, baramaçılıq rayonda əsas təsərrüfat sahələrindən biri olub. Rayon erməni hərbi birləşmələri tərəfindən işğal olunana qədər burada hər il 18-20 ton barama istehsal edilirdi. Rayonda ipəkqurdu becərilməsində yaxşı təcrübəsi olan kümçü çoxdur. Onlar bu gün də ipəkqurdu bəsləmək arzusundadırlar. Baramaçıların istəyini nəzərə alaraq 4 il bundan əvvəl qəsəbəyə yaxın ərazidə 5 hektar sahədə 15 min tut tingi əkilib. Ötən il 6 ailə hər biri 2 qutu (38 qram) ipəkqurdu toxumu bəsləyərək 500 kiloqram barama tədarük ediblər. Bu mövsüm isə qəsəbədə yaşayan 20 ailə ipəkqurdu bəsləyib. Bir neçə gündür ki, zəngilanlı baramaçılar bəslədikləri ipəkqurdundan əldə etdikləri məhsulun tədarükünə başlayıblar və bu günə kimi 1 ton 22 kiloqram barama təhvil verilib.

Zəngilanlı məcburi köçkün Polad Quliyev uzun illər barama istehsalı ilə məşğul olub. Bu sahədə yaxşı təcrübəsi var. “Zəngilanda yaşadığımız illərdə ailə üzvlərim ilə birgə hər il 650-700 kiloqram barama istehsal edirdik. Son illər yenidən bu sahə ilə məşğul olmağa başlamışam. Ötən il 2 qutu (38 qram) ipəkqurdu toxumundan 78 kiloqram barama istehsal etdim. Bu mövsüm isə 3 qutu ipəkqurdu toxumu götürərək bəsləmişəm və indiyədək 168 kiloqram barama tədarük etmişəm. Hesablamama görə, bundan sonra daha 8-10 kiloqram baramam olacaq”, - deyə kümçü bildirib.

P.Quliyev onu da əlavə edib ki, qəsəbədə yaşayanlar arasında ipəkqurdu bəsləmək arzusunda olan çox sakin var. Ancaq yem sarıdan bəzi çətinliklər olduğundan işə başlaya bilmirlər. Əgər bu problem həll olunarsa daha çox ailə barama istehsalı ilə məşğul ola bilər.

 

Səməd Hüseynoğlu,
“Xalq qəzeti”nin bölgə müxbiri

24 2019 11:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə