Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi

Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi

Mədəniyyət Nazirliyində struktur bölmələrin iştirakı ilə kollegiya iclası keçirildi.

İclası açıq elan edən Əbülfəs Qarayev gündəlikdə duran məsələlər barədə məlumat verdi. Bildirdi ki, gündəliyə ölkəmizdə yaradıcı və mədəniyyət sənayelərinin inkişafı istiqamətində görüləcək işlər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2016-cı il tarixli, 208 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”na əsasən, daşınar mədəniyyət sərvətlərinin qeydiyyata alınması vəziyyəti haqqında və Azərbaycan Respublikası dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, dövlət siyahısının hazırlanması, bu istiqamətdə qarşıda duran vəzifələr və görüləcək tədbirlər daxil edilib.

Sonra gündəlikdə duran birinci məsələ - Azərbaycan Respublikasında yaradıcı və mədəniyyət sənayelərinin inkişafı istiqamətində görüləcək işlərlə bağlı Mədəniyyət Nazirliyi Aparatı rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadənin məruzəsi dinlənildi. Diqqətə çatdırıldı ki, sözügedən məsələ ilk dəfədir ki, müzakirə olunur. Çünki bu istiqamətdə təkcə nazirliyin strukturunda olan idarələr deyil, sahənin bütün iştirakçıları dövlət və özəl tərəfdaşlar mədəniyyət biznesi və mədəniyyət sənayesinin formalaşmasında iştirak edir. Bu sahə müasir dövrün əsas trendlərindən biridir: “Uzun müddət biz öz fəaliyyətimizdə işin təkmilləşməsinə yönəldilmiş addımlar atmışıq. Bu gün dünyada mədəni sənaye sahəsində iş yerlərinin açılması digər sahələrdən daha çoxdur. Çünki bu sahə az sərmayə tələb edir və əhalinin bütün təbəqələrinə təsir göstərmək imkanına malikdir. Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq əlaqələr və innovasiyalar sektoru xarici ekspertlərin iştirakı ilə mədəni sənayelərin təhlilini aparıb. Təhlil hesabatı dövründə mədəniyyət sahəsində indikatorların çatışmazlığı problemləri ilə rastlaşdıq. Bu o deməkdir ki, mədəniyyət sahəsində bütün struktur, fərd və təşkilatların statistikası toplanmır. Bununla bağlı artıq bir neçə əlaqədar qurumlarla danışıqlar aparılıb. Mədəniyyət biznesinin dövlətin ümum daxili məhsulunda rolu sənədlərlə öz əksini tapmalıdır. Bu işin həlli istiqamətində Vergilər Nazirliyi ilə müvafiq iş aparılır”.

Şöbə müdiri qeyd etdi ki, mədəniyyət sənayesinin formalaşmasında digər vacib istiqamət bu sahənin brendləşdirilməsidir: “Brendləşmə nazirliyin strukturlarında kənar müəssisələrin, biznes strukturlarının vahid bir şüar altında şəbəkələşməsinə kömək edə bilər. Bunun üçün artıq kreativ Azərbaycan brendinin yaradılması istiqamətində iş gedir və loqonun ilkin variantı hazırlanıb. Bu sahədə aparılan işlər bütün sahələri əhatə edərək dərin tərəfdaşlığa yardımçı olacaq”.

Vasif Eyvazzadə Mədəniyyət Nazirliyinin ilk dəfə olaraq respublika innovasiya müsabiqəsinin tərəfdaşı seçildiyini dedi: “Bu bizə cəmiyyətdə hər bir yaradıcı fərdin təfəkkürünü və biznes ideyasını öyrənməyə imkan yaradır. Həmçinin ilk dəfə olaraq nazirlik yaradıcı sənayelər üzrə beynəlxalq “Creative Business Cup (CBC)” proqramına qoşulub. Bu, beynəlxalq proqramdır və bütün sahələri əhatə edir. Biz bu prosesdə iştirakla universitet və gənclər arasında konkret sahələr üzrə ideyaları müəyyənləşdirmək imkanı qazandıq. Bu proqrama qoşulmaqla builki milli müsabiqənin qalibi olduq və iyun ayının sonunda Kopenhagendə keçiriləcək qlobal müsabiqədə iştirak edəcəyik”.

Şöbə müdiri diqqətə çatdırdı ki, mədəniyyət sahəsində sənayeləşmə və biznes barədə əhali arasında maarifləndirmə aparılmalı və bu proseslər insanlara açıq şəkildə izah edilməlidir. Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanununda da mədəniyyət sənayesi və dövlət-özəl tərəfdaşlıq məsələsi öz əksini tapıb. Bu məsələlərlə bağlı təlimlər keçirilməlidir. Bir sıra müasir çağırışlara cavab verən bacarıqların tətbiqinə də ehtiyac duyulur. Daha sonra bu sahədə həyata keçirilən digər layihələr haqqında məlumat verildi.

Vasif Eyvazzadənin məruzəsindən sonra nazir müavini Rafiq Bayramov bu məsələ ilə bağlı fikirlərini bölüşdü.

***                                                                 

Gündəlikdə duran ikinci məsələ - Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”na əsasən daşınar mədəniyyət sərvətlərinin qeydiyyata alınması vəziyyəti haqqında Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova məruzə etdi. Bildirildi ki, mədəni sərvətlərin mühafizə siyahısına əsasən qədim əlyazmalar, nadir çap əsərləri, arxivlər, incəsənət abidələri və s. daxildir. Qeyd olunan sərvətlərin dövlət siyahısına daxil edilməsi Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir. Bu sahənin əhəmiyyəti nəzərə alınaraq 2018-ci ildə nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsi yaradılıb və şöbənin daxilində Mədəni sərvətlərə nəzarət və reyestrlər sektoru təşkil edilib. Məsələ ilə əlaqədar şöbə tərəfindən bu sahənin qanunvericilik, idarəçilik, maliyyələşmə, elmi-metodik , maddi-texniki və beynəlxalq təminat mexanizminin təkmilləşməsi istiqamətində təkliflər hazırlanıb və sahənin inkişafı üçün bir sıra layihələr həyata keçirilib. Azərbaycanın milli mədəniyyət nümunələrinə nəzarətin gücləndirilməsi, onların qeydiyyata alınması və sistemləşdirilməsi məqsədilə reyestrlər, portallar və saytlar yaradılıb. Belə portallardan biri ötən il istifadəyə verilmiş Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestrinin portalıdır. Portalda qeyri-maddi mədəni irs nümunələri haqqında zəngin məlumat bazası yaradılıb. Hazırda AMEA müvafiq institutları və nazirliyin aidiyyəti qurumlarının dəstəyi ilə portalın məlumat bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bundan əlavə, bu il rayon və şəhər Heydər Əliyev mərkəzlərinin informasiya portalı da istifadəyə verilib.

Azadə Hüseynova Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsi tərəfindən muzey əşyalarının mühafizə portalının yaradıldığını diqqətə çatdırdı. Bildirdi ki, hazırda aparıcı muzey və xatirə muzeyləri, tarix-diyarşünaslıq muzeyləri tərəfindən muzey fondlarında qorunan eksponatlar haqqında məlumatlar həmin portala daxil edilir. Portalın yenilənmiş istifadə qaydalarının izah edilməsi məqsədilə rayonlarda fəaliyyət göstərən muzeylər üçün üç mərhələdən ibarət regional idarələr tərəfindən treninqlərin təşkili nəzərdə tutulub. Bu istiqamətdə ilk treninq Qəbələ şəhərində keçiriləcək. Bundan əlavə, mədəni sərvətlərin ekspertizası, tarixi, bədii-elmi dəyərinin müəyyənləşdirilməsi və respublikadan çıxarılması üçün şəhadətnamə və icazə sənədlərinin verilməsi sahəsində elektron xidmətlərin göstəriləcəyi veb-saytın hazırlanması istiqamətində də işlər yekunlaşmaq üzrədir. Bu sayt vasitəsilə proses daha da operativ və sadə şəkildə aparılacaq.

Daha sonra şöbə müdiri daşınar mədəniyyət sərvətlərinin qeydiyyata alınması vəziyyəti haqqında məlumatı diqqətə çatdırdı. Bildirdi ki, mədəni sərvətlərin intekrativ ümumi veb-saytının hazırlanmasına zərurət var. Bununla da digər qurumlarla mədəni sərvətlərin qorunması istiqamətində əməkdaşlığın səmərəliliyini artıra bilərik.

***

Gündəlikdə duran üçüncü məsələ ilə bağlı - Azərbaycan Respublikası dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, dövlət siyahısının hazırlanması, bu istiqamətdə qarşıda duran vəzifələr və görüləcək tədbirlər haqqında nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov məruzə etdi. Bildirildi ki, Azərbaycanın çoxəsrlik mədəni və zəngin irsi dövlətimizin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev tərəfindən mədəni irsin qorunması ilə bağlı bir sıra sərəncamlar imzalanıb.

Xidmət rəisi tarixi abidələrin qorunması, inventarlaşması, pasportlaşdırılması və müasir tələblərə cavab verən məlumat bazasının yaradılması sahəsində bir sıra işlərin görüldüyünü dedi. Qeyd etdi ki, son iki ildə Bakı şəhərində Milli İncəsənət Muzeyinin binası, Şəki şəhərində tarixi abidə, Bərdə şəhərində türbə və Sınıqkörpüdə bərpa konservasiya işləri aparılıb. Dövlət başçısının sərəncamına əsasən Şabran rayonundakı Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinə başlanılıb.

Zakir Sultanov onu da diqqətə çatdırdı ki, 72 abidənin pasportlaşdırılması üzrə 110 layihənin hazırlanması planlaşdırılıb. Bunlardan 15-i işğal olunmuş ərazilərimizdəki abidələrdir. Xidmət rəisi arxeoloji irslə bağlı görülən işlər barədə də məlumat verdi.

Kollegiya iclasına yekun vuran nazir Əbülfəs Qarayev tarixi abidələrin bərpası ilə yanaşı, onların təbliğinin də vacib olduğunu vurğuladı. Nazir bu abidələrin istismara verilməsini mədəni sənayeləşmənin əsası kimi dəyərləndirdi.

Sonda nazir müzakirə olunan məsələlər və qeyd olunan problemlərlə bağlı müvafiq tapşırıqlarını verdi.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 2019 15:23 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Sentyabr 2019 | 11:27
Azərbaycan kinosu günləri
19 Sentyabr 2019 | 15:36
Muzeyin 25 illiyi qeyd olunub
18 Sentyabr 2019 | 11:34
Giriş ödənişsiz olacaq
17 Sentyabr 2019 | 12:32
Əbülfəs Qarayev Özbəkistanda

Köhnə versiyamızdan xəbərləri izlə