Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan mediası informasiya müharibəsində: görülən işlər, qarşıda duran vəzifələr

Azərbaycan mediası informasiya müharibəsində: görülən işlər, qarşıda duran vəzifələr

Azərbaycanın bu gün dünya miqyasında sürətlə inkişaf edən dövlətlərdən birinə çevrilməsi, ölkə həyatının bütün sahələrində əldə edilən yüksək göstəricilər erməni lobbisinin təsiri altında olan bəzi dairələr tərəfindən qısqanclıqla qarşılanır və respublikamıza qarşı böhtan, iftira kampaniyası aparılır. Əlbəttə, belə halda həmin qüvvələr Ermənistanın işğal siyasətinə də göz yumur, hətta bəzən açıq-aşkar düşmən dövlətin yanında dayandıqlarını da gizlətmirlər. Təbii ki, bu zaman Azərbaycan dünyada sayı getdikcə artan dost ölkələrin, səfirliklərimizin, eyni zamanda, diaspor təşkilatlarımızın gücü ilə uğurlu hücum diplomatiyası aparır və respublikamız haqqında reallıqlar dünya ictimaiyyətinə çatdırılır. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanan vaxtdan indiyədək, belə demək mümkünsə, iki ölkənin informasiya cəbhəsində və qlobal şəbəkədə təbliğat mübarizəsi aparılır. Münaqişənin ilk illərində etiraf edək ki, erməni tərəfinin bu məsələdə fəallığı daha çox nəzərə çarpırdı. O dövrün xarici mətbuatında, eləcə də Ermənistanın yerli nəşrlərində ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddialarını yalan pərdəsi altında əsaslandırmağa çalışır, həm də bu zaman ölkəmizin tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar, bilərəkdən saxtalaşdırırdılar. O vaxtkı Azərbaycan rəhbərliyinin qətiyyətsizliyindən yararlanan ermənilər yalanlarını beynəlxalq aləmə inandırmaq məqsədinə də müəyyən dərəcədə nail ola bilirdilər. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra bu sahədə vəziyyət tədricən yaxşılaşdı, informaiya müharibəsində təbliğat xeyrimizə dəyişməyə başladı. 
Dövlət başçısı İlham Əliyevin prezidentliyi dövründə isə informasiya müharibəsində üstünlüyün əldə edilməsi üçün daha əlverişli şərait yarandı. Söz və məlumat azadlığının təmin olunması, demokratik, plüralist mətbuatın formalaşması ilə bağlı ciddi addımlar atıldı. Bunun nəticəsində 5 mindən çox kütləvi informasiya vasitəsinin qeydiyyatı reallaşdı, internet saytlarının sayı 20 mini ötdü. Əhalinin 80 faizi internet istifadəçisinə çevrildi, sosial şəbəkədən istifadə edənlərin sayı isə 3 milyona çatdı. 
Onu da deyək ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən istər respublika daxilində keçirilən müxtəlif səviyyəli görüşlərdə, istərsə də xarici səfərlərdə Azərbaycanın haqq işinin dünyaya çatdırılması, ermənilərin işğalçılıq siyasəti, xalqımıza qarşı soyqırımları barədə xarici ölkələrin ictimaiyyətinə ətraflı məlumatların verilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir.
Prezident İlham Əliyev bu il fevralın 12-də “Real” televiziyasına müsahibəsində bu barədə deyib: “Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni, bizə qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırırıq və ölkə haqqında həqiqətləri çatdırırıq”. 
Gizli deyil ki, bu gün qlobal informasiya məkanında internetdən, informasiya vasitələrindən, transmilli mətbuatdan bəzən insanların informasiya ehtiyacını ödəməklə yanaşı, həm də xüsusi təxribat vasitəsi kimi istifadə edilir, ayrı-ayrı xalqlara, dövlətlərə və insanlara qarşı böhtan kampaniyası aparılır. Bu təxribatlar bəzən açıq, bəzən isə gizli şəkildə həyata keçirilir. Şübhəsiz ki, belə bir şəraitdə ölkələrin informasiya təhlükəsizliyi məsələsi də aktuallaşır. 
Qeyd etdiyimiz kimi, hazırda Azərbaycana qarşı dünyada sistemli informasiya müharibəsi aparan qüvvələr mövcuddur. Elə ölkələr var ki, orada nəinki hər həftə, hətta hər gün respublikamızla bağlı böhtan xarakterli yazılar dərc edilir, yalan informasiyalar yayılır. Təbii ki, bu, əlaqələndirilmiş bir antiazərbaycan siyasətidir. Bu işdə daha çox canfəşanlıq göstərən erməni lobbisi və onun təsir dairəsindəki qüvvələr dövlətimizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək məqsədilə informasiya portallarında, ayrı-ayrı nəşrlərdə mütəmadi olaraq Azərbaycanın milli-mədəni dəyərlərini, siyasi, sosial-iqtisadi sahələrdəki inkişafını inkar edərək, respublikamızı geridə qalmış, antidemokratik, antixristian ölkə kimi dünyaya göstərməyə çalışırlar. 
Ermənilər tərəfindən respublikamıza qarşı illərdir ki, aparılan informasiya müharibəsində işğalçı ölkənin təsiri altında olan, erməni iş adamlarının vəsaiti ilə maliyyələşən, necə deyərlər, “sapı özümüzdən olan baltalar”, daxildəki və xaricdəki antimilli ünsürlər fəallıq göstərir, mətbuat, televiziya və internet media resurslarından yararlanmaqla beynəlxalq ictimai rəydə Azərbaycanla bağlı mənfi rəy formalaşdırmaq istəyirlər. Onlar üçün əsas qayə, məqsəd nəyin bahasına olursa-olsun , ölkəni xaosa sürükləməkdir. Amma həmin məkrli dairələr bilməlidirlər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, prinsipial və qətiyyətli siyasətin əsasını xalqımızın milli maraqları təşkil edir və heç bir avantüra, qarayaxma kampaniyası, təzyiq cəhdi Azərbaycanı öz yolundan döndərmək iqtidarında deyil.
Bununla bağlı dövlətimizin başçısı Respublika Günü münasibətilə keçirilən təntənəli qəbulda bildirib: “Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir. Ölkə haqqında təhrif edilmiş, yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş vüsət alıb. Biz buna adekvat cavab verməliyik, öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq”. 
Prezident daha sonra qeyd edib ki, hücumların əksəriyyətinin arxasında erməni lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü “müxalifət” adlandıran qruplaşmalar durur. Onların hədəfi Azərbaycanı ləkələmək, ölkəmiz haqqında təhrif edilmiş yalan məlumatlar yaymaqdır. Bu, informasiya müharibəsinin bir növüdür. Biz öz siyasətimizlə bütün bu yalan və böhranları darmadağın edirik və etməliyik. Çünki bu gün Azərbaycan reallıqları onu göstərir ki, ölkə inamla, sürətlə inkişaf edir. 


Azərbaycan həqiqətlərini dünyaya tam çatdıra bilirikmi? 


Ölkə rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həyata keçirilən informasiya siyasətinin əsas istiqamətlərinə və bu sahədə qarşıda duran vəzifələrə hər zaman xüsusi əhəmiyyət verir. Məhz bunun nəticəsində son illər erməni lobbisi ilə informasiya müharibəsində xeyli dərəcədə üstünlük əldə etsək də, bu sahədə görüləsi işlər az deyil. Belə ki, artıq dünyada sosial medianın klassik medianı üstələdiyini nəzərə alsaq, deyə bilərik ki, respublikamızda sosial medianın gücündən arzu olunan səviyyədə yararlanmırıq. Məsələn, Azərbaycan torpaqlarının qəsbi əsasən rayonlarımızın işğalının ildönümü günlərində, özü də yerli sosial şəbəkələrdə xatırladılır. Yaxud, Xocalı soyqırımı haqqında yalnız anım mərasimi ərəfəsində yerli mediada söhbət açılır. Halbuki Dağlıq Qarabağ mövzusu kampaniya xarakteri daşımamalı, başqa sözlə, müəyyən təqvimlərdə deyil, vaxtaşırı olaraq beynəlxalq platformada müxtəlif janrlı yazılarla diqqətə çatdırılmalıdır. Ümumiyyətlə, işğal faktı, erməni təcavüzünün insanların psixologiyasına, ölkə iqtisadiyyatına vurduğu ziyan, düşmən tərəfdə gedən proseslərin, onların mediasının izlənilməsi kimi məsələlər hər zaman gündəmdə saxlanılmalıdır. 
Sosial medianın beynəlxalq platforma müstəvisində Cənubi Qafqazın lider dövləti statusunu daşıyan və bu adı ardıcıl uğurlar hesabına daha da gücləndirən Azərbaycanın sosial-iqtisadi uğurları, ölkəmizin tam müstəqil siyasət yürütməsi, bir-birinin ardınca mühüm transmilli layihələri reallaşdırması ilə bağlı materiallar Ermənistanla müqayisəli şəkildə mütəmadi olaraq yayımlanmalıdır. 
Ermənistanın işğalı nəticəsində yurd-yuvalarından didərgin düşmüş insanların həyat tərzi, erməni qruplaşmalarının törətdikləri terror aktları haqqında araşdırma materiallarının hazırlanıb ictimailəşdirilməsi də mütəmadi xarakter daşımalıdır. 
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması mövzusunda söhbət etdiyimiz “Dünya Azərbaycanlıları” İctimai Mərkəzinin sədri, politoloq Zaur Mirzəzadə dedi: “Bu məsələdə respublikada əcnəbi dillərdə yayımlanan media orqanları üzərinə daha mühüm vəzifə düşür. Onlar, ilk növbədə, informasiya müharibəsində fəallığı diqqətdə saxlamalı, oxucu auditoriyasının genişləndirilməsi ilə bağlı problemlərə həssaslıqla yanaşmalıdırlar. Eyni zamanda, bu cür media orqanlarının sayının artırılması, informasiyaların xarici dillərdə hazırlanıb dünyanın nüfuzlu agentliklərinə operativ şəkildə ötürülməsi, paylaşılması kimi məsələlərə daha çox diqqət yetirilməlidir. Yalnız bu yolla erməni jurnalistlərinin, sosial media istifadəçilərinin Azərbaycanla bağlı uydurma məlumatlarının təsir gücünü zəiflətmək mümkündür”. 


Nikol Paşinyanın qondarma erməni tarixi barədə etirafları 


Politoloq Z.Mirzəzadə xarici ölkələr üçün nəzərdə tutulan internet xəbər portallarında və saytlarda təcavüzün tarixi köklərinin araşdırılması ilə əlaqədar yerli və əcnəbi tarixçilərlə söhbətlərə, müsahibələrə, münaqişə ilə bağlı təhlili yazılara geniş yer verilməsinin əhəmiyyətini də xüsusi vurğuladı: “Azərbaycanda fəaliyyət göstərən çoxsaylı xəbər portalları və saytlarda Ermənistanın işğal siyasəti dolğun əks etdirilmir. Əksər hallarda ümumi informasiyalar verilir. Qərbi Azərbaycanın işğalı, Qarabağın tarixi, məruz qaldığımız soyqırımı və vandalizm aktları haqqında kifayət qədər material olsa da, informasiya müharibəsində onlardan zəif istifadə edilir. Ermənistanda isə vəziyyət fərqlidir: Qarabağ həqiqətlərini saxtalaşdıran çoxsaylı sayt fəaliyyət göstərir və xarici ölkələrə yayımlanır ”.
Z.Mirzəzadə söhbətində, həmçinin ermənilərin əsassız torpaq iddialarının, saxta erməni tarixi barədə cəfəngiyyatların onların tanınmış simalarının fikirləri, səsləndirdikləri fakt və dəlillərlə təkzib edilməsinin zəruriliyini də bildirdi və diqqəti ötən il sentyabrın 27-də “Ermənistanın səsi” nəşrində müəllifi işğalçı ölkənin baş naziri olan Nikol Paşinyanın “Qəhrəmanlıq” tariximizi unudaq” adlı məqaləsinə yönəltdi: “Materialın əvvəlində bu yazının N.Paşinyanın bir vaxtlar baş redaktoru olduğu “Aykakan Jamanak” qəzetinin 9 dekabr 2005-ci il tarixli sayında dərc edildiyi xatırladılıb. İşğalçı ölkənin baş naziri adı çəkilən məqaləsində erməni tarixinin saxta, biabırçı və alçaldıcı olduğunu, ona görə də soydaşlarından qondarma erməni tarixini unutmağı, bu ­tarixin önündə yazılan“qəhrəmanlıq” sözünün üzərindən xətt çəkməyin zəruriliyini bildirib. N.Paşinyan, eyni zamanda, soyqırımına məruz qalmadıqlarını, vətənsiz olduqlarını, əcdadlarının müasirlərinə satqınlıqlar, əxlaqsızlıqlar və digər mənfi keyfiyyətlər miras qoyduqlarını, indiki vaxtda bunu aradan qaldırmağın isə müşkül bir iş olduğunu qeyd edib. Ermənistanın baş naziri məqaləsində bütün bunlara görə ata-babalarını qınadığını, onların ermənilərin bu gün daha ləyaqətli və qürurlu yaşamaları üçün heç bir şey etmədiklərinə görə lənətlədiyini xüsusi vurğulayıb. 
N.Paşinyanın jurnalist və müxalifyönlü nəşrin baş redaktoru olduğu dövrdə yazdığı bu məqalədə sadalanan həqiqətlər onun vəzifə olimpinə yüksəlişi yolunda hakimiyyət qüvvələrinə qarşı çarpışdığı və buna görə də həbs ediləcəyi günlərdə qələmə alınıb”. 
Z.Mirzəzadə daha sonra vurğuladı ki, N.Paşinyan “işğalçı ölkənin birinci şəxsi” arzusuna çatdıqda isə “Qəhrəmanlıq” tariximizi unudaq” məqaləsini sanki o yazmayıbmış kimi, demokrat libasında çıxış edib gah Qarabağ probleminin Dağlıq Qarabağ ermənilərinə məxsus olduğunu, Ermənistanın bu məsələdən kənarda qaldığını vurğulaması, gah da 1915-ci ildə Osmanlı imperiyasında baş verənlərin “soyqırımı” kimi tanınmasına çalışdığını deməsi və Dağlıq Qarabağı həyasızcasına “tarixi vətən” adlandırması, əslində, erməni riyakarlığından başqa bir şey deyil. 
*** 
“Saxta erməni tarixi” məsələsi barədə ermənilərin digər tanınmış simaları da zaman-zaman fikirlər bildirib, tarixdəki erməni yalanlarını ifşa ediblər. Bütün bu məlum faktları xatırlatmaqda məqsəd isə Azərbaycanın xaricə yayımlanan internet xəbər portalları və saytları vasitəsilə dünyanın diqqətini ermənilərə məxsus fikirləri səsləndirməklə onların riyakarlığına, torpaqlarımızı işğal edib qondarma erməni dövləti yaratmaq kimi məkrli planlarına yönəltməkdir. 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

 

21 2019 00:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə