Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa məhkəmələri tərəfindən qanunsuz xartiyaların ləğvi rəsmi İrəvanı pat vəziyyətində qoyub

Nikol Paşinyan Ermənistanın baş naziri seçildikdən sonra ölkə əhalisində gələcəyə az da olsa, inam yaranmışdı. Yerli əhali, hər şeydən əvvəl, ölkədəki xunta rejimindən canının qurtardığını hiss edirdi. Həm də yeni baş nazir meydanlarda bar-bar bağırarkən şirin vədlər verərək əhalini inandıra bilmişdi. İnsanlar düşünürdülər ki, hakimiyyətə meydandan gəlmiş N.Paşinyan ölkəni düşdüyü fəlakətdən xilas edəcək, 25 ildir davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyacaq, işğalçı siyasətdən əl çəkəcək, əmin-amanlıq yaradacaq. Ancaq sən saydığını say, gör küçə təfəkküründən əl çəkə bilməyən Paşinyan nə sayır? Onun baş nazir seçildikdən sonra dərhal Azərbaycanın işğal olunmuş ərazisinə qeyri-qanuni səfəri, oğlunu hərbi xidmət adı ilə bu ərazidə yerləşdirərək, özündə bir vətənpərvər imici formalaşdırmaq cəhdi ermənilərin gələcəyə olan ümidini şübhələrlə əvəzlədi.

Əslində, N.Paşinyan dərk edə bilmirdi ki, oğlunu “hərbi xidmət” adı ilə qonşu dövlətin işğal altında olan ərazisindəki orduya yerləşdirməklə işğalçı siyasəti davam etdirir, həm də Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyir. Üstəlik, onun Dağlıq Qarabağa səfəri zamanı səsləndirdiyi sərsəm fikirlər göstərirdi ki, bu “meydan adamı”nın Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni ideyaları yoxdur. O, Ermənistanın keçmiş siyasi rəhbərliyinin yolunu təkrarlamaqla dövlət idarəçiliyində naşılığını təsdiqlədi. Ardınca, Paşinyanın danışıqlar prosesində guya, maraqlı olması, lakin bu prosesdə qondarma rejimin tərəf kimi iştirakı ilə bağlı sərsəm fikirləri onun münaqişənin həllində həm beynəlxalq aləmdə, həm də işğalçı dövlətin özündə konstruktiv mövqe tutacağına inamı azaltdı. Axı, qondarma rejimin münaqişənin həllində tərəf kimi iştirakı heç vaxt müzakirə mövzusu olmamışdı və ola da bilməzdi. Çünki bu münaqişəni də, qondarma rejimi də yaradan işğalçı Ermənistandır. Ona görə də danışıqların Ermənistanla Azərbaycan arasında aparılması barədə qəti qərar qəbul olunmuşdu və Paşinyan baş nazir seçilənə qədər də bu cür davam etmişdi. 
İndi aydın olur ki, Paşinyan bu yolu seçməklə meydandan birbaşa ələ keçirdiyi hakimiyyətin ömrünü uzatmaq istəyirmiş. Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlarda tərəf kimi iştirakında məqsəd artıq separatçı rejimin legitimliyinin qəbul edilməsi anlamı barədə rəy formalaşdırmaq idi. Onun beynəlxalq təşkilatların tədbirlərində bir fikir, Ermənistanda isə bunun əksinə, başqa fikir səsləndirməsi baş nazirin hərdəmxəyal olması barədə tam təəssürat yaradırdı. Artıq yerli əhalinin N. Paşinyana olan ümidi alt-üst olub. Baş nazirin Dağlıq Qarabağa səfərləri zamanı onun separatçı rejim tərəfindən qeyri-ciddi şəxs kimi qarşılanması, laqeyd yanaşması bu klanla qarşıdurmanı daha da gücləndirib. N. Paşinyanın bu il mayın 9-da Dağlıq Qarabağa səfəri zamanı ona qarşı olan saymazlıq özünü bir daha büruzə verdi. Ancaq həmin gün sabiq prezident Serj Sarkisyan da bu əraziyə səfər etmişdi. O, separatcı rejim tərəfindən prezident kimi qarşılandı, Paşinyan isə sıravi vətəndaş, qeyri-ciddi şəxs kimi. 
N. Paşinyanın küçə təfəkküründən əl çəkməməsi, müxtəlif yollarla hakimiyyəti qoruyub saxlamağa çalışması işğalçı ölkəyə çox baha başa gəlib. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası, davam etdirilən işğalçı siyasəti bu ölkəni bütün regional iqtisadi, kommunikasiya, humanitar layihələrdən və digər sahələrdəki əməkdaşlıqlardan kənarda qoyub. Bütün bunlar işğalçı ölkəni beynəlxalq aləmdən, dünya iqtisadi sistemindən təcrid edib. Üstəlik, bugünlərdə Fransa məhkəmələrinin bu ölkənin bəzi şəhər merləri və bələdiyyə rəhbərlərinin Dağlıq Qarabağ separatçıları ilə imzaladıqları xartiyaları ləğv etməsi Ermənistan rəhbərliyini pat vəziyyətində qoyub.
Separatçı rejimlə imzalanmış xartiyaların ləğvindən söhbət düşmüşkən, xatırladaq ki, bu il mayın 29-da Arnuvilin Dağlıq Qarabağda Şəhər qəsəbəsi ilə imzaladığı dostluq xartiyası Fransanın Serji-Pontuaz Məhkəməsi tərəfindən ləğv edilib. Bundan bir qədər sonra – iyunun 11-də Qrenobl Şəhər İnzibati Məhkəməsi Valans, Bur-le Valans və Bur-de-Peaq departamentləri ilə Dağlıq Qarabağın bir neçə bələdiyyəsi arasında imzalanmış 4 analoji sazişi də ləğv edib. 
Məhkəmə bu “dostluq xartiyalarının” Fransanın xarici siyasətini sarsıda biləcəyi və bələdiyyələrin səlahiyyət çərçivələrini aşdığı qənaətinə gəlib. Fransada fəaliyyət göstərən güclü erməni lobbisi isə bütün bunların arxasında Azərbaycan dövlətinin qondarma “Dağlıq Qarabağ respublikasının” beynəlxalq səviyyədə təcridinə yönəlmiş səylərinin dayandığı qənaətindədir. 
Kim necə düşünürsə – düşünsün, fakt budur ki, artıq beynəlxalq təşkilatlar, o cümlədən dünyanın inkişaf etmiş dövlətləri də Ermənistanın nazı ilə oynamaqdan təngə gəlib və işğalçı siyasətindən bezib. Belə olmasaydı, güclü erməni lobbisinin təzyiq və təhdidlərinə baxmayaraq, işğal altında olan Azərbaycan ərazilərinin bələdiyyə rəhbərləri ilə Fransanın bəzi şəhər merləri arasında imzalanmış “Dostluq haqqında xartiya”lar ləğv edilməzdi. 
Fransa məhkəmələrinin bu ədalətli qərarı artıq hər bir kəsdə belə bir əminlik yaradıb ki, Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində yaratdığı rejimin bağladığı digər belə qeyri-qanuni xartiyalar da ləğv ediləcək.
Xatırladaq ki, Azərbaycan tərəfi separatçı rejimin Dağlıq Qarabağı və ətraf yeddi rayonun işğalını legitimləşdirmək cəhdlərinə dair məsələnin ədalətli həlli ilə bağlı 2013-cü ildə Fransa məhkəməsinə müraciət etmişdi. Lakin bu məsələ hələ də baxılmamış qalır. Artıq ədalət zəfər çalır və gec də olsa, Fransanın ədliyyə orqanları reallıqları qəbul edir. 
İndi hər bir sadə erməniyə də məlumdur ki, Ermənistanın bərbad vəziyyətə düşməsinin birinci səbəbi Azərbaycana qarşı işğalçı siyasət yürütməsidir. Həmin səbəbdən Ermənistan ağır blokada şəraitinə düşüb. Bu blokada çərçivəsində Azərbaycan və Türkiyə Ermənistana həm enerji, həm iqtisadi, həm də nəqliyyat istiqamətləri üzrə sanksiyalar tətbiq edirlər.
Dağlıq Qarabağın Ermənistanın ərazisi olması barədə işğalçı ölkənin həm xunta rejiminin , həm də Nikol Paşinyanın avropalı ermənipərəst deputatların işğal altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfərlərini təşkil etməsinin bundan sonra da heç bir mənası yoxdur. 
Xatırladaq ki, Belçikanın, Avroparlamentin deputatları , xüsusilə Fransanın ermənipərəst neümayəndələri beynəlxalq hüququn normalarını pozaraq, dəfələrlə Dağlıq Qarabağa qanunsuz səfərlər edib, qondarma qurumun “dövlət rəsmiləri” ilə görüşlər keçiriblər. 
Təbii ki, Fransanın dövlət rəsmiləri belə səfərlərə öz etirazını bildirmiş, imzalanmış hər hansı bir sənədin hüquqi qüvvəsi olmadığını elə o vaxt bəyan etmişdi. Bu ölkənin xarici işlər və Avropa üzrə naziri və daxili işlər nazirinin 2018-ci il 24 may tarixli yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə təmimi sənədinə istinad edir və yerli özünüidarəetmə qurumlarına Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyin qadağan edildiyini xatırlatmışdı. Bildirilmişdi ki, qanunsuz səfərlər çərçivəsində imzalandığı iddia edilən “dostluq xartiyaları” heç bir hüquqi qüvvəyə malik deyil. Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bəzi şəhərlərin merinin Dağlıq Qarabağa qanunsuz səfərini şərh edərkən deyib ki, Fransa Minsk qrupunun həmsədrlərindən biri kimi, qanunsuz səfərlərdən narahatdır: “Belə təşəbbüslər Dağlıq Qarabağın müstəqilliyini tanımayan Parisin rəsmi mövqeyini dəyişmir”. Onun sözlərinə görə, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin diplomatik və siyasi yolla nizamlanmasının axtarışı prosesinə cəlb edilib.
Fransa məhkəmələrinin ədalətli qərar qəbul etməsinin əsas səbəblərindən biri münaqişənin nizamlanmasında Prezident İlham Əliyevin tərəfindən həyata keçirdiyi siyasi kursun dünya birliyi tərəfindən dəstəklənməsidir. Qeyd edək ki, Fransa ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətində həmişə prioritet istiqamətlərdən biri olub. Bu ölkə ilə münasibətlərin inkişafı istər siyasi, iqtisadi və humanitar baxımdan, istərsə də ermənilərin antiazərbaycan təbliğatının neytrallaşdırılması nöqteyi-nəzərindən müstəsna əhəmiyyət daşıyır. Dövlət başçımızın Fransaya münasibətdə məqsədyönlü, düşünülmüş siyasəti bu ölkənin qapılarını üzümüzə daha geniş açır. Yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə güclü impuls verir, ona arzuedilən dinamika gətirir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurlu Paris səfəri, yüksək səviyyəli görüşləri və danışıqları, ilk növbədə, bu praqmatik, milli maraqlara xidmət edən siyasətdən qaynaqlanır. Fransa məhkəmələrinin qəbul etdiyi ədalətli qərarlar Ermənistanı pat vəziyyətində qoyub.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

21 2019 00:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə