Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya sülh istəyir!

Vyanada bu problemin həlli üçün keçirilən konfransın təşkilatçılarından biri də Azərbaycan idi

Dünya sülh istəyir!

 Dünyada sülh, dinc birgəyaşayış, humanizm dəyərlərinin təbliği və təşviqi günümüzün vacib məsələlərindəndir. Müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur. Təsadüfi deyil ki, etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyaların azad fəaliyyəti üçün bərabər şərait yaradıldığı Azərbaycan Respublikasında multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda Vyana Beynəlxalq Konfransının iştirakçılarına ünvanladığı məktubundan 19 iyun 2019-cu il


Türk dünyasının, müsəlman Şərqinin və dünya azərbaycanlılarının ən görkəmli simalarından olan Hüseyn Cavidin “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü” kəlamı bu gün daha çox aktuallıq kəsb edir. Çünki hazırda dünyanın milli, dini, siyasi münaqişə yaşanmayan demək olar ki, heç bir bölgəsi qalmayıb. Daha pis olan cəhət isə bu münaqişələrin əksəriyyətinin terror, təxribat, separatçılıq və digər yolverilməz üsullarla davam etdirilməsidir. Ona görə də, planetin mütərəqqi qüvvələri bu anlaşılmazlıqlardan çıxış yollarının axtarılması üçün təmasların sıxlaşdırılmasını, dövri olaraq dialoq və müzakirələrin təşkilini məqsədəuyğun sayırlar. 

 Avstriyanın paytaxtı Vyana şəhərinin “Hofburq” Sarayında Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans da məhz bu amallara xidmət edirdi. 
Dövlət başçımızın həmin konfransın iştirakçılarına ünvanladığı məktubda qeyd edilirdi ki, ölkəmiz müxtəlif mədəniyyətlərin ahəngdar münasibətlərinə və humanitar əməkdaşlıq ideyalarına hərtərəfli dəstək verir, bu sahədə çoxsaylı qlobal təşəbbüslər irəli sürür. Ümumdünya Mədəniyyətlərarası Dialoq və Beynəlxalq Humanitar forumlarının, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, Dünya dini liderlərinin Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycanın bu sahədəki fəaliyyətinin beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirildiyinin göstəricisidir: “Biz müxtəlif dinlər və sivilizasiyalar arasında əməkdaşlığın genişlənməsinə, qlobal müstəvidə qarşılıqlı etimad mühitinin yaradılmasına mühüm töhfə olacaq daha bir beynəlxalq tədbirin -- Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi barədə qərar qəbul etmişik”.
Məktubda əlavə edilir ki, biz ölkəmizin təşəbbüsü ilə keçirilən hazırkı konfransın təşkilinə Avstriya tərəfindən verilən dəstəyi, konfransın işi üçün yaradılan şəraiti yüksək qiymətləndiririk. Təbii ki, bu tədbirin birgə keçirilməsi, eyni zamanda, Azərbaycan --Avstriya əlaqələrinin, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bariz nümunəsidir.
Xatırladaq ki, Avropanın ən nüfuzlu paytaxt şəhərlərindən olan Vyanada belə bir konfransın təşkil edilməsi Prezident İlham Əliyevin irəli sürdüyü Azərbaycanın multikulturalizm modelinin təbliğinin bəşəri önəminə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Köhnə qitənin aparıcı dövlətlərindən olan və müxtəlif mədəniyyətlərin, dinlərin təmsil olunduğu Avstriyada keçirilən beynəlxalq konfrans mühüm, qlobal əhəmiyyət kəsb edən bir mövzuya dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə dinlərarası ixtilaflara qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edirdi.
Tədbirdə Avstriya və Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatları, o cümlədən dünyanın müxtəlif dini konfessiya rəhbərləri, dövlət, elm və mədəniyyət xadimləri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Himayədarlar və Məşvərət şuralarının üzvləri iştirak ediblər. Beynəlxalq konfransda ümumilikdə dünyanın 30-dan çox ölkəsini təmsil edən dövlət, ictimaiyyət, elm və din xadimləri, həmçinin 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatının rəhbərləri, Avstriyada akkreditə olunmuş səfirliklərin və beynəlxalq qurumların nümayəndələri təmsil olunurdular. Avstriya tərəfdən Federal Hökumətin və parlamentin nümayəndələri, o cümlədən Avstriya Xarici İşlər Nazirliyinin Baş katibi --nazir müavini Yohannes Peterlik, Avstriyadakı 15 dini konfessiyanın nümayəndələrinin də iştirak etməsi tədbirin nüfuzundan xəbər verirdi.
Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibi isə ölkəmizdə bu konfransa verilən önəmin göstəricisi kimi qəbul edilə bilərdi.Çünki bizim nümayəndə heyətimizin tərkibinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov, Səməd Seyidov, Eldar İbrahimov, deputatlar Cavanşir Paşazadə, Hikmət Məmmədov, Azərbaycandakı dini konfessiyaların rəhbərləri -- Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının başçısı Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, yepiskop Vladimir Fekete və Alban --Udi Xristian dini icmasının başçısı Robert Mobili daxil idi.
Tədbirin açılışında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuması, Azərbaycanın sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafında rolundan və multikulturalizm dəyərlərindən bəhs edən “Bəşəri çağırış” filmi nümayiş olunması və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin kəskin ziddiyyətlər, terror, dini və milli zəmində ekstremizm, ksenofobiya, xristianofobiya, antisemitizm və islamofobiyanın tüğyan etdiyi, dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamıza Azərbaycanın öz nadir təcrübəsini – multikulturalizm modelini təklif etdiyini dilə gətirməsi maraqla qarşılanıb. 
Bildirilib ki, bu model Azərbaycan Prezidentinin müəllifi olduğu mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesi, elan etdiyi Multikulturalizm və İslam həmrəyliyi illəri çərçivəsində ölkəmizdə və xaricdə mütəmadi keçirilən qlobal forum və tədbirlərdə təbliğ və təşviq olunur. Eyni zamanda, Azərbaycanda 2017-ci ildə dövlət başçısının tövsiyəsi ilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi artıq İspaniya və Almaniyada uğurlu beynəlxalq konfranslar təşkil edib. Vyanada təşkil edilən konfrans da bu qəbildən növbəti nüfuzlu tədbirdir.
KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muammar müasir dövrdə qeyri-tolerantlıq və ksenofobiyanın dünyada radikalizm, dini və etnik icmalara, qaçqınlara, cəmiyyətin müxtəlif təbəqələrinə qarşı mənfi yanaşmalara yol açdığını bildirib və buna görə də dini rəhbərlərin münaqişələrin nizamlanması, cəmiyyətdə ekstremizm hallarının artmasına qarşı vahid strategiya və mexanizmlərin hazırlanmasında birgə fəaliyyətə çağırıb.
BMT Baş katibinin müavini Raşid Xalikov müasir dövrdə bəşəriyyətin dinlərarası və mədəniyyətlərarası dialoqa daha güclü ehtiyac duyduğunu, sülh, dinc birgəyaşayış və ədalət kimi bəşəri dəyərlərin cəmiyyətdə daha geniş təbliğ edilməli olduğunu deyərək əlavə edib ki, hazırda dünyada yardıma ehtiyacı olan insanların sayı durmadan artır, BMT və digər beynəlxalq təşkilatlar dünyanın müxtəlif regionlarında qaçqın və yoxsul əhali təbəqələrinə yardımlar edir. Bu da, öz növbəsində, tolerant və səxavətli yanaşma, yardımlaşma istəyi, dinlər və mədəniyyətlər arasında dialoqun daha da gücləndirilməsini tələb edir.
Bundan başqa, Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin xüsusi nümayəndəsi Filaret dinlərarası dialoq çərçivəsində insan haqları mövzusuna xüsusi diqqət ayrılmasına çağırması da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. 
Konfransın sonunda qəbul edilmiş Vyana Bəyannaməsində qeyd olunur ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından önəm kəsb edən belə forumların davamlı keçirilməsi olduqca aktual və zəruridir.

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 

 

20 2019 23:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə