Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZAL prezidenti “Paris Air Show 2019” aviasalonunun işində iştirak etmişdir

AZAL prezidenti “Paris Air Show 2019” aviasalonunun işində iştirak etmişdir

AZAL-ın Prezidenti Cahangir Əsgərov Le Burjedə “Paris Air Show 2019” beynəlxalq aviasiya-kosmik salonunun işində iştirak etmiş, bir sıra mühüm danışıqlar aparmışdır.
“Paris Air Show” kosmik salonu aviasiya və kosmonavtika sahəsində dünya istehsalçılarının müasir məhsullarını nümayiş etdirdiyi ən nüfuzlu beynəlxalq sərgilərdən biridir. 
C.Əsgərovun “Boeing Commercial Airplanes”-in prezidenti və baş icraçı direktoru Kevin Makalisterlə görüşündə “Boeing” və AZAL arasında tərəfdaşlıq və dostluq münasibətləri yüksək qiymətləndirilmişdir. Tərəflər "Azərbaycan Hava Yolları"na və “Silk Way” aviaşirkətinə yeni geniş füzelyajlı təyyarələrin tədarükünə dair əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləmişlər. 
AZAL prezidenti Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev ilə birgə “Azərbaycan Hava Yolları”nın möhkəm tərəfdaşlıq münasibətlərinə malik olduğu “Thales Group” şirkətinin baş vitse-prezidenti Erve Dammann ilə işgüzar danışıqlar aparmışdır. Tərəflər Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasından məmnunluq ifadə etmişlər. Azərbaycanda “Thales” şirkətinin məhsullarının istehsalı üzrə birgə müəssisənin yaradılması barədə fikir mübadiləsi aparılmışdır.
C.Əsgərov “L3 Commercial Aviation Solutions” şirkətinin prezidenti Alan Koruford ilə  də görüşmüşdür. Danışıqlar zamanı tərəflər müxtəlif tipli təyyarələr üçün yeni trenajor komplekslərinin tədarükü məsələsini müzakirə etmişlər. Bundan əlavə, “L3 Technologies” şirkəti “Azərbaycan Hava Yolları” aviaşirkətinə personalın hazırlığı, uçuş imitasiya kompleksləri, habelə kombinə edilmiş nəzəri və interaktiv tədris proqramları sahəsində ən müasir texnologiyaları təqdim edə bilər.
“Paris Air Show 2019” sərgisi çərçivəsində keçirilən əlamətdar tədbirlərdən biri də dünyanın ən yaxşı aviaşirkətlərinin mükafatlandırılması mərasimi - “World Airline Awards” olmuşdur. Aviaşirkətlər və hava limanlarının xidmət keyfiyyətinin qiymətləndirilməsi üzrə aparıcı agentlik “Skytrax” ardıcıl olaraq ikinci il “Azərbaycan Hava Yolları”nı Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət elan etmişdir.
“Bu mükafatın təkrar alınması uçuşlarımızda sərnişinlərə təklif edilən xidmətlərin yüksək keyfiyyətinin ən yaxşı sübutudur. “Skytrax World Airline Awards” mükafatları mülki aviasiyada fərqlənmə nişanı hesab edilir. Mən AZAL-ın bütün sərnişinlərinə bizə göstərdiyi etimada, aviaşirkətin bütün əməkdaşlarına isə yüksək xidmət keyfiyyətini təmin etdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm",  – deyə AZAL-ın prezidenti C.Əsgərov bildirmişdir.
“Təyyarə göyərtəsində və hava limanı obyektlərində xidmət standartlarının təkmilləşməsi ilə, “Azərbaycan Hava Yolları”nın sərnişinləri aviaşirkətin keyfiyyət artımını müşahidə edirlər. Müştərilər tərəfindən belə yüksək qiymətləndirilmək “Azərbaycan Hava Yolları”nın aparıcı heyətinə böyük etimaddır”,  –  “Skytrax”ın baş direktoru Edvard Pleysted qeyd etmişdir. 
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti  bildirir ki, “Skytrax”ın son auditinin nəticələrinə görə, AZAL, həmçinin nüfuzlu 4 ulduzlu aviaşirkət statusunu təsdiqləmişdir.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” yaxın gələcəkdə Asiya bazarında öz fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır. İyunun 25-dən etibarən Bakıdan Hindistanın paytaxtına  – Dehli şəhərinə birbaşa aviareys açılacaq. Həmçinin digər ölkələrə də yeni istiqamətlərin açılması gözlənilir.

 

“Xalq qəzeti”

20 2019 23:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə