Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət naziri Özbəkistanda keçirilən muğam forumunda iştirak edir

Dünən Özbəkistan Respublikasının Şəhrisəbz şəhərində makom (muğam) sənəti üzrə Birinci Beynəlxalq Forum öz işinə başlayıb. Tədbirdə xarici ölkələrdən tanınmış musiqişünas-alimlər və muğam sənəti tədqiqatçıları, Özbəkistanın tanınmış ifaçıları və aparıcı mütəxəssisləri iştirak edirlər.
Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir.
UNESCO-nun himayəsi altında keçirilən tədbirin təşkilatçısı Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyidir. Forum çərçivəsində “Muğam musiqi sənəti və onun dünya sivilizasiyasındakı yeri” mövzusunda elmi-praktik konfrans, habelə yerli və xarici ifaçıların solo konsertləri, musiqi alətləri, geyim, təsviri sənət, audio və video disk, kitab, albom və s. sərgilərinin keçirilməsi nəzərdə tutulur.
Forum muğam sənətinin nadir nümunələrinin geniş təbliğinə, onun qorunmasını və inkişafını nəzərdə tutur. Bununla yanaşı, iki ildən bir keçiriləcək bu tədbir xalqlar arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq miqyasda yaradıcılıq əməkdaşlığının, mədəni-mənəvi əlaqələrin genişləndirilməsinə xidmət edir.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

6 2018 23:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə