Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda sosial rifahın gücləndirilməsi siyasəti uğurla aparılır

Azərbaycanda sosial rifahın gücləndirilməsi siyasəti uğurla aparılır

Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə əhalinin, demək olar ki, bütün təbəqələrini əhatə edən mühüm sərəncamlar imzaladı. Dövlət başçısının sərəncamlarına əsasən, bir çox sahələrdə çalışan vətəndaşlarımızın əməkhaqqı 40 faiz artırıldı. Burada ən önəmli məqam minimum əmək haqqının 250 manat məbləğində müəyyən edilməsidir. Xatırladaq ki, bu ilin fevral ayında Prezident İlham Əliyev minimum əməkhaqqının və pensiyaların təxminən 40 faiz artırılması barədə sərəncam imzalamışdı. Beləliklə, mütəxəssislər ümumi artımın 100 faizə bərabər olduğunu vurğulayırlar. Minimum əməkhaqqının artırılması nəticəsində yüz minlərlə vətəndaşımızın maaşı  xeyli artacaq. Bu, bir daha təsdiqləyir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşının rihafı dayanır və Prezident İlham Əliyev seçki öncəsi xalqa açıqladığı vədlərini müvəffəqiyyətlə yerinə yetirir.

 

Hədəf xalqın daha yaxşı yaşamasıdır


Əhalinin rifah halının yaxşılaşdırılmasında növbəti inqilabi addımların atılmasına imkan verən sosial islahatlar paketi cari il ərzində minimum pensiyanın məbləğinin növbəti dəfə əhəmiyyətli şəkildə artırılmasına da şərait yaratmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir ki, dövlət başçısının yeni qanunvericilik təşəbbüsü olaraq, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması nəzərdə tutulur. Təşəbbüsə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunmuşdur. 
Bundan başqa, minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək. Xatırladaq ki, bu artım Prezident İlham Əliyevin təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan artıq ikinci mühüm addımdır. Bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmış, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi.
Beləliklə, təkcə bu il ərzində Azərbaycanda minimum pensiyanın məbləğində 72,4 faiz artım edilməklə, bu məbləğin 116 manatdan 200 manata çatdırılması təmin edilmişdir. Əmək pensiyasının minimum məbləğinin növbəti dəfə əhəmiyyətli şəkildə artırılması Prezident İlham Əliyevin “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”  – bəyanatının əməli müstəvidə, əhalinin, o cümlədən pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi irəliləyişləri şərtləndirən ardıcıl addımların atılmasında öz təsdiqini tapdığını göstərir. Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən strateji yol xəritələrinə uyğun olaraq, 2016-2017-ci illərdə ölkə iqtisadiyyatı xarici şokların mənfi təsirindən uzaqlaşaraq sabitləşmişdir. 

Sözlə əməlin vəhdəti


Ümumiyyətlə, cari il Azərbaycan dövləti sosial xarakterli bir sıra güclü qərarlar qəbul etmişdir. Respublikamız dünyanın heç bir ölkəsində rast gəlinməyən addıma imza atmaqla mütərəqqi və vətəndaşını düşünən dövlət kimi bütün dünyaya səs salmışdır. Söhbət problemli kreditlərdən gedir. 
Cari il martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə Prezident İlham Əliyev demişdi ki, Azərbaycanın iqtisadi imkanları yarandıqca, ilk növbədə, problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq. Həmin görüşdə dövlət başçısı iqtisadi islahatların sosial sahədə çox ciddi addımlar atılmasına imkan verdiyini açıqlamışdı: “Bu ilin əvvəlindən keçən il ərzində hazırlanmış sosial layihələr icra edilməyə başlanmışdır. Azərbaycan vətəndaşları bunu yaxşı bilirlər. Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması təxminən 600 min insanı əhatə edir. Çoxmənzilli binaların sənədləşdirilməsi təxminən 350-400 min insanı əhatə edir. “Şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir. Tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırıldı, bu da 100 mindən çox tələbənin maliyyə vəziyyətini yaxşılaşdırır”. Dövlət başçısı əlavə etmişdi ki, digər sosialyönümlü addımlar, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzalanmış fərman 800 min insanı əhatə edir. Xüsusilə qeyd olunmalıdır ki, bu fərmanın dünyada analoqu yoxdur. Dövlət başçısı həmin fərmanı çox ciddi bir sosial təşəbbüs kimi qiymətləndirərək bildirmişdir ki, bu addımla dövlət öz vətəndaşının yanında olduğunu bir daha göstərmişdir.


Sosialyönümlü iqtisadi siyasət


Azərbaycanın inkişafyönümlü iqtisadi siyasəti sosial sahənin də yüksəlməsinə, vətəndaşların rifahının yaxşılaşmasına gətirib çıxarması artıq danılmaz faktdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dünyaya nümunə göstəriləcək bir inkişaf modeli formalaşmışdır. Məhz bu müsbət tendensiyaların mövcudluğu səbəbindən iqtisadi və siyasi sabitliyimizin davamlılıq qabiliyyəti xeyli güclənmişdir. Bu amilləri yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirir ki, dünyanı bürüyən böhranlardan asılı olmayaraq, Azərbaycanın inkişafı və ölkədəki ictimai-siyasi sabitlik bizim böyük sərvətimizdir. Təsadüfi deyil ki, bu gün bütün dünyada cərəyan edən iqtisadi və maliyyə böhranına baxmayaraq, ölkəmizdə dərin elmi əsaslara söykənən və uzaqgörənliklə reallaşdırılan sosial-iqtisadi siyasət nəticəsində uğurlu nəticələr əldə edilir. Mütəxəssislər vurğulayırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə  bu istiqamətdə görülən tədbirlər sistemində daim ünvanlılıq prinsipinə əməl edilmiş, aztəminatlı, ailə başçılarını itirən, eləcə də şəhid ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur. 
Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Dövlətin əlil vətəndaşlara qayğısı çərçivəsində yeni reabilitasiya mərkəzlərinin tikintisi də həyata keçirilir. 
Azərbaycanda həyata keçirilən islahatlar konsepsiyasının əhəmiyyətli bir hissəsini sosial təminat sahəsində aparılan islahatlar təşkil edir. Bu sahədə ciddi islahatlar aparılan Azərbaycan dünyada islahatçı dövlətlərdən biri kimi tanınır. Məlum olduğu kimi, ölkəmizin ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Hökumət həmin insanların həyatının təmin edilməsi, tələbatlarının ödənilməsi, iş yerlərinin açılması, mənzillərin tikilməsi, müavinətlərin verilməsi istiqamətində böyük vəsaitlər xərcləyir. Yəni bu sahədə bütün işlər Azərbaycan hökumətinin üzərinə düşür və dövlətimiz bunun öhdəsindən layiqincə gəlir. Digər tərəfdən, müharibə nəticəsində xeyli sayda Azərbaycan vətəndaşı əlil olmuş və o insanlara pensiyaların verilməsi, sosial müdafiələrinin təşkili islahatları vacib edən amillərdən biridir. Bundan başqa, Azərbaycan əhalisinin və xüsusən çoxuşaqlı ailələrin də sayı artır. Məhz bununla əlaqədar onların sosial müdafiəsinin təşkili mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan hökumətinin sosial sahədə islahatları vacib sayır və bu istiqamətdə dünya təcrübəsini daim öyrənir və yeniliklər tətbiq edir. Azərbaycan hökuməti bundan sonra da sosial islahatları davam etdirəcəyi şübhə doğurmur. Bir sözlə, dövlət başçısı tərəfindən həyata keçirilən dərin iqtisadi islahatlar müstəqilliyimizin möhkəmlənməsinə, iqtisadiyyatımızın inkişafına və sosial rifah halının yaxşılaşmasına töhfə verməklə yanaşı, elmi potensialın da güclənməsinə xidmət edir.
Sosial dövlət müasir dövrdə insanların rifah halının yüksəldilməsində mühüm rol oynayır. Dünyanın inkişaf etmiş ölkələrində məhz sosial dövlət quruculuğuna ciddi fikir verilir. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin müstəqil dövlət quruculuğu kursunda sosial sahəyə çox böyük diqqət yetirilməyə başlanmışdı. Məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır. Prezident İlham Əliyev bu istiqamətdə olduqca səmərəli və insanların sosial rifahının daim yüksəldilməsinə xidmət edən proqramlar həyata keçirir.

 
İnqilabi islahatlar davam edəcək


Beləliklə, Azərbaycan xalqı Prezident İlham Əliyevin yüz minlərlə insanın sosial rihafının daha da yaxşılaşdırılmasına yönəlmiş növbəti inqilabi addımının şahidi oldu. Mütəxəssislərin sözlərinə görə, əməkhaqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi aktivliyin daha da artmasına və beləliklə, iqtisadiyyatın digər sferalarına da öz töhfəsini verəcək. Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu qərarlar ümumilikdə iki milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır. Hesablamara görə, ölkə başçısının ilin əvvəlindən həyata keçirdiyi sosial paketin əhatə dairəsi 3 milyard manatdan artıqdır. Bu ilin may ayında DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan dövlətinin siyasəti sosialyönümlü siyasətdir: “Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin”. 
Son addımlar bir daha göstərir ki, dövlət başçısının çoxşaxəli siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və insanların daha da yaxşı yaşamasının təmin olunmasına yönəlmiş həmin humanist siyasət bundan sonra da davam etdiriləcək. 

 

Səbuhi MƏMMƏDOV, 
“Xalq qəzeti”

 

 

20 2019 23:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə