Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan güləşçisi qızıl medal qazandı

Qırğız Respublikasının İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində üçüncü dəfə keçirilən və beynəlxalq dairələrdə bu ölkənin milli layihəsi kimi dəyərləndirilən növbəti Dünya Köçəri Oyunları tədricən finişə yaxınlaşır. İlk iki Oyunlarla müqayisədə bu dəfə öz bayrağı altına daha çox – 80-ə qədər ölkə komandalarını toplamış III Dünya Köçəri Oyunlarının sabah, sentyabrın 8-də bağlanış mərasimi olacaq.
Əgər 2014-cü ilə təsadüf etmiş birinci Oyunlarda 19 ölkənin, bundan iki il sonra keçirilmiş ikinci startlarda 62 dövlətin nümayəndələri çıxış etmişdilərsə, bu dəfə iştirakçı ölkələrin sayının 80-ə çatması yarışlara marağın getdikcə artdığını, belə turnirlərin dünya xalqları arasında qarşılıqlı anlaşmanın, dostluğun, birliyin və əməkdaşlığın daha da möhkəmlənməsinə güclü təkan verdiyini təsdiq edir.
Onu da xatırlatmaq yerinə düşər ki, növbəti, dördüncü Dünya Köçəri Oyunlarının təşkili bu yaxınlarda elan olunduğu kimi, Türkiyə Respublikasına etibar olunmuş və qardaş ölkədə startlar 2020-ci ildə keçiriləcək.
Əlbəttə ki, Dünya Köçəri Oyunları kimi mühüm əhəmiyyət kəsb edən beynəlxalq səviyyəli tədbirlərin iştirakçıları və qonaqları təkcə medallar uğrunda güzəştsiz mübarizədən deyil, həm də müxtəlif ölkələrin və xalqların nümayəndələrinin onlara təqdim etdikləri rəngarəng mədəni proqramlardan böyük zövq alırlar.
Medal mübarizəsinə gəldikdə, Oyunların sahibləri – Qırğız Respublikası idmançıları sentyabrın 5-də növbəti yarış günündən sonra öz medallarının sayını bir qədər də artıraraq liderlik mövqelərini daha da möhkəmləndirmişlər. Onlar 60 medal – 26 qızıl, 18 gümüş və 16 bürünc mükafatla cədvələ inamla başçılıq edirlər. Medalların keyfiyyətinə görə ikinci yeri tutan Rusiya komandasının 36 (13+8+15), üçüncü pillədə irəliləyən Qazaxıstan kollektivinin 44 (11+15+18) mükafatı vardır.
Siyahıda birinci beşliyi 23 medala (8+4+11) sahib olan Türkmənistan və 10 mükafatla (4+1+5) İran İslam Respublikası komandaları tamamlayır.
  Azərbaycan idmançısı Cəlal Süleymanov sentyabrın 6-da 60 kq çəkidə milli güləş növü üzrə yarışda qızıl medal qazandı. Finala vəsiqə uğrunda qazaxıstanlı rəqibinə qalib gələn Cəlal Süleymanov həlledici görüşdə Qırğızıstan təmsilçisini məğlubiyyətə uğradaraq qızıl medala sahib oldu. 
Qızıl medalı güləşçimizə III Dünya Köçəri Oyunlarına Azərbaycandan qonaq kimi dəvət edilən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli təqdim etdi.
Beləliklə, yığmamız indiyədək 
14 medala – 1 qızıl, 5 gümüş və 8 bürünc mükafata sahibdir. Azərbaycan komandası medalların sayına görə isə altıncı pilləni özündə saxlayır.
Mükafatçı ölkələrin siyahısında sonuncu dörd yerdə (24-27) olan Hindistan, Hollandiya, Yaponiya və Ermənistanın hərəyə 1 bürünc medalı var. 
Dünən III Dünya Köçəri Oyunlarının iştirakçıları növbəti yarışlarda medallar uğrunda mübarizəni davam etdirmişlər.

Həsən HƏSƏNOV, 
“Xalq qəzeti”
Qırğız Respublikası, Çolpon-Ata şəhəri

6 2018 23:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə