Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir

Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir

Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyətinə, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlərə və qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, nazir müavini Rüfət Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, yerli istehsalın stimullaşdırılması, rəqabətədavamlı, ixracyönümlü qeyri-neft məhsullarının istehsalı, ixracın strukturunun şaxələndirilməsi, istehsalda və ixracda özəl sektorun payının artırılması məqsədi ilə görülən işlər barədə məlumat verib. Bildirilb ki, həyata keçirilən tədbirlərin nəticəsi olaraq, qeyri-neft sektorunda ixrac 2017-2018-ci illərdə 36,5%, 2019-cu ilin 5 ayı ərzində isə 17,8% artıb. Bu ilin ötən dövründə kənd təsərrüfatı və emalı məhsullarının ixracı 37,6% artıb. Qeyri-neft sənaye məhsulları ixracının artığını qeyd edən nazir müavini bu sahədə digər mexanizmlərlə yanaşı, sənaye parklarının rolunu da qeyd edib və burada istehsal olunmuş 1,4 milyard manata yaxın məhsulun 267 milyon manatlıq hissəsinin ixrac olunduğunu bildirib. Azərbaycanın ixrac məhsullarının çeşidlərinin artdığını vurğulayan nazir müavini Rüfət Məmmədov Azərbaycandan 2166 adda məhsulun xarici bazarlara çıxarıldığını diqqətə çatdırıb. Bununla yanaşı, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı da artır. Belə ki, bu ilin 5 ayı ərzində xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarların sayı 74% artaraq 18,4 minə çatıb.

Rüfət Məmmədov qeyd edib ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə indiyədək xarici ölkələrə 29 ixrac missiyası təşkil edilib. Azərbaycan məhsulları indiyədək 24 beynəlxalq sərgidə nümayiş olunub. Bu tədbirlər çərçivəsində Azərbaycan məhsullarının ixracına dair razılaşmalar əldə edilib, müqavilələr imzalanıb.

Bu ilin sonunadək Qazaxıstanın Nur-Sultan şəhərində ticarət evinin, Rusiyada və Çində şərab evlərinin açılması nəzərdə tutulur.  

Eyni zamanda, Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə Azərbaycanın ticarət nümayəndələri fəaliyyət göstərir ki, bu mexanizmlər Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələri ölkəmizin iqtisadi maraqlarının təmin olunmasında, xarici investorların cəlb edilməsində, potensial alıcılarla əlaqələrin qurulmasında mühüm rol oynayır.

AZPROMO-nun rəhbəıri vəzifəsinin icra edən Yusif Abdullayev  Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının artırılması, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində AZPROMO tərəfindən görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, 2019-cu ilin əvvəlindən Azərbaycan məhsulları 7 beynəlxalq sərgidə “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunub.

Tədbirdə ixracın genişləndirilməsi istiqamətində həyata keçirilən kompleks stimullaşdırıcı tədbirlər barədə məlumat verilib, jurnalistlərin sualları cavablandırılıb.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

20 2019 10:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə