Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial islahatlar insanlara qayğının parlaq təzahürüdür

Sosial islahatlar insanlara qayğının parlaq təzahürüdür

Azərbaycanda iqtisadi fəallığın hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərir, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunur. Həmçinin, yüksək iqtisadi inkişaf amilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan verir. Xarici sərmayələrin üstünlük təşkil etməsi isə onu göstərir ki, Azərbaycan investisiyalar üçün cəlbedici ölkədir və xarici sərmayə respublikamızda lazımi səviyyədə qorunur. Bütün bunlarla bərabər, son illər ölkəmizdə sosialyönümlü siyasətin prioritetliyinə xüsusi fikir verilməsi, maliyyə intizamı və şəffaflığın gücləndirilməsi kimi məsələlər də diqqət mərkəzində saxlanılır, büdcənin sosialyönümlü xarakter daşımasına böyük əhəmiyyət verilir.
Bu da təsadüfi deyil. Çünki indiyədək respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkəmizin məşğulluq strategiyasının səmərəliliyinə əlverişli şərait yaradıb. 

Ölkə əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi Prezident İlham Əliyevin apardığı siyasətin hər zaman başlıca prioritetlərindən olub. Dövlət başçısının birbaşa rəhbərliyi ilə pensiya, ünvanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi və məşğulluq sahələrində şəffaflığın və sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı mühüm addımlar atılıb. Gömrük və vergi sisteminin şəffaflaşması, idxal-ixrac əməliyyatları üzrə statistik uçotun düzgün qurulması və xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərlə məmur təmasının minimuma endirilməsi, gömrük və vergi xidməti mədəniyyətinin yüksəldilməsi ilə bağlı müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyulub. Həmin vəzifələrin həyata keçirilməsi istiqamətində atılan addımlar əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına, bürokratik əngəllərin aradan qaldırılmasına xidmət edir.
Ölkə Prezidentinin bilavasitə göstərişləri ilə həyata keçirilən islahatların nəticələri iqtisadiyyatımızın bütün sahələrində nəzərə çarpır. Kadr potensialından düzgün istifadə, onların yerləşdirilməsi, həmin sahələrdə nəzarətin gücləndirilməsi əsaslı müsbət dəyişikliklərə səbəb olub. Bu gün inamla demək olar ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər, Kənd Təsərrüfatı nazirliklərinin, Gömrük Komitəsinin vasitəsilə həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının inkişafına geniş imkanlar açıb. Məhz həmin sahələrin uğurlu fəaliyyəti nəticəsində ölkəmizin maliyyə imkanları daha da genişlənib, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına yönəlmiş qərarların qəbul edilməsinə şərait yaranıb. Yeni komplekslərin, müəssisələrin, infrastruktur obyektlərinin yaradılması iş yerlərinin açılmasına, büdcəyə vergi, gömrük daxilolmalarının əhəmiyyətli dərəcədə artması, sözsüz ki, uğurlu nəticələrə gətirib çıxarıb.
Azərbaycanda sosial siyasətin fasiləsiz və davamlı şəkildə həyata keçirilməsi Prezidentlə cəmiyyətimiz arasında inam və etimad mühitini formalaşdıran ən təsirli amildir. Hakimiyyətlə xalq arasında anlaşma və etimad məsələsində Azərbaycanın, hətta inkişaf etmiş ölkələrin reytinqlərində ən yüksək pillələri tutması məhz sosial siyasətin dəqiqliyi və əhatəliliyi hesabına əldə olunmuş nəticədir. Dünyada çox az ölkə tapılar ki, sosial siyasətin təzahür formalarının müxtəlifliyinə görə Azərbaycanla müqayisə oluna bilsin. 
Əməkhaqqı, pensiya və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, mütəmadi olaraq əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, məktəb və xəstəxanaların tikintisi, səhiyyə, təhsil sahələrinin, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım və pensiya sisteminin təkmilləşdirilməsi və s. sahədə atılan addımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə maaş və pensiyaların, o cümlədən minimum əməkhaqqının son 16 ildə bir neçə dəfə artırıldığına nəzər salmaq kifayətdir. Həmin müddətdə maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı 6,5 dəfə artıb. Ötən il də Prezidentin müvafiq sərəncamları ilə bütün növ pensiyalar, təqaüdlər və sosial müavinətlər artırılmışdı.
Bu il iyunun 18-də Prezident İlham Əliyev hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması haqqında bir sıra sərəncamlar imzalayıb. 
Həmin sənədlər sırasında dövlət başçısının “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncamı da mühüm önəm daşıyır. Həmin sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Onlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Həmin artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq.
Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.
“Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir. Belə ki, bundan əvvəl dövlət başçısının bu il fevralın 8-də imzaladığı sərəncamla da minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmış və həmin artım 600 minədək insanı əhatə etmişdi. Dövlət başçısının uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması kimi əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib.
Artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə ikinci yerdə qərarlaşacaq. Onu da qeyd edək ki, minimum əməkhaqqının artımı, həm də əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək. Eyni zamanda, nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinə əsasən, müxtəlif amillərə görə işçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qadağan edilir.
Prezident İlham Əliyevin sosial islahatlar paketinin yeni uğurlu nəticələri, sosial müdafiə sahəsində atılan mühüm addımlar müəllimləri də əhatə edir. Dövlət başçısının iyunun 18-də imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar bu istiqamətdə daha bir əhəmiyyətli addımın atılmasına imkan verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” sərəncamda həmin müəllimlərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılması tapşırılır. Sərəncam, ümumilikdə, 160 minə yaxın müəllimi əhatə edir və onların orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir. Artımın təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, bu il (sentyabr-dekabr ayları) üzrə isə 73 milyon manat vəsait ayrılacaq.
Prezident İlham Əliyevin “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamı isə həmin təbəqədən olan müəllimlərin və işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılmasını nəzərdə tutur.
Hər iki sərəncam, ümumən, ölkəmizdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması tədbirlərinin getdikcə geniş vüsət aldığını, dövlət başçısının siyasətinə uyğun olaraq, dinamik iqtisadi inkişafın ilk növbədə vətəndaş rifahının təminatı hədəfinə yönəldildiyini bir daha təsdiq edir.
Prezident İlham Əliyevin “Biz həm sosial məsələlərin həlli, həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələcəkdə də davam etdirəcəyik” – bəyanatı bundan sonra da ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, bütün sosial proqramların uğurla davam etdirilməsinin prioritet istiqamətlər olacağını deməyə əsas verir.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 

20 2019 00:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2019 | 17:39
Ukraynada vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə