Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan vətəndaşı yüksək rifah içində yaşamalıdır

Dövlət başçısının sosial siyasəti buna yönəlib

Azərbaycan vətəndaşı yüksək rifah içində yaşamalıdır

Bu gün ölkəmiz regionda həyata keçirilən qlobal enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilib, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlib. Respublikada sosial problemlərin həlli – işsizliyin, yoxsulluğun azaldılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb. Vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda əhəmiyyətli tədbirlər həyata keçirilib.

Azərbaycanda dayanıqlı iqtisadi inkişafın sürətləndirilməsi və bunun nəticəsində maliyyə imkanlarının genişlənməsi sosial sahədə dövlət siyasətinin daha uğurla reallaşdırılmasını təmin edir. Hazırda bu, sözügedən istiqamətdə tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsi prosesində daha aydın müşahidə olunur. Xatırladaq ki, hələ 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev gələcək fəaliyyət prioritetlərini elan edərkən, sosial məsələlərin diqqət mərkəzində olacağını bildirmişdi: “Gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır. Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır”. 
Ötən dövr ərzində möhtərəm Prezidentin rəhbərliyi ilə Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək, mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşlarda narahatlıq doğuran problemləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını yaxşılaşdırmaq və daha güclü, qüdrətli dövlət qurmaq istiqamətində dərin islahatlara başlanılıb. İyunun 18-də dövlət başçısının “Minimum aylıq əməkhaqqının artırılması haqqında” hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması haqqında bir sıra sərəncamlar imzalaması da həmin islahatların yeni mərhələsidir. 
Burada bir məqamı xüsusi vurğulamaq istərdim. Minimum əməkhaqqı artımının işçilərin təkcə bu gün üçün maaş formasında gəlirlərinin çoxalmasına deyil, gələcək sosial təminatlarına da müsbət təsir edəcək. Başqa sözlə, artan əməkhaqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də yüksələcək. Belə olan halda işçinin fərdi hesabındakı pensiya kapitalı daha çox artacaq ki, bu da onun gələcək sosial təminatı, habelə gələcəkdə bu və ya digər səbəbdən işini itirərsə, ona təyin olunan işsizlikdən sığorta ödənişinin çox olması baxımından faydalıdır.
Ümumiyyətlə, bütün bunlar ölkəmizdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması tədbirlərinin getdikcə geniş vüsət aldığını, dövlət başçısının siyasətinə uyğun olaraq, dinamik iqtisadi inkişafın, ilk növbədə, vətəndaş rifahının təminatı hədəfinə yönəldildiyini bir daha təsdiq edir. Eyni zamanda, Prezidentin ölkədə əhalini narahat edən bütün sosial-iqtisadi məsələlərdən hərtərəfli xəbərdar olduğunu və onları daim diqqət mərkəzində saxladığını, həmçinin qarşılaşılan problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verdiyini, nəticəsi ilə şəxsən maraqlandığını göstərir. 
Dövlət başçısının sosial sahəyə həssaslıqla yanaşması təsadüfi deyil. Çünki əhalinin rifah halının yaxşılaşdırılması, problemlərinin həlli istiqamətində operativ tədbirlər görülməsi ölkədə sabitliyin möhkəmlənməsinin əsasıdır. Prezident İlham Əliyev 28 May Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda da bu barədə deyib: “Biz bundan sonra da sosial sahəyə çox böyük diqqət göstərəcəyik. Çünki bu sahə hər bir ölkə üçün prioritet olmalıdır, o cümlədən bizim üçün. Baxmayaraq ki, son illər ərzində dəfələrlə maaşlar və pensiyalar artırılıb, biz bundan sonra da bu istiqamətdə addımlar atacağıq. Bu yaxınlarda çox böyük sosial paket qəbul edildi. Bu islahatların anonsu keçənilki prezident seçkilərindən sonra verilmişdir. Bu ilin əvvəlindən çox ciddi sosial təşəbbüs icra edilməyə başlamışdır”.
Dövlətimizin başçısı islahatların reallaşdırılması nəticəsində əhalinin maddi vəziyyətinin xeyli dərəcədə yaxşılaşdığını diqqətə çatdıraraq deyib: “Biz bundan sonra da bu istiqamətdə tam qətiyyətlə addımlar atacağıq. Çünki vətəndaşların sosial rifahı bizim üçün ən prioritet məsələdir. Ancaq təbii ki, bu, iqtisadi inkişafa bağlıdır. Çünki iqtisadi inkişaf, maddi imkanlar olmasa sosial proqramları həll etmək mümkün olmayacaq. Ona görə iqtisadi sahədə aparılan islahatlara bu gün çox böyük diqqət göstərilir və bu islahatlar artıq nəticə gətirir. Nəticə ondan ibarətdir ki, büdcə daxilolmaları artır. Bu ilin əvvəlindən büdcə daxilolmaları böyük dərəcədə – yüz milyonlarla manat həcmində artmışdır. Bu, bizə əlavə imkanlar yaradır ki, ilk növbədə sosial sahədə bu artım özünü göstərsin”.
Göründüyü kimi, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial islahatlar məhz dövlətin və xalqın maraqlarına xidmət edir. Ən əsası dövlət hər addımda öz vətəndaşının yanında olduğunu diqqətə çatdırır. Cənab Prezidentin elan etdiyi yeni islahatlar isə vətəndaşlarda sosial sahələrdə bundan sonra mühüm dəyişikliklərə yol açacağı, vətəndaş məmnunluğunu daha da möhkəmləndirəcəyi əminliyini möhkəmləndirir.

 

Hüseynbala MİRƏLƏMOV, 
Milli Məclisin deputatı,
YAP Xətai rayon təşkilatının sədri

 

20 2019 00:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə