Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa məhkəmələrinin qərarları Ermənistanın işğalçı dövlət olduğunu rəsmən təsdiqləyir

Fransa məhkəmələrinin qərarları Ermənistanın işğalçı  dövlət olduğunu rəsmən təsdiqləyir

Prezident İlham Əliyevin Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında mövqeyinin dünya birliyi tərəfindən dəstəklənməsi və Ermənistanın işğalçı siyasətinin pislənilməsi respublikamızın dünyada artan reytinqinin nəticəsidir. Bu günlərdə Fransa məhkəmələrinin bu ölkənin bəzi şəhər merlərinin və bələdiyyə rəhbərlərinin işğal altında olan ərazilərimizdəki separatçı rejimlə imzaladığı xartiyaların ləğv edilməsi barədə qərar qəbul etmələri də ölkəmizin siyasi əlaqələrinin güclənməsinin nəticəsidir.  

Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın işğal edilmiş torpaqlarında formalaşdırılmış qondarma qurumla həmrəylik nümayiş etdirmək, bu qurumun müstəqil respublika olması barədə beynəlxalq aləmdə rəy formalaşdırmaq  naminə bitərəflik prinsiplərinə qəsdən məhəl qoymamaq,  ermənipərəst deputatların bu ərazilərə qeyri-qanuni səfərlər təşkil etmək  cəhdləri iflasa uğradı.
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı separatçı cinayətkar rejimin təbliği və onun legitimləşdirilməsi məqsədilə bir sıra ermənipərəst dairələrin nümayəndələrinin, xüsusilə,  Fransanın bəzi  şəhərlərinin merlərinin Dağlıq Qarabağa səfərlərini təşkil etməsi, hətta  işğal altındakı ərazilərdə  “Dostluq haqqında xartiya” imzalanması heç bir fayda vermədi. Ümumiyyətlə, Fransanın Alforvil və Valans şəhərlərinin  merlərinin və bələdiyyə rəhbərlərinin respublikamızın  işğal edilmiş Dağlıq Qarabağ regionuna səfəri Azərbaycan qanunvericiliyinin və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Bununla yanaşı, bəzi ölkələrin müxtəlif şəhərləri ilə əməkdaşlıq qurulması, telemarafonların və yardım kampaniyalarının, qeyri-qanuni səfərlərin təşkili Ermənistan hakimiyyətinin bu niyyətinə xidmət edən  hüquqazidd addımlardır. Təbii ki, işğalçı dövlətin bu istiqamətdə göstərdiyi bütün cəhdlərin heç bir hüquqi əsası yoxdur və buna görə də dünya dövlətləri və əksər beynəlxalq təşkilatlar tərəfindən ciddi qarşılanmır. Əksinə, Ermənistanın qonşu dövlətin ərazi bütövlüyünə, regional təhlükəsizliyə yaratdığı təhdidlər ciddi şəkildə qınanılır. Fransa məhkəmələrinin qərarı bunu növbəti dəfə təsdiq etdi.
Xatırladaq ki, Fransa məhkəmələrinin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış  qondarma  “Dağlıq Qarabağ respublikası” ilə  imzalanmış sənədlər -- əvvəlcə Serji-Pontuaz Məhkəməsinin qərarı ilə Arnuvil şəhərinin qondarma Dağlıq Qarabağdakı şəhər inzibati bölgəsi ilə “Dostluq haqqında xartiya”sı ləğv edildi. Eyni qərarla Arnuvil şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “dostluq xartiyası”  da ləğv edildi. Daha sonra Qrenobıl Məhkəməsi də  eyni xarakterli 4 “dostluq xartiyası”nı ləğv etdi.
Təbii ki, bu qərarların qəbul edilməsi gözlənilən idi. İlk növbədə, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti buna hüquqi baza yaratmışdı.  Eyni zamanda,  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban  xanım Əliyevanın Fransa Respublikasına səfərləri  proqramının zənginliyi,  yüksək səviyyəli görüş və danışıqların  keçirilməsinin də əhəmiyyəti qeyd edilməlidir. Azərbaycan -- Fransa əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyətə malik olan bu səfərlər diplomatiya tariximizə yeni səhifə kimi yazıldı.  Bu səfərlər, eyni zamanda, dünya və Avropa ictimaiyyətində Azərbaycan barədə müsbət imicin formalaşmasından, ölkəmizə və şəxsən Mehriban xanım Əliyevaya böyük diqqət və hörmətdən, nəhayət, Birinci vitse-prezidentin diplomatik məharətindən xəbər verir. Bunun nəticəsi Fransa məhkəmələrinin qəbul etdiyi qərarlarda mühüm rol oynadı.
Fransa Qərbin aparıcı, inkişaf etmiş, Avropa İttifaqının lider dövlətlərindən biridir. Paris ənənəvi olaraq Avropa və dünya siyasətinə ciddi təsir göstərir. Cənubi Qafqazda da fəallığı ilə seçilən bu ölkə ATƏT-in Minsk qrupunun həmsədridir. Onun Yerevana təsir imkanları da ayrıca söhbətin mövzusu ola bilər. Fransada erməni diasporu və lobbisinin dövlət siyasətinə təsir göstərdiyi sirr deyil. Onlar Azərbaycan -- Fransa əlaqələrini hər vəchlə əngəlləməyə, münasibətlərə kölgə salmağa çalışırlar. Lakin artıq zaman Azərbaycanın xeyrinə işləyir.
Yeri gəlmişkən, qeyd edim ki, 1993-cü il dekabrın 20-də  Fransa ilə Azərbaycan arasında imzalanmış “Dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə”nin 2-ci maddəsində tərəflər beynəlxalq təhlükəsizliyin təmin edilməsi, münaqişələrin qarşısının alınması, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn rəhbər tutulması, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmaması prinsipinə hörmət edilməsi naminə səylərini birləşdirəcəklərinə dair üzərlərinə öhdəliklər götürüblər. Fransanın beynəlxalq öhdəliklərinə uyğun olaraq, ilk növbədə, vurğulamaq lazımdır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörməti təsdiq edən, Azərbaycanın işğal edilmiş bütün ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən BMT TŞ tərəfindən 1993-cü ildə qəbul edilmiş qətnamələr rəsmi Paris tərəfindən dəstəklənib.
Bütün bunların davamı olaraq, Fransanın  İnzibati Məhkəməsi “Fransanın beynəlxalq öhdəliklərinə hörmət etmir”  və “Dövlətin müstəsna səlahiyyəti olan Fransanın xarici siyasətinə qarşı çıxır” arqumentlərini rəhbər tutaraq,  Azərbaycanın işğal altında olan əraziləri ilə imzalanmış xartiyaları ləğv edib. 
Fransa məhkəmələrinin qərarı  bir daha təsdiqlədi ki, Azərbaycanın ərazi bütövlüyünə, regional təhlükəsizliyə Ermənistanın yaratdığı təhdidlər ciddi şəkildə pislənilir və bu ölkənin işğalçı siyasəti artıq beynəlxalq aləmdə də qəbul edilmir.

 

Mehdi ABDULLAYEV,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq üzrə elmlər doktoru

 

 

20 2019 00:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2019 | 17:39
Ukraynada vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə