Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

LDU-da pilot layihəyə yekun vurulub

LDU-da pilot layihəyə yekun vurulub

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihə”nin icrası ilə bağlı yekun konfrans keçirilib. 
Toplantını açan universitetin rektoru vəziəfəsini icra edən professor Natiq İbrahimov bildirib ki, pilot layihənin icrası Lənkəran Dövlət Universitetİ ilə layihəyə qatılan Astara, Lənkəran və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında sıx elmi-pedaqoji əməkdaşlığın yaranmasına, metodiki və təlim metodlarının təkmilləşdirilməsinə, istedadlı şagirdlərin aşkarlanmasına imkan verib.
Pilot layihənin yekunları barədə konfrans iştirakçılarını layihənin əlaqələndiricisi, tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov geniş məlumatlandırıb. O qeyd edib ki, layihənin nəticəsində tədris-metodiki işlərin səmərəli qurulması təmin edilib, müəllimlərin peşə bacarıqlarının və şagirdlərin təlim nailiyyətlərinin davamlı inkişafına nail olunub. Pilot layihənin tədbiq edildiyi hər 3 rayondan son iki ildə respublika olimpiadalarına qatılan iştirakçıların sayı dəfələrlə artıb, onların nəticələri xeyli yüksəlib. Məktəblərdə universitet müəllimləri tərəfindən ustad dərslərinin keçirilməsi, məktəb müəllimlərinin açıq dərslərinin təşkili, kimya, biologiya, fizika və riyaziyyat fənləri üzrə gecələrdə praktik məşğələlərə geniş yer ayrılıb. Görülmüş işlərin nəticələri barədə kitabın tərtib edilməsi isə imkan verir ki, qazanılan təcrübədən respublikanın digər ali və ümumtəhsil müəssisələri də yararlansınlar. 
 Müzakirələrdə Lənkəran, Astara, Yardımlı rayonlarının təhsil şöbələrinin rəsmiləri, təhsil işçiləri, layihə iştirakçısı olan universitet müəllimləri iştirak ediblər. Yekunda birmənalı olaraq pilot layihənin davamlı olması vacibliyi vurğulanıb. 
Konfransın işində iştirak edən Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov və nazirliyin daxili nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev layihənin uğurla yekunlaşmasını təqdir ediblər. 
Sonda konfrans iştirakçıları adından ölkə başçısı İlham Əliyevə müraciət ünvanlanıb.

 

Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”nin bölgə müxbiri

20 2019 00:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə