Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılıb

Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılıb

Dövlət Film Fondunda Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə sənətkarın həyat və fəaliyyətindən bəhs edən videofilm nümayiş olunub.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev sənətkarın həyat və yaradıcılığından, milli kinomuzun və teatr sənətimizin inkişafındakı xidmətlərindən danışıb. O deyib: “Gecəni belə adlandırardım – zaman, sənət və əbədiyyət. Çünki zamanın çətin, mürəkkəb yollarından Amaliya xanım şərəflə çıxıb. Əsl sənət fədaisi, vurğunu olub. Bu gün əbədiyyətə qovuşsa da, milyonlarla tamaşaçının qəlbində daim yaşayacaq”.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, Amaliya xanım ölməz dramaturqumuz İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşası ilə Azərbaycan incəsənətində parlaq bir ulduz kimi doğdu. Aktrisanın həm kino, həm də teatr səhnəsində canlandırdığı obrazların hər biri onun böyük istedadından xəbər verirdi. Bu obrazlar böyük bir coğrafiyanı əhatə edirdi. O, həm Azərbaycan, türk dünyasının, həm də dünya klassiklərinin əsərlərində oynamışdı. Bu obraz rəngarəngliyinin arxasında böyük bir zəhmət durur. Bu zəhmətkeşlik, ilk növbədə, onun öz sənətinə sevgisindən irəli gəlirdi.
Milli Məclisin deputatı, akademik Rafael Hüseynov qeyd edib ki, Amaliya xanım 50 ildən çox Azərbaycan səhnəsində, ekranında, mədəni gerçəkliyində elə iz qoyub, elə incilər yaradıb ki, ondan yaxşısını yaratmaq çətin olacaq. Zaman ötdükcə Amaliya xanımın böyüklüyü daha dərindən dərk ediləcək. Adətən, böyük sənətkarlardan danışarkən deyirlər ki, onların yeri həmişə görünür və görünəcək. Amaliya xanım haqqında danışarkən yeri görünəcək ifadəsi dəqiq səslənmir. Amaliya xanımın sadəcə, yeri yox, özü həmişə görünəcək.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Amaliya Pənahovanın yaratdığı obrazların özünəməxsusluğundan danışıb, görkəmli aktrisanın sənətinin onu sevənlərin qəlbində həmişə yaşayacağını deyib.
Tədbirdə Cəfər ­Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov, Əməkdar artist Elxan Qasımov və başqaları Azərbaycan teatr və kino sənətində Amaliya Pənahovanın bənzərsiz sənət dünyasından, yaratdığı maraqlı obrazlar qalereyasından söhbət açıblar.
Bildirilib ki, A.Pənahovanın adı Azərbaycan teatrının böyük bir dövrü ilə bağlıdır. Onun sənəti tamaşaçıların yaddaşına yaratdığı obrazlarla əbədi həkk olunub. On doqquz yaşında səhnəyə atılan gənc qız ömrünün sonrakı 50 ilini Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə, inkişafına həsr edib. O, 1964-cü ildən bəri teatrda, kinoda, televiziya tamaşalarında 300-dən çox müxtəlif səpkili, rəngarəng, bir-birinə bənzəməyən, Azərbaycan teatr sənətinin silinməz tarixinə çevrilən parlaq obrazlar yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla xatun, Məhsəti, Larisa, Ofeliya, Linza rolları Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazılıb.
Qeyd edilib ki, böyük istedada malik aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb, 10-dan çox teatr və televiziya tamaşasına quruluş verib. Həmin tamaşaların çoxu lentə alınıb, hazırda televiziyanın “Qızıl fondu”nda saxlanılır.
Amaliya Pənahovanın istedadının başqa bir cəhəti onun böyük təşkilatçılıq qabiliyyətinə malik olmasında idi. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edərək onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün səylərini əsirgəməyib. Amaliya Pənahova teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə yüksək fəxri adlara layiq görülüb.
Sonda Amaliya Pənahovanın ailəsi adından oğlu İlqar Muxtarov çıxış edərək, anasının sənətinə verilən yüksək qiymətə və xatirəsinə göstərilən ehtirama görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

19 2019 23:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2019 | 17:39
Ukraynada vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə