Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xətai rayonunda içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı yeni layihələr reallaşdırılır

Xətai rayonunda içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı yeni layihələr reallaşdırılır

Prezident İlham Əliyevin əhalinin içməli su təchizatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq, Bakının Xətai rayonunda yeni layihələr həyata keçirilir.
“Azərsu” ASC-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu layihələr çərçivəsində magistral su xətləri çəkilir, məhəllədaxili və binadaxili su təchizatı sistemləri yenidən qurulur. Ötən müddətdə Məhəmməd Hadi, Sarayevo, Mikayıl Rüstəmov, S.Ə.Şirvani küçələrində yerləşən binaların məhəllədaxili su təchizatı sisteminin yenidən qurulub və 7,4 kilometrlik su xətləri çəkilərək sayğaclar quraşdırılıb. Hazırda General Mehmandarov, Əliağa Şıxlinski, Qafqaz, Xudu Məmmədov, Rahib Məmmədov, Cavanşir, Qədir Məmmədov, Çingizxan Kərimov, Sarayevo, Rüstəmov, Əbilov, 1-ci Əhmədli küçələrində yeni su şəbəkələri inşa edilir. Bu ərazilərdə mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olsa da su xətləri uzun müddət istismar olunduğundan yararsız vəziyyətə düşüb. Xüsusilə binadaxili sistemlər köhnəldiyindən tez-tez qəzalar baş verir və normal su təchizatını həyata keçirmək mümkün olmurdu. 
Yeni layihə çərçivəsində binaların şaxtalarından keçən və istismar müddətini başa vurmuş su xətləri ləğv edilir. Əvəzində binaların həyətindən keçməklə yeni su xətləri çəkilir və hər bir girişdə siyirtmələr quraşdırılır. Mənzilləri su ilə təmin edən dik dayaqlar pilləkən qəfəslərinə çıxarılır və hər bir abunəçi sayğacla təmin edilir.
Məhəllədaxili su təchizatı sistemlərinin yenidən qurulması ilə yanaşı, yeni magistral və daşıyıcı xətlər də inşa edilir. General Mehmandarov küçəsində tikilən 2,2 kilometrlik yeni magistral su xətti Köhnə Günəşli yaşayış massivi və ətraf ərazilərin içməli su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaq. 
Ümumilikdə, Xətai rayonunda icra olunan layihələr çərçivəsində 35 kilometrədək su xətti çəkiləcək və sayğaclar quraşdırılacaq. Bununla da, Bakı şəhərinin şərq hissəsində böyük ərazidə əhalinin içməli su təchizatında stabillik təmin olunacaq. Ötən illərdə Bakının şərq hissəsinin içməli su təchizatında mühüm əhəmiyyət daşıyan anbar komplekslərində aparılan yenidənqurma işləri nəticəsində Xətai rayonunun bir hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib.

19 2019 23:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə