Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kim Çen In Koreya yarımadasını nüvə təhlükəsindən xilas etməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina etibarlı insan olduğuna görə təşəkkürünü bildirib. Məlumatı “İnterfaks.ru” verib. 
“Şimali Koreyanın dövlət başçısı “Prezident Trampa qətiyyətlə inandığını” bəyan edib. Sizə təşəkkür edirəm, cənab Kim. Biz bunu birlikdə edəcəyik”, - deyə Tramp özünün tvitterində yazıb. 
Bundan bir qədər əvvəl isə Kim Çen Inla görüşmüş Cənubi Koreya Prezidentinin xüsusi nümayəndəsi Çon In Yön bildirib ki, onda Şimali Koreya liderindən ABŞ üçün ismarıc var. Çon In Yön deyib ki, Kim Çen In ABŞ-la Koreya yarımadasının nüvəsizləşdirilməsi haqqında danışıqların bərpasına ümid etdiyini bildirib. 
Görüş barədə məlumat verən “Bloomberq” qeyd edib ki, Kim Çen In Seuldan gəlmiş nümayndə heyətinə nüvə silahlarını ləğv etmək və yarımadanı hərbi təhlükədən xilas etmək niyyətində olduğunu söyləyib. Məlumata görə, tərəflər Şimali və Cənubi Koreyalar arasında növbəti sammitin 18-20 sentyabrda keçirilməsi ilə bağlı razılaşmanı təsdiqləyiblər. Çon In Yön Kim Çen Ina Cənubi Koreya və ABŞ prezidentlərinin məktublarını təqdim edib. KXDR lideri də, öz növbəsində, hər iki dövlət başçısına yazdığı məktubları Cənubi Koreya nümayəndə heyətinin başçısına verib. Məktubların məzmunları açıqlanmır. 
Xüsusi nümayəndə görüşdən sonra bildirib ki, Kim Çen In sülh əhval-ruhiyyəsindədir, nüvə silahlarının məhvinə hazırdır və hətta Amerika qoşunlarının Cənubi Koreya ərazisindən çıxarılmasını da tələb etmir. Onun sözlərinə görə, Şimali Koreya lideri yarımadanı silahlı münaqişə və müharibə qorxusundan, nüvə təhlükəsindən tamamilə xilas etməyə, ərazini sülh meydançasına çevirməyə hazırlaşır. O, hətta sülh müqaviləsi imzalamağa və Koreyalararası müharibəyə rəsmi şəkildə son qoymağa da hazırdır. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

6 2018 21:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə