Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistandakı qarşıdurmalar mövcud hakimiyyət üçün yaxşı heç nə vəd etmir

Ermənistandakı qarşıdurmalar mövcud hakimiyyət üçün yaxşı heç nə vəd etmir

Son günlər Ermənistanda etiraz aksiyalarının miqyası getdikcə genişlənir. Sabiq prezidentlər Robert Koçaryanın həbsdən azad edilməsi və  Serj Sarkisyanın  Azərbaycanın işğal  olunmuş ərazisinə -- Dağlıq Qarabağa qanunsuz səfəri və səfər çərçivəsində  separatçı rejim tərəfindən baş nazir  Nikol Paşinyana nisbətən  hörmətli qarşılanması  qarşıdurmanı dərinləşdirib. Digər tərəfdən, N.Paşinyanın verdiyi vədlərin heç birini yerinə yetirməməsi, işğalçı ölkənin xarici siyasətdə buraxdığı səhvlər, ölkədə aclıq və səfalətin, işsizliyin tüğyan etməsi, iqtisadi sahədə irəliləyişin nəzərə çarpmaması vəziyyəti daha da ağırlaşdırıb. Son vaxtlar ölkədə baş qaldıran etiraz aksiyalarının sayı getdikcə artır.

Bu günlərdə Fransa məhkəmələrində Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi işğalçı ölkədə siyasi böhranı daha da dərinləşdirirb. Bundan sonra Ermənistanda və erməni lobbisində ciddi narahatlıq yaranıb. Artıq Nikol Paşinyanın siyasi kursunun iflasa uğradığı özünü açıq şəkildə büruzə verir. Etirazçılar artıq baş nazirin hakimiyyətinin sona çatdığını bildiriblər. Yerli politoloqlar hesab edirlər ki, Ermənistanın beynəlxalq aləmdə küncə sıxışdırılmasının əsas səbəbi, ilk növbədə, Azərbaycanın münaqişəni beynəlxalq hüququn normalarına uyğun olaraq hüquqi müstəviyə çıxarması və bu istiqamətdə fəal iş aparmasıdır. Digər tərəfdən, onu da etiraf etməyə məcburdular ki, Fransada erməni lobbisi nə qədər güclü olsa belə, ATƏT Minsk qrupunun həmsədri kimi Fransa neytrallıq saxlamağa məcburdur. 
Əslində, Fransanın bəzi şəhər merlərinin və bələdiyyə rəhbərlərinin Azərbaycanın işğal altında olan ərazilərində “Dostluq haqqında xartiya” imzalamaları həm beynəlxalq hüququn normalarına, həm də Fransanın qanunlarına zidd idi. Həmçinin bu, elə kobud beynəlxalq qanunvericilk pozuntusudur ki, heç bir, hətta müstəqil olmayan məhkəmə belə ona bəraət qazandıra bilməzdi. 
Xatırladaq ki, Fransa məhkəmələrinin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan qondarma “Dağlıq Qarabağ respublikası” ilə imzalanmış sənədlər -- əvvəlcə Serji-Pontuaz məhkəməsinin qərarı ilə Arnuvil şəhərinin qondarma Dağlıq Qarabağdakı şəhər inzibati bölgəsi ilə “Dostluq haqqında xartiya”sı ləğv edildi. Eyni qərarla Arnuvil şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “dostluq xartiyası” da ləğv edildi. Daha sonra Qrenobl Məhkəməsi eyni xarakterli 4 “dostluq xartiyası”nı ləğv etdi. 
Ermənistan üçün ağır zərbə olan bu qərarlardan sonra İrəvanda vəziyyət daha da pisləşdi. Xüsusilə, bunun digər Avropa ölkələri üçün presedent olacağı qorxusu ciddi çaxnaşma yaratdı. Fransa məhkəmələrinin qərarlarının Ermənistan parlamentində müzakirəyə çıxarılması da bundan xəbər verir. 
Müzakirələr zamanı Fransa məhkəmələrinin bu qərarları qəbul etməsində Ermənistan hakimiyyətinin, xüsusilə Xarici İşlər Nazirliyinin fəaliyyəti kəskin tənqid olunub və Azərbaycan diplomatiyası qarşısında məğlubiyyətə uğradıqlarını etiraf ediblər. Deputatlar bu qərarların qəbul edilməsini indiki iqtidarın fəaliyyətsizliyinin nəticəsi kimi dəyərləndiriblər. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransada genişmiqyaslı iş apardığını etiraf ediblər. Ermənistan hakimiyyətinin rəhbərlərinin isə bu fəaliyyətin qarşısında aciz qaldıqlarını bildiriblər. Nəticə isə göz önündədir. 
Parlamentdə çıxış edən deputatlar həyacanlarını gizlədə bilməyiblər və bildiriblər ki, bu qərarlar Ermənistana baha başa gələcək və Avropa İttifaqının üzv ölkələrinin digər şəhərlərində də belə qərarların qəbul ediləcəyi ehtimalından qorxuya düşüblər. Deputatlar bildiriblər ki, burada yalan məlumatlarla xalqı sakitləşdirməyə çalışan dövlət rəsmiləri unutmamalıdırlar ki, Ermənistanın Fransanın müstəqil məhkəmələrinin qərarlarını dəyişdirməyə heç bir gücü yoxdur.
Fransa Milli Assambleyasının (Parlament) xarici işlər üzrə komissiyasının və Fransa --Azərbaycan dostluq qrupunun üzvü, deputat Jerom Lamberin bir neçə ay əvvəl verdiyi müsahibəsində “Azərbaycanlılar Ermənistanın işğalı nəticəsində öz torpaqlarından qovulublar” – deməsi Ermənistana ciddi zərbə olmuşdu. Fransalı deputat müsahibəsində bildirmişdi ki, Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda qaçqın və məcburi köçkünlərlə görüşlər keçirdik: “ Bu insanlar Ermənistanın işğalı nəticəsində öz torpaqlarından qovulublar. Onlar öz dədə-baba yurdlarına qayıtmaq arzusundadırlar. Onlar bunu bütün varlıqları ilə arzulayırlar və bu da təbiidir. Məqsədimiz vəziyyəti yerində öyrənmək idi. Adama uzaqdan elə gələ bilər ki, üstündən 25 il keçib və hər şey unudulub gedib, onlar vəziyyətləri ilə barışıblar. Lakin bu, heç də belə deyil. Onların əksəriyyətinin yeganə arzusu geri, Qarabağa dönməkdir. Bu səfər mənə həmin reallığı anlamaq imkanı verdi. Rast gəldiyimiz məcburi köçkünlər arasında düşərgədə yaşayanlar, səfil həyat sürənlər olmasa da, çətin vəziyyətdə yaşayanlara da, nisbətən rahat həyat tərzi olanlara da rast gəldik. Bu insanları görmək çox təsirli idi”.
Fransalı deputat öz ölkəsinin bəzi şəhərlərinin merləri və bələdiyyə rəhbərlərinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın şəhərləri arasında imzalanan “dostluq xartiya”larını da qeyri-qanuni adlandırmış və sənədlərin imzalanmasının heç bir əsası olmadığını bildirmişdi: “Belə “dostluq xartiya” larından çox imzalanmayıb, hətta cəmi üst-üstə bir neçə dənədir. Qanunda bir boşluq olduğu üçün onların imzalanmasını qadağan edə bilmirik. Lakin şəhərlər arasında qardaşlaşmanın departament rəhbərlərininin icazəsi ilə həyata keçirildiyi üçün qarşısını almaq mümkün olub”. Ardınca Fransa məhkəmələrinin bu xartiyaları ləğv etməsi işğalçı dövlətə daha bir zərbə oldu. 
Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan həm hüquqi müstəvidə, həm də beynəlxalq siyasi və iqtisadi təsir imkanları vasitəsilə istənilən qeyri-qanuni, antiazərbaycan xarakterli addımların qarşısını almağa qadirdir. Son illər Azərbaycanla Fransa arasında dostluq əlaqələrinin gücləndirilməsi, siyasi və iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, xüsusilə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu ölkəyə səfərləri zamanı apardığı danışıqlar, keçirdiyi tədbirlər öz bəhrəsini verir. Bütün bunlar Prezident Emmanuel Makron başda olmaqla Fransa hakimiyyətinin mövqeyinə öz təsirini göstərməyə bilməzdi.
Hazırda Ermənistan çaşqınlıq içərisindədir. Bir tərəfdən, baş nazir Nikol Paşinyanın idarəetmədəki səhvləri, xarici siyasətdəki uğursuzluğu, digər tərəfdən də işğalçı ölkənin beynəlxalq aləmdə küncə sıxışdırılması, həmçinin daxili qarşıdurmanın getdikcə dərinləşməsi indiki hakimiyyətin sonunu daha da yaxınlaşdırır .

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

19 2019 12:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 İyul 2019 | 12:52
ANAMA 21 yaşında

Köhnə versiyamızdan xəbərləri izlə