Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin birinci cildi ictimaiyyətə təq­di­m edilib

“Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin birinci cildi ictimaiyyətə təq­di­m edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yeni konsepsiya əsasında hazırlanmış “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin birinci cildinin təqdimatı keçirilib. Bu barədə İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən  məlumat verilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci - “Şifahi xalq ədəbiyyatı” cildinin yeni elmi konsepsiya ilə hazırlanma əhəmiyyətindən danışıb. Akademik çıxışında ədəbiyyat tarixinin dövrləşdirilməsi tarixinə geniş yer ayıraraq qeyd edib ki, ədəbiyyat tarixinin dövrləşməsi konsepsiyası ilə bağlı fikirlərini bu kitabın müqəddiməsində oxuculara təqdim edib.

Həmçinin bildirib ki, sözügedən kitab AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Folklor İnstitutunun, Dilçilik İnstitutunun, Bakı Dövlət Universitetinin, Atatürk Mərkəzinin birgə əməkdaşlığı sayəsində işıq üzü görüb. Kitabın hazırlanmasında üç prinsip əsas götürülüb. İlk olaraq elmi prinsip, ikinci növbədə xalqımızın ümummilli prinsipləri, nəhayət, dövlətçilik prinsipi əsasında kitab nəşr olunub.

Daha sonra kitabın məsul redaktoru, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı “10 cildlik ədəbiyyat tarixinin I cildi haqqında söz” adlı məruzə ilə çıxış edib. O, məruzəsində bildirib ki, kitabın hazırlanması zamanı ümumtürk etnocoğrafiyası nəzərə alınıb, milli elmi istiqlal düşüncəsi bu kitabda xüsusi yer alıb.

Təqdimat mərasimində Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, professor Qəzənfər Paşayev,  professor Qəzənfər Kazımov, kitabın məsul katibi Aynur Xəlilova, müəlliflərdən Əfzələddin Əsgər də çıxış ediblər.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

19 2019 11:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə