Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılıb

Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılıb

Dövlət Film Fondunda Xalq artisti Amaliya Pənahovanın anadan olmasının 74 illiyinə həsr edilən tədbir keçirilib.

Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə sənətkarın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev sənətkarın həyat və yaradıcılığından, milli kinomuzun və teatr sənətimizin inkişafındakı xidmətlərindən danışıb. O deyib: “Gecəni belə adlandırardım – zaman, sənət və əbədiyyət. Çünki zamanın çətin, mürəkkəb yollarından Amalya xanım şərəflə çıxıb. Əsl sənət fədaisi, vurğunu olub. Bu gün əbədiyyətə qovuşsa da, milyonlarla tamaşaçının qəlbində daim yaşayacaq”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, Amaliya xanım ölməz dramaturqumuz İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşası ilə Azərbaycan incəsənətində parlaq bir ulduz kimi doğdu. Aktrisanın həm kino, həm də teatr səhnəsində canlandırdığı obrazların hər biri onun böyük istedadından xəbər verirdi. Bu obrazlar böyük bir coğrafiyanı əhatə edirdi – o, həm Azərbaycan, türk dünyasının, həm də dünya klassiklərinin əsərlərində oynamışdı. Bu obraz rəngarəngliyinin arxasında böyük bir zəhmət durur. Bu zəhmətkeşlik, ilk növbədə, onun öz sənətinə sevgisindən irəli gəlirdi.

Milli Məclisin deputatı, akademik Rafael Hüseynov qeyd edib ki, Amalya xanım 40 ildən çox Azərbaycan səhnəsində, ekranında, mədəni gerçəkliyində elə iz qoyub, elə incilər yaradıb ki, ondan yaxşısını yaratmaq çətin olacaq. Zaman ötdükcə Amalya xanımın böyüklüyü daha dərindən dərk ediləcək. Adətən böyük sənətkarlardan danışarkən deyirlər ki, onların yeri həmişə görünür və görünəcək. Amalya xanım haqqında danışarkən yeri görünəcək ifadəsi dəqiq səslənmir. Amalya xanımın sadəcə yeri yox, özü həmişə görünəcək.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Amalya Pənahovanın yaratdığı obrazların özünəməxsusluğundan danışıb, görkəmli aktrisanın sənətinin onun sevənlərin qəlbində həmişə yaşayacağını deyib.

Tədbirdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov, Əməkdar artist Elxan Qasımov və başqaları Azərbaycan teatr və kino sənətində Amalya Pənahovanın bənzərsiz sənət dünyasından, yaratdığı maraqlı obrazlar qalereyasından söhbət açıblar.

Sonda Amalya Pənahovanın ailəsi adından oğlu İlqar Muxtarov çıxış edərək anasının sənətinə verilən yüksək qiymətə və xatirəsinə göstərilən ehtirama görə tədbirin iştirakçılarına təşəkkürünü bildirib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 2019 12:05 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə