Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Parisə səfəri çərçivəsində UNESCO-nun Baş direktorunun təbiət elmləri üzrə yeni təyin olunmuş müavini Şamila Nair-Beduel ilə görüşüb. 
Görüşdə Ceyhun Bayramov Şamila Nair-Bedueli yeni təyinatı münasibətilə təbrik edərək, məsuliyyətli işində uğurlar arzulayıb. 
Sonra elmin müasir dünyadakı vacib rolundan söz açılaraq, uşaqları elmə cəlb etməyin yollarından, Azərbaycanda həyata keçirilən bir sıra layihələrdən, respublika olimpiadalarından və digər intellektual yarışlardan danışılıb. 
Ş.Nair-Beduel nüvə tədqiqatları sahəsində elm fakültələrinin dekanları üçün təşkil olunan seminarlar barədə məlumat verib. Belə layihələrin bilikləri paylaşmaq və qadın alimləri təşviq etmək üçün yaxşı vasitə olduğunu vurğulayıb. O, iyulun 16-17-də Parisdə elm konfransının keçiriləcəyini diqqətə çatdıraraq, bu tədbirin inkişaf edən tendensiyaları müzakirə etmək, elm dialoqu yaratmaq, elmin rolunu dərk etmək, mühüm nəticələr əldə etmək və bu sahədə informasiya boşluğunu aradan qaldırmaq üçün önəmli platforma olacağını bildirib.   
Tərəflər UNESCO-nun dəstəyi ilə təsis olunması nəzərdə tutulan elm və texnologiya üzrə muzey layihəsi barədə müzakirə aparıblar. Müzakirələrin davamı olaraq nümayəndə heyəti Parisdə fəaliyyət göstərən və Avropanın ən böyük elm muzeyi olan “Elm və sənaye şəhərciyi”nə baş çəkib.  
Təhsil naziri Ceyhun Bayramov Ş.Nair-Bedueli ölkəmizə dəvət edib.

 

Şəhla Ağalarova,
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

15 2019 00:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə