Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır

Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır

Beynəlxalq münasibətlər sistemində müəyyən gərginliklər müşahidə edilir. XXI əsrin ikinci onilliyini başa vurmaq ərəfəsində olduğumuz halda hazırda dünyada müxtəlif xoşagəlməz proseslərin getdiyini görürük. 
Bu fikirləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Düşənbədə keçirilən beşinci Zirvə toplantısında iştirak edən Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov AZƏRTAC-a açıqlamasında bildirib.
“Dünyada gedən xoşagəlməz proseslərin, baş verən müxtəlif siyasi hadisələrin fonunda bu cür tədbirlərin keçirilməsi olduqca önəmlidir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə də bu sahədə çox əhəmiyyətli bir platformadır. Düşənbədə keçirilən Zirvə toplantısına dünyanın 27 ölkəsinin dövlət və hökumət başçıları, nümayəndə heyətləri qatılıblar. Əlbəttə ki, bu toplantıda dünyada, o cümlədən Asiyada gedən proseslər ətraflı müzakirə olunacaq, regionda sabitliyin, təhlükəsizliyin təmini üçün atılmalı addımlar müəyyənləşdiriləcək”, – deyə Baş Nazir vurğulayıb. 
Novruz Məmmədov qeyd edib ki, bu gün dünya əhalisinin üçdə ikisinin, təxminən 4 milyarda yaxın insanın Asiya qitəsində yaşadığını nəzərə alsaq, bu tədbir planetimizin gələcək təhlükəsizliyinin təmin olunması, qlobal sülhün bərqərar edilməsi, qarşılıqlı etimadın müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.  
Baş Nazir deyib: “Əlbəttə ki, bu Zirvə toplantısında Azərbaycanın ən ağrılı problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərimi bildirəcəyəm. Ümumiyyətlə, dünyada mövcud olan gərginliyi yaradan amillərin, o cümlədən münaqişələrin, radikal yanaşmaların, terrorizmin aradan qaldırılması yolları müəyyənləşdirilməlidir. Çünki məhz bunlar dünyamızı hazırkı vəziyyətə gətirib. Həmçinin müəyyən geosiyasi iddialar var ki, onlardan da əl çəkmək lazımdır. Beynəlxalq hüquqa, onun norma və prinsiplərinə əməl olunmalıdır. Belə olan halda dünyamızda sülh, sabitlik bərqərar olar. Hesab edirəm ki, bu Zirvə toplantısında mənimlə bərabər, digər çıxışlarda da bu məsələlərə toxunulacaq. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin adından da göründüyü kimi, bu platformanın məqsədi də dövlətlər arasında etimadın, inamın bərqərar olunmasıdır”.
Azərbaycanın Ermənistanın ölkəmizə əsassız iddiaları nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarı olduğunu bildirən Baş Nazir deyib ki, BMT Təhlükəsizlik Şurasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının və digər mötəbər beynəlxalq qurumların münaqişə ilə bağlı ədalətli qərar və qətnamələrinə əməl edilməlidir. 

15 2019 00:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə