Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyevin qayıdışı Xalq Cümhuriyyəti irsinin bərpasını təmin etdi

Heydər Əliyevin qayıdışı Xalq Cümhuriyyəti irsinin bərpasını təmin etdi

Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq – ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda.
Heydər Əliyev
Ümummilli lider


Onun böyük siyasətə qayıdışının nəticələri barədə danışan və ya yazan hər kəsin öz arqumenti var. “Milli dövlətçiliyimizin ikinci dəfə əldən getməsinin qarşısını aldı”, “Vətəndaş müharibəsinin başlanmasına imkan vermədi”, “ Ölkəmizin suverenliyinin əbədiləşdirilməsini təmin etdi”, “Milli Ordumuzun möhkəmləndirilməsi naminə atəşkəsə nail oldu”, “Ölkədə baş alıb gedən xaos və anarxiyaya son qoydu”, “ AXC – Müsavat iqtidarının düşmən elan etdiyi qonşu dövlətləri Azərbaycanın dostlarına çevirdi”, “Xəzərin neft - qazının ölkə iqtisadiyyatının inkişafına xidmət etməsinin yollarını tapdı” və digər bu kimi arqumentlərin hamısı haqlı və ədalətli idi. 

Ancaq biz elə düşünürük ki, həmin faktların hamısı ilə yanaşı, Heydər Əliyevin məlum qayıdışının başqa bir nəticəsi də var ki, o, tarix baxımından daha böyük əhəmiyyət kəsb edir. Belə ki, Heydər Əliyev 70 ildən çox adını çəkə bilmədiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin irsinə bəraət qazandırmışdı. Bu zaman başqa bir məqamı da yada salmaq zərurəti var. Çünki, ulu öndər yuxarıda sadaladığımız faktlara ölkənin siyasi hakimiyyətinə qayıtdıqdan sonra -- 1993--2003-cü illərdə imza atmışdısa, Azərbaycan Xalq Cümhuriyyəti irsinə bəraət qazandırmaq prosesinə 1990-cı ildə, bilavasitə SSRI-nin mövcud olduğu dövrdə, Naxçıvan Muxtar Respublikasına rəhbərliyinin ilk günlərində başlamışdı.
Bu, bir faktdır ki, ulu öndər Heydər Əliyev xalqımızın və ölkədə yaşayan digər millətlərin milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə və xüsusən, tarixlərinə daim böyük hörmət və ehtiramla yanaşıb. Tolerantlıq və multikulturallıq ən çox diqqət yetirilən məsələlərdən olsa da, milli mədəniyyət və tariximiz də daim uca tutulub, hörmət və ehtirama layiq görülüb. XX əsrin əvvəllərində qazandığımız və cəmi 23 aylıq ömrü olan Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunması və təbliği də ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində idi. 
“Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycan torpağı mənim doğma torpağımdır. Mən fəxr edirəm ki, mənim Azərbaycan kimi millətim var. Mən fəxr edirəm ki, mənim doğma ana dilim, Azərbaycan dilim var. Mən fəxr edirəm ki, müstəqil, azad, qüdrətli Azərbaycan dövləti var”, -- deyən ulu öndər həm də Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsi ilə fəxr edirdi. Məhz həmin iftixarın nəticəsi idi ki, o, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında çalışdığı dövrdə, hələ Sovet dövlətinin mövcud olduğu zaman Naxçıvan Muxtar Respublikası Ali Sovetinin iclasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının qaldırılmasına nail olmuşdu.
Tarixi sənədlərdə oxuyuruq: “17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin rəhbərliyi ilə keçirilən iclasında birinci növbədə bayraq məsələsinə baxılmış, üçrəngli, ay-ulduzlu bayraq qaldırılmış, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 19 noyabr 1990-cı il tarixli qərarı ilə bu bayraq rəsmi surətdə Ali Məclisin binası üzərində ucaldılmışdır. Məhz dahi, uzaqgörən dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həyata keçirdiyi tədbirlər və aldığı qərarlar sonralar müstəqil Azərbaycanın milli dövlətçilik fəaliyyətinin təməlini təşkil etmiş, milli dövlət quruculuğunun əsasında dayanmışdır”. 
Ulu öndərin bu qərarı onun 20 Yanvar faciəsinin ertəsi günü Moskvadakı Azərbaycan nümayəndəliyində verdiyi bəyanatdan sonra ən cəsarətli addım, millət üçün göstərdiyi əlçatmaz fədakarlıq idi. Bu addım təkcə AXC irsinə olan ehtiramın göstəricisi deyil, həm də xalqın milli-azadlıq hərəkatına çağırılması idi. 
Ümummilli liderimiz sonralar müsahibələrinin birində demişdir: “Mən belə fikirdəyəm ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
Ulu öndərin AXC irsinə hörmət və ehtiramının göstəricisi idi ki, o, 2003-cü il fevralın 1-də Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncam imzalamışdı. Sənəddə göstərilirdi ki, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər xalqımızın tarixində dərin iz buraxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etsə də, onun aşılamış olduğu müstəqillik hissləri xalqımızın yaddaşından heç vaxt silinməmişdir. Bütün bunları əsas götürən ulu öndər sərəncam verdi ki, Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılsın. 
Ulu öndərin siyasi kursunu böyük məsuliyyət və yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti irsinə olan sevgi və məhəbbətinin göstəricisi barədə danışarkən isə öncə qeyd etməliyik ki, 2007-ci il mayın 25-də Bakıdakı İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış “İstiqlal bəyannaməsi” abidəsinin açılışı olmuş və Prezident həmin tədbirdə iştirak etmişdir. 
 Abidənin aşağı hissəsi qranitdən, yuxarı hissəsi isə ağ mərmərdən hazırlanıb. Ağ mərmərdən hazırlanan hissədə dövlət gerbi həkk olunub, qranit hissəyə isə “İstiqlal bəyannaməsi”nin mətni və bu bəyannaməni imzalayan şəxslərin adları həm əski, həm də latın qrafikası ilə yazılıb. “İstiqlal bəyannaməsi” abidəsi Səbail rayonu ərazisində AMEA Əlyazmalar İnstitutu ilə İqtisad Universiteti arasındakı ərazidə ucaldılıb. 
Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi qeyd edilməsinə nail oldu. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.
Daha bir qədirşünaslıq nümunəsi barədə. Prezident İlham Əliyevin 2017-ci il may ayının 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamda qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Bütün bunlara əsaslanan dövlət başçımız sərəncam verirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.
Bu qədirbilənlik tədbirlərinin ən mükəmməli ilə ötən il yanvarın 10-da tanış olduq. “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ölkə əhalisi tərəfindən böyük məhəbbət və şadyanalıqla qarşılandı. Sənəddə qeyd edilirdi ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır. 
Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün tamam olması münasibətilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmiş, bu münasibətlə həm respublika daxilində, həm də beynəlxalq aləmdə çoxsaylı tədbirlər həyata keçirilmişdi. Yəni, ulu öndərin Azərbaycan Xalq Cümhuriyyəti irsinə olan ehtiramı onun siyasi kursunu böyük məsuliyyət və fədakarlıqla davam etdirən Prezident İlham Əliyevin daimi diqqət mərkəzindədir. 
Fikrimizcə, xalqın dilinə, mədəniyyətinə, adət-ənənəsinə, xüsusən milli tarixinə göstərilən mükəmməl ehtiram, diqqət və qayğının nəticəsidir ki, bu gün respublikamızda postsovet məkanının heç bir ölkəsində müşahidə edilməyən mükəmməl “Xalq- iqtidar” birliyi bərqərar edilib. Gənc müstəqil dövlətimizin beynəlxalq aləmdə çoxsaylı uğurlara imza atmasının əsas səbəblərindən biri də məhz həmin birlikdir.

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 

15 2019 00:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə