Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin növbədənkənar sessiyasının ikinci plenar iclası keçirilib

Milli Məclisin növbədənkənar sessiyasının ikinci plenar iclası keçirilib

İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyasının ikinci plenar iclası keçirilib.
İclası açan Milli Məclisin sədri Oqtay Əsədov 15 iyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, 26 il əvvəl - 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası başlayıb. Zaman bizi 1990-cı illərin həyəcanlı günlərindən uzaqlaşdırdıqca, tariximizin bu dönüş məqamında canlı şahidi olduğumuz siyasətçilərin qədir-qiymətini daha yaxşı bilməliyik. O dövrlərdə Azərbaycan dövləti ikinci dəfə əldə etdiyi müstəqilliyi itirmək ərəfəsində idi, qardaş qırğını təhlükəsi vardı. Bu çətin zamanlarda müdrik Azərbaycan xalqı üzünü dahi oğlu, böyük şəxsiyyət Heydər Əliyevə tərəf tutdu. Ulu öndərin Azərbaycanda hakimiyyətə qayıtması xalqı böyük fəlakətdən və qardaş qırğınından qurtardı. Azərbaycanın müasir dövlətinin istiqamətləri müəyyənləşdi. Ona görə də hər il iyun ayının 15-ni Milli Qurtuluş Günü kimi qeyd edirik. 
Milli Məclisin sədri 15 iyun - Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb, Azərbaycan xalqına davamlı inkişaf arzulayıb. 
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, layihə birinci oxunuşdan sonra Maliyyə Nazirliyinin və digər strukturların rəhbərlərinin iştirakı ilə komitədə geniş müzakirə edilib. Büdcənin icrasının uğurlu olduğu konkret faktlarla əsaslandırılıb, eyni zamanda, bir sıra təkliflər səsləndirilib. Həyata keçirilən bir sıra proqramların növbəti ildə də davam etdirilməsinin məqsədəuyğunluğu bildirilib. Ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üçün maliyyə təminatının yaradılması diqqətdə saxlanılıb. 
Müzakirələr zamanı deputatlar Şəmsəddin Hacıyev və Rauf Əliyev fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər.   
İclasda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov birinci oxunuşdan sonra səsləndirilən suallara və deyilən fikirlərə münasibət bildirərək deyib ki, nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir. Bu məsələdə Vergilər Nazirliyi müvafiq qurumlarla yaxından çalışır.
Nazir diqqətə çatdırıb ki, nağd pul kütləsinin xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1 faizdən 51,9 faizə qədər azalıb. Bu rəqəm dinamikanın hansı istiqamətə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda, 2016-cı illə müqayisədə pos-terminalların sayında 16 faizədək azalma olub. 2016-cı ildə bu rəqəm 80301 ədəd idisə, cari il iyunun 1-nə 67032 pos-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 milyon 721 min ədəd ödəniş kartı mövcuddur.
Mikayıl Cabbarov bildirib ki, nağdsız hesablaşmaların aparılmasında ən böyük sual budur ki, tərəflər (sahibkarlar, banklar, vətəndaşlar) nə qədər maraqlıdır. Buna cavab vermək üçün aşağıdakı məsələlərə diqqət yetirmək vacibdir: İlk olaraq komissiya haqları. Hazırda pos-terminallar üzrə ödənilən komissiya haqqı Azərbaycanda 1,29-2,37 faiz arası dəyişir. Müqayisə üçün Gürcüstanda 1,5-2 faiz, İngiltərədə 1,5-2 faiz, İtaliyada 2-2,75 faiz, Rusiyada 2-3 faiz arası dəyişir. Müqayisə üçün deyə bilərik ki, bizdə olan komissiya və tariflər xarici ölkələrdəkindən yüksək deyil. Dövlət bu tarif məsələsinə müdaxilə etmir.
Sonra “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təqdim edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, dəyişiklik tibb müəssisələrinin akkreditasiyası ilə bağlıdır və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədi daşıyır. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.  
İclasda ikinci oxunuşda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında və birinci oxunuşda Mülki Məcəlləyə dəyişiklik edilməsi haqqında qanun layihələri də təsdiqlənib.
Cinayət-Prosessual, Cinayət, Mülki məcəllələrə dəyişiklik edilməsi haqqında və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini birinci oxunuşda təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu dörd məsələ Milli Məclisə eyni zərfdə daxil olub. Bu dəyişikliklər ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib. 
Sonra “Bələdiyyələrin statusu haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə təqdim edib. Bildirib ki, bu dəyişiklik müvafiq icra hakimiyyəti orqanının bələdiyyələrin fəaliyyətinin təşkilinə metodoloji yardım etməsini təmin etmək məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib. 
İclasda “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Qanun layihəsini təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanunun hazırlanması zərurəti 2009-cu ildə ölkəmizdə referendum keçirildikdən sonra Konstitusiyaya edilmiş dəyişikliklərin nəticəsində meydana çıxıb və Konstitusiyanın tələbidir. Belə qanun dünyanın bir sıra ölkələrində, o cümlədən Avropa Şurasına üzv ölkələrdə mövcuddur. Qanun layihəsində vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsinə dair tələblər, bununla bağlı təşəbbüs qrupunun fəaliyyəti, layihənin dəstəklənməsi üçün imza toplanması qaydası, imza toplanmasının nəticələrinin təsdiqi və digər məsələlər öz əksini tapıb. Qanunun 6-cı maddəsinə əsasən təşəbbüs qrupunun üzvləri Azərbaycan Respublikasının seçki hüququ olan ən azı 40 min vətəndaşının imzasını toplamalı, imzaların toplanması ən azı 60 seçki dairəsinin ərazisini əhatə etməli və hər seçki dairəsinin ərazisindən ən azı 500 imza toplanmalıdır. 
Müzakirələr zamanı çıxış edən deputatlar Fərəc Quliyev, Elmira Axundova, Əflatun Amaşov, Qüdrət Həsənquliyev və Qənirə Paşayeva bildiriblər ki, bu qanun layihəsi qəbul edildikdən sonra ölkəmizdə demokratik cəmiyyətin inkişaf prosesinə öz töhfəsini verəcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin növbədənkənar sessiyada ikinci plenar iclası başa çatıb.

 

AZƏRTAC

15 2019 00:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə