Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın müasir inkişafının başlandığı gün

Azərbaycanın müasir inkişafının başlandığı gün

Hər il olduğu kimi, bu il də həm ölkə sakinləri, həm də ölkə xaricində yaşayan azərbaycanlılar tərəfindən Milli Qurtuluş Gününün növbəti ildönümü təntənəli şəkildə qeyd edilir. Artıq o əzəmətli tarixi gündən 26 il ötür. Yaşım 31 olsa da, valideynlərimin, müəllimlərimin söylədikləri və oxuyub öyrəndiklərimin sayəsində həmin dövrdə xalqımızın necə çətin, qara günlər yaşadığı barədə məlumatlıyam. O vaxt bir tərəfdən mənfur düşmənlərimiz olan ermənilərin dədə-baba torpaqlarımıza qarşı qəsbkarlıq planları və həyata keçirdikləri işğalçılıq niyyətləri, digər tərəfdən ölkədaxili qarşıdurmalar, separatçılıq və parçalanma meyilləri barədə materialları oxuduqca , videokadrları izlədikcə və ya bu kimi digər informasiyaları əldə etdikcə insan dəhşətə gəlir.

Azərbaycan dövləti onun varlığına birdəfəlik son qoyulma təhlükəsi ilə üzləşdiyi zamanda Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını dövlətimiz üçün böyük bəxşiş kimi dəyərləndirmək mənəvi borcumuzdur. Məhz həmin çətin anlarda xalq müdrik bir liderə, xalqı və dövləti bu çətin vəziyyətdən xilas edəcək uzaqgörən siyasətçiyə inanır, güvənirdi. Mərhum Heydər Əliyevin qayıdışı və Azərbaycanda qurtuluşa nail olunması onun nəhəng siyasi xadim olduğunu təsdiqləyən əsas faktlardandır.
Əminliklə söyləyə bilərik ki, Azərbaycanın bugünkü inkişafı öz başlanğıcını Milli Qurtuluş günündən götürür. Böyük bəlalardan xilas olduğu 15 İyun tarixindən ötən dövr ərzində ulu öndərimizin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi. Bu fikirlərin təsdiqi kimi, “Əsrin müqaviləsi”nin əhəmiyyətini vurğulamaq kifayət edər. Həmin beynəlxalq neft sazişi Azərbaycanın sonrakı uğurlu inkişafında əsaslı rol oynadı.
Heydər Əliyevin öz xalqı qarşısında misilsiz xidmətlərindən söz açarkən mərhum Prezidentimizin Azərbaycan gəncliyinin inkişafına yönəltdiyi xüsusi diqqəti qeyd etməyi özümə borc bilirəm. Məlum olduğu kimi, ümummilli liderimiz savadlı və istedadlı gənclər üçün böyük imkanlar açdı. Beləcə, Azərbaycan gənci özünün yüksək inkişaf mərhələsinə qədəm qoydu. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, ilk gənclər forumunun gerçəkləşdirilməsi, “Azərbaycan Gəncləri Günü”nün təsis edilməsi və bu istiqamətdə digər önəmli addımların atılması gənclərdə ruh yüksəkliyi yaratdı, onlarda özünə inamı formalaşdırdı, vətənpərvərlik hisslərini gücləndirdi, yeni uğurlara meyili artırdı. 
Biz özümüzü xoşbəxt xalq hesab etməkdə tamamilə haqlıyıq. Çünki ulu öndərin bizə miras qoyduğu müstəqil Azərbaycan cənab Prezidentimiz İlham Əliyev tərəfindən göz bəbəyi kimi qorunur. Azərbaycan dövləti ölkə başçımızın rəhbərliyi altında gündən-günə daha da güclənir. 
“Bir şeyi qətiyyətlə deyə bilərəm ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Biz daim irəliyə baxmalıyıq” – cənab Prezidentimizin səsləndirdiyi bu fikirlərdən də aydın olduğu kimi, Azərbaycanın yeni uğurlara müvəffəq olması üçün böyük iqtisadi, hərbi, mədəni, idman və sosial layihələr reallaşdırılır. Görülən hər bir iş xalqımızın rifahını gücləndirir, əhval-ruhiyyəsini yüksəldir və öz seçimində yanılmadığına əminliyi artırır.

 

Mehti Namazov,
YAP Gənclər Birliyinin fəalı

 

15 2019 00:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə