Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Buta Airways” Bakıdan Batumiyə birbaşa aviareyslərə başlayıb

“Buta Airways” Bakıdan Batumiyə birbaşa aviareyslərə başlayıb

İyunun 14-də “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Gürcüstanın məşhur kurortu Batumiyə birbaşa aviareyslərə başlayıb.
Bununla bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən tədbirdə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bu günün həm AZAL, həm onun əsas qollarından biri olan “Buta Airways”, həm də Heydər Əliyev Beynəlxalq Aeroportunun II Terminalı üçün əlamətdar hadisə olduğunu deyib. Bildirib ki, bu gündən “Buta Airways”in yeni istiqamətdə Bakı-Batumi-Bakı aviareysi açılır. İlk reysdə müşahidə edilən sərnişin bolluğundan aydın olur ki, bu aviareys çox populyarlıq qazanacaq. Bakı–Batumi–Bakı aviareysi Azərbaycan və gürcü xalqlarını bir-birinə daha yaxın edəcək, turizmin inkişafına səbəb olacaq. Bu, həm ölkəmizə gəlmək istəyənlər, həm də həftə sonları Batumidə istirahət etmək istəyən azərbaycanlılar üçün töhfə olacaq. Bu münasibətlə hər kəsi təbrik edirəm və aviareysin fəaliyyətinə uğurlar arzulayıram.
Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze yeni aviareysin açılmasını əlamətdar hadisə adlandırıb, ölkəsinin turizm potensialından danışıb.
“Əminəm ki, bu aviareys Batuminin Azərbaycanda daha populyarlıq qazanmasına, Gürcüstanın turizm bazarına azərbaycanlı turistlərin marağının artmasına səbəb olacaq. İki qonşu ölkənin siyasi, iqtisadi, ticarət əlaqələri inkişaf edir, turizm sahəsində də böyük potensial var. Bakı-Batumi-Bakı aviareysi Gürcüstan və Azərbaycanın turizm əlaqələrinin daha da inkişafına öz töhfəsini verəcək", - deyə səfir vurğulayıb.
Batumi Beynəlxalq Aeroportunda keçirilən qarşılama mərasimində isə Batumi şəhərinin meri Laşa Komaxidze, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digərləri çıxış edərək aviareysin açılmasının əhəmiyyətindən, ikitərəfli turist axınında oynayacağı roldan danışıblar.
Qeyd edək ki, Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq. Belə ki, aviaşirkət artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirir.
Aviaşirkətin digər istiqamətləri kimi Bakı–Batumi (IATA: BUS) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. Uçuşlar həftədə iki dəfə – cümə və bazar günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.
Lou-kost aviaşirkət olaraq, “Büdcə” minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. 10 kiloqramadək çəkisi olan əl yükünü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan “Super” tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək olar. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və bütün tariflərdə pulsuzdur.
“Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir. 

 

“Xalq qəzeti”

14 2019 23:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə