Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa məhkəməsinin qərarı ermənilərin cəhdlərinin üzərindən xətt çəkdi

Fransa məhkəməsinin qərarı ermənilərin cəhdlərinin üzərindən xətt çəkdi

Fransa məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı ləğv etməsi ölkəmizin növbəti diplomatik uğurudur. Başqa sözlə, bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasının, bədnam erməni lobbisinin çirkin kampaniyasına qarşı aparılan “hücum diplomatiyası”nın məntiqi nəticəsidir. 

Bu cür halların qarşısının alınmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da rolu xüsusi qeyd edilməlidir. Azərbaycanın Birinci vitse-prezidenti müxtəlif səviyyəli görüşlərində Ermənistanın ölkəmizə təcavüzü ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasında daim səy göstərib. Elə bu ilin martında Fransaya səfəri zamanı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində məsuliyyətini bir daha xatırladıb. 
Yeri gəlmişkən, Fransa Prezidenti Emmanuel Makron da bu ilin fevralında erməni diasporunun nümayəndələri ilə görüşü zamanı qondarma Dağlıq Qarabağ rejimi ilə dostluq və qardaşlıq haqqında sənədlərin imzalanmasının beynəlxalq hüquqa, Fransanın beynəlxalq öhdəliklərinə və milli maraqlarına ziddi olduğunu bildirib.
Burada bir məqamı da xüsusi vurğulamaq istərdim. İşğal edilən Azərbaycan rayonu ilə belə bir “xartiya”nın imzalanması ölkəmizin ərazi bütövlüyünə, eyni ­zamanda, xalqımıza hörmətsiz münasibətin göstəricisi olmaqla bərabər, həm də iki ölkə arasındakı mövcud münasibətlərinin xarakteri ilə ziddiyyət təşkil edir.
Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında “Dostluq haqqında xartiya”nın imzalanması, eyni zamanda, Fransanın milli qanunvericiliyinə zidd hərəkət idi. Çünki 2015-ci ildə Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf və Daxili İşlər nazirlikləri tərəfindən Fransa şəhər və vilayətlərinin Azərbaycanın işğal altında olan rayonları ilə hər hansı bir formada əməkdaşlığı qadağan edən qərar qəbul olunub. 
Fransanın ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində birbaşa iştirak etməsi onun tam neytral olmasını tələb edir. Qondarma Dağlıq Qarabağ rejimi ilə hər hansı bir formada əməkdaşlıq isə Fransanın səmərəli vasitəçiliyinə şübhə doğurur. Bu baxımdan, inzibati məhkəmə tərəfindən Arnuvill şəhəri ilə Azərbaycanın işğal altındakı Xocavənd rayonu arasında imzalanmış “dostluq xartiyası”nın ləğv olunması münaqişə vəziyyəti ilə bağlı obyektiv mövqeyin formalaşması istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilməlidir.
Onu da vurğulayım ki, bu hadisənin ən önəmli cəhətlərindən biri də presedent yaratmasıdır. Yəni bundan sonra da ermənilər işğal altındakı Azərbaycan ərazilərinin ayrı-ayrı subyektlərinin leqallaşdırılması istiqamətində hansısa addımlar atmaq niyyətinə düşərlərsə, o zaman Fransa inzibati məhkəməsinin qərarı təkcə bu ölkədə deyil, bütövlükdə Avropa İttifaqı məkanında hüquqi presedent kimi qəbul ediləcək. Buna Avropa Məhkəməsi haqqında müqavilə və digər hüquqi-normativ aktlar əsas verir. 
Sonda qeyd edim ki, Fransanın Serji-Pontuaz məhkəməsinin Arnuvilin qondarma Dağlıq Qarabağdakı Şeher inzibati bölgəsi ilə “Dostluq haqqında xartiya”sını ləğv etməsinin ardınca Qrenobl inzibati məhkəməsi tərəfindən də bənzər qərar qəbul olunub. Bu barədə Fransadakı erməni diasporunun media orqanlarından olan “Nouvelles d’Armenie” saytı məlumat yayıb.
Məlumatda Qrenobl məhkəməsinin 4 “dostluq xartiyası”nı ləğv etdi bildirilir. Vurğulanır ki, prefektin müraciəti əsasında Qrenobl inzibati məhkəməsi iyunun 11-də Drom departamentinin özü, həmçinin bu departamentdə yerləşən Valans, Bur-le-Valans və Bur-dö-Peaj kommunaları ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış dörd xartiyanı ləğv edib.
Bu xartiyaların ləğv olunmasının səbəbləri kimi onların Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə uyğun gəlməməsi, həmçinin bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bitərəfliyini şübhə altına alması göstərilir.

 

Hüseyn İBRAHİMOV, 
AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru

 

14 2019 23:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə