Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlvida, məktəb!

Əlvida, məktəb!

Dünən  Azərbaycanın bütün ümumtəhsil məktəblərində  “Son zəng” tədbirləri keçirildi. Bu tədbirlərin keçirilməsi ilə bağlı  təhsil naziri Ceyhun Bayramov xüsusi əmr imzalamışdır.
 Bu  günü  onbirincilər  böyük  sevinclə  gözləyirdilər. Bəli, insan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Son zəng”dir. Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olur. Hər dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəyimiz sızlayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydim” arzusu keçir.
Paytaxtımızın  1 saylı orta məktəbinin  onbirinciləri  də  bu günə xüsusi hazırlaşmışdılar. Şeir axtarıb tapan kim, mahnı yazdıran kim, ssenari quran kim… Bəli, məktəbdə əsl bayram ab-havası var idi.
...Tədbirin başlamasına  az  vaxt  qalıb.  Hamı  səbirsizliklə  “Son  zəngin”  çalınacağı  anı  gözləyir. Budur,  məktəbin direktoru  Elida  Rzayeva tribunaya  qalxır. O, məktəbin ötən dərs ilində qazandığı  uğurlardan danışaraq  bildirir ki, 2018-2019-cu tədris ilində  məktəbdə 748 şagird təhsil alıb. Bu il  məktəbimizin  XI sinfini  31 şagird bitirmişdir.  Deyir ki,  Azərbaycan  Prezidenti  İlham Əliyevin və  Azərbaycanın Birinci  vitse-prezidenti Mehriban xanım Əliyevanın  qayğısı nəticəsində  təhsilimiz  islahatlar  yoluna çıxarılmışdır.  Bu qayğıdan  bizim məktəbə də kifayət  qədər pay düşmüşdür.
Elida  xanım  onbirincilərə müraciətlə deyir: “ Bu gündən siz yeni həyata qədəm qoyursunuz.  İnanırıq ki,  ölkəmizdə  gedən əsaslı  quruculuq işlərində  siz gənclər  daha  fəal iştirak edəcəksiniz”.  
Məktəbin  direktor müavini  Aygün Məlikova da  onbirinciləri təbrik edərək, onlara uğurlar arzulayır.
 Sonra  “Son zəng”ın sədası ətrafa yayılır.  Uşaqlar  siniflərə qayıdır. Son dəfə  doğma məktəblə  vidalaşırlar. 
Məlumat  üçün bildirək ki, 2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirmişdir.  45 616 nəfər isə I sinfə qəbul olunmuşdur. 

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

14 2019 23:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə