Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaqatalada “Xalqın xilaskarı” adlı elmi-praktik konfrans keçirilib

Zaqatalada “Xalqın xilaskarı” adlı elmi-praktik konfrans keçirilib

Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qonaqlar əvvəlcə ulu öndərin Heydər Əliyev Mərkəzi qarşısında ucaldılmış abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, dahi rəhbərə sonsuz sevgi və ehtiramlarını bildiriblər.

Sonra Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın xilaskarı” adlı elmi-praktik konfrans keçirilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ulu öndərə həsr olunmuş film nümayiş etdirilib. 
Konfransda rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədovun geniş məruzəsi dinlənilib. Məruzəçi 1993-cü ilin iyun hadisələri ərəfəsindəki hərc-mərcliyi, yaranmış ağır vəziyyəti xatırladaraq, yalnız ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində sabitliyin bərqərar olunmasından söz açıb. Natiq dünya şöhrətli siyasi xadimin Vətən və xalq qarşısındakı xidmətlərindən, zəngin dövlət idarəçiliyi təcrübəsindən danışıb, ölkəmizin müstəqilliyinin qorunub saxlanmasında, Azərbaycanın parçalanma təhlükəsindən xilas edilməsində, iqtisadiyyatımızın, elm və təhsilimizin inkişafında, respublikamızın dünya birliyinə inteqrasiyasında müstəsna rolunu nəzərə çatdırıb, həmçinin ulu öndərimizin respublikamızın bu günü və gələcəyi naminə müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini vurğulayıb. Natiq ümummilli liderimizin siyasi xəttinin bu gün də dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən əzmlə və uğurla davam etdirildiyini və xalqımızı parlaq, firavan gələcək gözlədiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.
Konfransda çıxış edən digər natiqlər ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə Azərbaycanın idarəçilik sükanı arxasına keçməsindən sonra qısa müddətdə milli dövlətçilik ideyalarını irəli sürərək sürətlə həyata keçirdiyini, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə sinə gərərək mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik kimi keyfiyyətlərdən məharətlə bəhrələnərək xalqımızı qardaş qırğınından, vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdiyini, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, banisi və qurucusu kimi daxil olduğunu qeyd ediblər.
Tədbir bayram gününə həsr olunmuş konsert proqramı ilə yekunlaşıb.

 

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

 

14 2019 23:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə