Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici siyasətimizin daha bir təntənəsi

Xarici siyasətimizin daha bir təntənəsi

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində artıq dünya birliyi Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə reallıqları qəbul edir, problemin aradan qaldırılmasının uzadılmasında işğalçı Ermənistanın günahkar olduğu tam sübuta yetirilib. Bugünlərdə Fransa məhkəməsinin qəbul etdiyi qərarlar da bunu təsdiqləyir. Bu ölkənin məhkəmələrinin bir-birinin ardınca qəbul etdiyi beş qərar ədalətin bərpası kimi qəbul edilməlidir. Xəbər verildiyi kimi, Fransanın Serji-Pontuaz məhkəməsi Arnuvilin qondarma Dağlıq Qarabağdakı Şəhər inzibati bölgəsi ilə bağladığı “Dostluq haqqında xartiya”sını ləğv etməsinin ardınca Qrenobl İnzibati Məhkəməsi tərəfindən də bənzər qərar qəbul olunub. Bu barədə Fransadakı erməni diasporunun media orqanlarından olan “armenews.com” saytı məlumat yayıb.

Məlumatda Qrenobl məhkəməsinin 4 “dostluq xartiyası”nı ləğv etdiyi bildirilir. Bu, Fransadan Ermənistana daha bir ağır zərbə oldu. Məlumdur ki, Fransada erməni lobbisi həmişə güclü olub və bu gün də güclüdür. Onlar, hətta bəzi siyasi məsələlərə təsir göstərmək imkanındadırlar. Ancaq dövlətimizin həyata keçirdiyi uğurlu xarici siyasət, Azərbaycan həqiqətlərinin dünya birliyinə olduğu kimi çatdırılması istiqamətində həyata keçirdiyi düşünülmüş strategiya güclü erməni lobbisini də mat vəziyyətinə saldı. Fransanın Qrenobl İnzibati Məhkəməsi iyunun 11-də Drom Departamentinin özü, həmçinin bu departamentdə yerləşən Valans, Bur-le-Valans və Bur-dö-Peaj kommunaları ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış dörd xartiyanı ləğv edib. Qrenobl şəhər məhkəməsinin bu addımı Serji-Pontuaz inzibati məhkəməsi tərəfindən qəbul edilmiş qərarın məntiqi davamıdır.
Bu xartiyaların ləğv edilməsinin səbəbləri kimi, onların Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə uyğun gəlməməsi, həmçinin bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bitərəfliyini şübhə altına alması göstərilir. Bu xartiyaların ləğv edilməsinin səbəbindən biri də odur ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürüb. 
Təbii ki, belə qondarma xartiyaların ləğv edilməsi mütləq idi. Çünki qondarma xartiyalar hansısa ermənipərəst merlərin təşəbbüsü ilə bağlanmışdı. Hətta Fransanın dövlət rəsmiləri də belə xartiyaların imzalanmasının ayrı-ayrı şəxslərin subyektiv qərarı olduğunu bəyan etmişdi və dəfələrlə bildirmişdi ki, Fransa Dağlıq Qarabağı müstəqil respublika kimi tanımayıb və bu gün də tanımır. Bununla yanaşı, Azərbaycan hökumətinin bu məsələyə birmənalı cavabı sayəsində belə xartiyalar gec də olsa, ləğv edilir.
Belə diplomatik uğurlar hər bir soydaşımızda qürur hissi yaratmalıdır. Təəssüf ki, Azərbaycanın milli maraqlarının qorunması xaricdəki “söyüş” müxalifətinin proqramına daxil deyil. Ölkəmizin beynəlxalq miqyasda reytinqinin yüksəldiyini, mövqeyinin möhkəmləndiyini görən “söyüş” müxalifəti ciddi narahat olur, ümummilli məsələlərdə susurlar. Onlar Azərbaycan dövlətini, hakimiyyət nümayəndələrini təhqir etməklə, böhtanlar, iftiralar atmaqla “pul qazanırlar”.
Xarici ölkələrdə pullu, imkanlı adamlara sığınan, antiazərbaycan qüvvələrin sifarişlərini yerinə yetirən, üzdə isə özlərini milli mənafelərimizin təəssübkeşi kimi göstərən belə xəyanətkar və satqınların bu cür məsələlərdə susqunluq nümayiş etdirmələri onarda heç bir vətənpərvərlik hissinin, xalqa, millətə istəyin olmadığını bir daha təsdiqləyir. Onların əsas amalı çirkli pullar hesabına Azərbaycanı gözdən salmaq, getdikcə artan nüfuzuna xələl gətirməkdir. Buna isə heç vaxt nail ola bilməyəcəklər.
Bu gün dünyanın nəhəng dövlətlərinin Azərbaycan həqiqətlərinə münasibətdə mövqelərində dəyişikliklər etməsi dövlətimizin uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Artıq işğalçı Ermənistan da bu reallığın şahidinə çevrilir, bu ölkənin rəhbəri gec də olsa, dərk edir ki, yalanlarla dünyanı çaşdırmaq qeyri-mümkündür. Fransa məhkəmələrinin qəbul etdikləri qərarlar bu baxımdan, ədalətin ən böyük meyardır. Bu qərarların qəbul edilməsində dövlətimizin həyata keçirdiyi uğurlu xarici siyasətlə yanaşı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu, qərarların qəbul edilməsi Mehriban Əliyevanın həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatının bariz nümunəsidir. Fəaliyyətində hər zaman Azərbaycanın milli maraqlarını əsas tutan Birinci vitse-prezident Fransaya sonuncu səfəri zamanı keçirdiyi rəsmi görüşlərdə məsələni müzakirə edərək, belə halların yolverilməzliyini diqqətə çatdırmışdı. Mehriban xanım Fransada keçirdiyi görüşlərdə bildirmişdir ki, belə xartiyaların imzalanması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi kimi Fransanın tərəfsiz rolunu 
şübhə altına alar, həmçinin Azərbaycan – Fransa dostluq münasibətlərinə xələl gətirər. 
Birinci vitse-prezidentin istər mədəni, istərsə də siyasi xarakterli görüşlərini xüsusi vurğulamaq zəruridir. Keçirilən görüşlərdə və tədbirlərdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu faktlarla əsaslandırılıb. Bütün bunların nəticəsi olaraq qondarma xartiyaların ləğv edilməsi ədalətin təntənəsidir.

 

Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

 

 

14 2019 23:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə