Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Göyçayda IX Şairlər günü keçirilib

Göyçayda IX Şairlər günü keçirilib

Göyçayda Xalq şairi Rəsul Rzanın ev-muzeyində IX Şairlər günü keçirilib. Tədbirdə rayon rəhbərliyi, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, “Şairlər günü” layihəsinin rəhbəri, şair Xəyal Rza, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) rəhbəri, şair Mehmet Nuri Parmaksız, Qazaxıstan Yazıçılar Birliyinin birinci katibi, şair Akberen Elgezek, həmçinin Türkiyənin digər tanınmış şair və ədəbiyyatşünasları, sənət adamları iştirak ediblər.

Tədbir iştirakçıları öncə Əli Kərim adına şəhər parkını, Şəhidlər xiyabınını və “Əbədiyaşar ədiblər” kompleksini ziyarət edib, abidələrin önünə tər gül-çiçək dəstələri düzüblər.

Xalq şairi Rəsul Rzanın ev-muzeyində davam edən tədbirdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə Ulu Öndərin həmişə yaradıcı insanların yanında olduğunu, onlara diqqət və qayğı göstərdiyini, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirərək, Türkiyə və Azərbaycan arasında yaranan ədəbi körpünün türk dünyası yazarlarının bir–birini tanımasına vəsilə olduğunu söyləyib. O, bu gün belə genişmiqyaslı ədəbi əlaqələrin yaranmasının təqdirəlayiq olduğunu qeyd edib.

Mehmet Nuri Parmaksız çıxışında bu cür tədbirlərin türk dünyasının yazarları arasındakı mənəvi bağlılığın güclənməsində xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Sonra qiraətçilər tərəfindən “Mən torpağam”, “Məndə ixtiyar olsa”, “Soruş” şeirləri səsləndirilib.

Tədbir Göyçay Rayon Mədəniyyət Evinin və uşaq musiqi məktəbinin kollektivlərinin ifasında konsert proqramı ilə başa çatıb.

 

Səməd Hüseynoğlu,
“Xalq qəzeti”nin bölgə müxbiri

14 2019 12:46 -

Köhnə versiyamızdan xəbərləri izlə