Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İyirmi altı il əvvəl

Silahlar Heydər Əliyev dühası qarşısında susdu

Rusların müharibə mövzusunda çəkdikləri “1943-cü ilin qızmar yayı” adlı bir film var. Maraqlı bir filmdir, baxdıqca baxmaq istəyirsən. Söhbət burada təkcə həmin ilin yayının isti keçməsindən deyil, hadisələrin həddindən artıq gərgin, faciələrlə dolu olmasından gedir. Müstəqillik dövründə bu filmə baxanda nədənsə yadıma 1993-cü ilin iyun hadisələri düşür. O zaman Gəncədə baş verən hadisələrin, az qala, hər saatı, hər günü bütün təfsilatı ilə yaddaşıma köçüb.
 

İyunun 4-də əlisilahlı adamların küçələrə axışması, xarabazara çevrilmiş hərbi hissə, zirzəmiyə salınmış güc strukturları rəhbərlərinin qorxunc, məzlum sifətləri, Surət Hüseynovun yanındakılara “Gedin o İxtiyar Şirinovu zirzəmidən çıxarıb gətirin, üzünü qırxın, gəlsin istintaqını aparsın, Elçibəy haqqında sanksiyasını yazsın” sözləri, İmam Mustafayevin rəhbərlik etdiyi komissiyanın Gəncəyə gəlməsi... indiyədək bir kino lenti kimi gözlərim önündən getmir. Amma bunların içərisində iyunun 13-də və 14-də gördüklərimi və şahidi olduqlarımı bəzən sözlə də ifadə edə bilmirəm. Söhbət ulu öndərin Gəncədə qarşılanmasından və bir gün sonra dağıdılmış hərbi hissəyə getməsindən və orada apardığı çox gərgin söhbətlərdən və təxribata cəhddən gedir.

Heydər Əliyev Gəncəyə axşamüstü çatmışdı. Onun parlamentdəki çıxışının sonunda “Gəncəyə gedirəm” – deməsi, sanki, bütün Gəncəni ayağa qaldırmışdı. Adamlar bunu eşidən kimi dəstə-dəstə baş meydana toplaşırdı. Nəinki icra hakimiyyətinin qarşısındakı geniş meydan, eləcə də o zaman Xətai prospekti adlanan küçə, sanki, insan selini xatırladırdı. Nə ondan əvvəl, nə sonra – heç zaman şəhərə bu qədər insanın çıxmasını görməmişəm.

...Ulu öndər maşından çıxan anda bu insan dalğasının çıxardığı səs, yuxarı qalxan əllər, alqışlar, “Heydər!.. Heydər!” sədaları illər keçsə də, gözlərim önündən çəkilmir. İnsanlar Heydər Əliyevə öz xilaskarları, pənah, ümid yerləri, müqəddəs, bəlkə də, sehrli insan kimi baxırdılar. Bu görüş nəzərdə tutulmasa da, Heydər Əliyev hündür bir səkiyə çıxıb Gəncə və gəncəlilər haqqında söz dedi, xalqı təmkinli olmağa çağırdı. Bu görüş həm ulu öndərə, həm də şəhər əhalisinə yamanca təsir etmişdi. Adamlar kövrəlmişdilər. sifətlərdə bir işıq görünürdü. Bu, ümid işığı idi.

Ertəsi gün meydanda elan etdilər ki, Heydər Əliyev hərbi hissəyə gedir və jurnalistlər dəvət olunur. Maraqlı, həm də qəribədir ki, Bakıdan, az qala, bir avtobus jurnalist gəldiyi halda, hərbi hissədə 3-4 nəfərdən başqa kimsəyə rast gəlmədim. Yadımda qalan “Azadlıq” radiosunun müxbiri, rəhmətlik Elmira Əmrahova, Rusiya TV-nin o zamankı müxbiri Mais Məmmədov oldu. O birilər hara getmişdilər, niyə gəlməmişdilər, hələ də mənim üçün qaranlıq qalır.

...Hərbi hissədə zabitlərlə, əsgərlərlə, ətrafda yaşayan sakinlərlə bir-bir görüşüb söhbət edən, hadisənin detallarını diqqətlə öyrənməyə çalışan Heydər Əliyev yenicə üzünü Surət Hüseynova tutaraq “Surət, yollar açıqdırmı?” – deyə soruşmaq istəyirdi ki, əsgərlərdən kimsə pulemyotdan atəş açdı. Qəfil və dəhşətli səsdən hamı diksindi. Heydər Əliyevlə aramızdakı məsafə heç iki metr olmazdı. Bu anda qeyri-ixtiyari olaraq ona baxdım. Heç gözünü də qırpmadı. Özünəməxsus şəkildə sərt səslə: “Surət, bu nə idi?” – deyə soruşdu. Surət Hüseynov: “Heç, Heydər Əliyeviç, əlində açılıb, tənbehini verərik”– dedi...

Çox yaxında dayandığımdan ulu öndərin hər sözü, hər məsləhəti bu gün də yadımdadır. Özümü xoşbəxt sanıram ki, dahi insanı yaxından müşahidə edə bilmişəm. Aradan 26 il keçib. Hər dəfə həmin hərbi hissənin qarşısından keçəndə o epizodlar bir daha beynimdə təkrarlanır, Böyük şəxsiyyətin nurlu siması gözlərim önünə gəlir. Fikirləşirəm ki, ulu öndər xalqın təkidi ilə yenidən hakimiyyətə gəlməsəydi, görəsən, ölkənin taleyi necə olacaqdı? Bunu qiymətləndirməyi bacarmayanlar 1993-cü ilin isti iyununu yada salsınlar...

 

Hamlet Qasımov, 
Əməkdar jurnalist, 
Gəncə

14 İyun 2019 00:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə