Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev siyasi hakimiyyətə gəlməsəydi...

Heydər Əliyev siyasi hakimiyyətə gəlməsəydi...

Müsahibimiz Milli Məclisin ­deputatı, ­Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə ­doktoru Çingiz QƏNİZADƏDİR

 

– Çingiz müəllim, 26 il əvvəl – 1993-cü ildə ölkədə baş vermiş hadisələrin, silahlı qarşıdurmaların, hakimiyyətdaxili didişmələrin canlı şahidi kimi sizin fikirlərinizi bilmək maraqlı olardı.

– 1993-cü ilin iyun hadisələrindən 26 il ötsə də, həmin faktlar hələ də müzakirə mövzusudur. O vaxt mən Bakı şəhər prokuroru vəzifəsində çalışırdım. Baş vermiş hadisələrə hüquqşünas kimi qiymət verdikdə deyərdim ki, həmin vaxt ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı, yol verdikləri nöqsanlar, yarıtmaz fəaliyyəti, qanunların işləməməsi ölkəni xaos həddinə gətirib çıxarmışdı. Bütün bu özbaşınalıqlar Gəncədə qardaş qanının tökülməsinə zəmin yaratdı. Hadisələr yaxşı yadımdadır.

İyunun 4-nə qədər, yəni Gəncədə silahlı qarşıdurma baş verənə kimi ölkədə ikihakimiyyətlilik, üçhakimiyyətlilik, bəlkə də, gizli şəkildə davam edən daha çox hakimiyyətlilik var idi. Bir tərəfdən Daxili İşlər Nazirliyinə tabe olan OMON-çular -- əslində, onlar nə Daxili İşlər Nazirliyinə, nə də digər dövlət strukturlarına tabe olmaq istəyirdilər. Necə deyərlər, özlərini dövlət içərisində bir dövlət hesab edirdilər. Onların əlində kifayət qədər silah-sursat var idi və müstəqil fəaliyyətə üstünlük verirdilər. Təbii ki, dövlətin daxilində hansısa bir silahlı qruplaşmanın olması və özü də dövlətin səlahiyyətli orqanlarından birinə tabe olmaması, sözsüz ki, anarxiyaya gətirib çıxaran amillərdən idi.

Digər pozucu amil isə o vaxt heç bir əsas olmadan korpus komandiri vəzifəsinə qədər yüksəldilmiş Surət Hüseynova tabe olan hərbi birləşmələrin və cinayətkar ünsürlərin hakimiyyətə tabe olmaması və ölkənin müxtəlif bölgələrində dövlət idarələrini zəbt etməsi, oraya öz adamlarının yerləşdirilməsi idi. Daxili işlər naziri vəzifəsindən azad edildikdən sonra adını müxalifət qoyub insanları hakimiyyətə qarşı mitinqlərə çağıran İsgəndər Həmidovun özbaşınalığı da qeyd edilməlidir.

Artıq bütün dövlət strukturları iflasa uğramışdı və heç bir təşkilat işləmək iqtidarında deyildi. Bəzi hallarda açıq şəkildə zorakılıq halları baş verir, işləmək istəyənlərə də bilərəkdən problem yaradılırdı. Ölkədə anarxiya, xaos və özbaşınalıq baş alıb gedirdi. Belə bir vaxtda Gəncədə baş vermiş hadisələrin yatırılması üçün iqtidar tərəfindən düşünülməmiş addımın atılması vəziyyəti daha da gərginləşdirdi. Bu səhv addımın atılması iqtidarın dövləti idarə edə bilməməsinin nəticəsi idi. Surət Hüseynovun cinayətkar dəstəsinin zərərsizləşdirilməsi üçün hakimiyyət orqanları tərəfindən göndərilən hərbçilərin avtobusda gülləbaran edilməsi vətəndaş müharibəsinin başlanmasının əlamətləri və qarşıdurmanın kulminasiya nöqtəsi idi. Mən şəhər prokuroru olaraq, bu məlumatları rəsmi mənbələr vasitəsilə əldə edirdim.

– Dövlət idarəçiliyinin tamamilə iflic vəziyyətinə düşməsi hara aparırdı?

– Əslində, dövlət idarəçiliyindən söhbət gedə bilməzdi. Ölkə prezidenti, baş nazir, parlamentin sədri və digər rəhbər şəxslər bir-birini eşitmir, dövləti idarə edə bilmirdilər. Hərə özü üçün bir prezident idi. İsa Qəmbər Müsavat partiyasını formalaşdırmaqla öz mövqeyini möhkəmləndirirdi. Dövlət katibi Əli Kərimli “Yurd” təşkilatının üzvlərinin sayını artıraraq birincilik uğrunda mübarizəyə qoşulmuşdu. Yeri gəlmişkən, qeyd edim ki, Əli Kərimlinin tərəfdarları Prezident Elçibəyi ələ salır, lağa qoyurdular. O, nəzarətində olan kütləvi informasiya vasitələrindən istifadə edərək, baş nazir və parlamentin sədrini gülüş hədəfinə çevirirdi. İsgəndər Həmidovun rəhbərlik etdiyi “Boz qurd” partiyası, OMON-a rəhbərlik edənlər, digər tərəfdən Rəhim Qazıyev – Surət Hüseynov hərbi cütlüyü hakimiyyəti ələ keçirməyə çalışırdılar.

AXC üzvləri də bir-biri ilə mübarizəyə başlamışdılar. ­Prezidentin özünə yaxın olan AXC İcraiyyə Komitəsi rəsmi bəyanatla nazirləri, parlament sədrini dövlətə və hakimiyyətə xəyanətdə ittiham edirdi. Göründüyü kimi, aləm bir-birinə dəymişdi. Həmin vaxt hamı üçün qorxulu bir məqam yaranmışdı. Azərbaycan dövləti, yenicə qazanılmış müstəqilliyimiz ciddi təhlükə altında idi. Çünki cinayətkar dəstənin başında dayanan Surət Hüseynova kömək edən o vaxtkı rus ordusunun bəzi yüksək vəzifəli şəxsləri, xüsusilə 104-cü diviziyanın komandiri general Şerbakın başçılıq etdiyi qeyri-rəsmi hərbi birləşmələr, eyni zamanda, Rusiyanın bir sıra maraqlı dairələri Azərbaycanda hakimiyyət dəyişikliyini reallaşdırmağa çalışırdılar. Çünki öz adamlarını ölkə rəhbərliyinə yerləşdirmək iddiasında idilər. Ona görə də bu qüvvələr respublikamızı vətəndaş müharibəsi həddinə çatdırmaqda maraqlı idilər.

– Həmin qüvvələr hakimiyyətə kimi gətirmək istəyirdilər?

-- Onların marağında, əsasən, Surət Hüseynov və Rəhim Qazıyev idi. Bu qüvvələr Heydər Əliyevin hakimiyyətə gəlməsinə qətiyyən razı deyildilər. Nəinki ayrı-ayrı qüvvələr, heç Rusiyanın o vaxtkı başbilənləri də Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsinə razı deyildi. Onlar Rəhim Qazıyevi və Surət Hüseynovu hakimiyyətə gətirməklə Azərbaycanı indiki Ermənistanın vəziyyətinə salmağa -- yəni Rusiyanın tabeliyində olan vassal bir dövlət kimi formalaşdırmağa çalışırdılar. Belə bir vəziyyətdə ölkəni və xalqı xilas etmək, ağır problemdən qurtarmaq, vətəndaş müharibəsinin qarşısını almaq üçün qüdrətli bir liderə ehtiyac duyulurdu. Hətta o vaxt ­Prezident Əbülfəz Elçibəy ölkəni idarə etmək iqtidarında deyildi. Belə olan halda ölkəyə yeni bir stimul gətirən və dövlət idarəçiliyində təcrübəsi olan şəxsiyyətə böyük ehtiyac yaranmışdı. Həm o vaxtkı iqtidar, həm də xalq Heydər Əliyevdən başqa, belə bir şəxsiyyət görmürdü.

– Artıq iqtidar daxilində də Heydər Əliyevin ölkəyə rəhbərlik etməsini istəyənlər var idi.

– Xatırlayıram ki, Heydər Əliyevin hakimiyyətə gəlməsindən bir qədər öncə, səhv etmirəmsə, iyunun 6-dan 7-nə keçən gecə biz ölkədə yaranmış vəziyyəti müzakirə etmək üçün Prezident Elçibəyin iqamətgahına toplaşmışdıq. Mən özüm də şəxsən həmin toplantıda iştirak edirdim. Gecə saat ikiyə qədər müzakirələr getdi. Əsas müzakirə Heydər Əliyevin Bakıya dəvət edilməsi idi. O vaxt hakimiyyətdə olanların bir qrupu, başda Pənah Hüseynov olmaqla, Heydər Əliyevin ölkə rəhbərliyinə gətirilməsinin tərəfdarı idi. Bir qrup da belə hesab edirdi ki, Heydər Əliyev gəlməsə, Azərbaycan vətəndaş müharibəsindən qaça bilməyəcək və bu da böyük fəlakətlərlə nəticələnə bilər. Dövlətin parçalanması qaçılmaz olacaq.

O vaxt cənubda Əlikram Hümbətov, şimalda isə sadvalçılar hakimiyyəti qəsb etmək uğrunda mübarizə aparırdılar. Belə bir məqamda Heydər Əliyevin Bakıya dəvət edilməsinin və hakimiyyətə gətirilməsinin ən düzgün variant olması barədə qərar qəbul edildi. Heydər Əliyevin Bakıya gəlməsini istəməyənlər də fakt qarşısında qalaraq, bu reallıqla barışmalı oldular. Çünki həmin vaxt Heydər Əliyev Bakıya gəlməsəydi, müstəqilliyimiz məhv olacaqdı, dövlət tamamilə dağılacaqdı və yüz minlərlə insan didərgin düşəcəkdi. Digər tərəfdən, Ermənistan silahlı qüvvələri xarici himayədarlarına güvənərək daha çox ərazimizi işğal edəcəkdi. Azərbaycanın varlığı sual altında qalacaqdı.Yəqin ki, bu faktorlarla hər bir kəs razılaşar. Mən prokuror kimi, siyasi qərarlar verilməsində iştirak etmirdim, ancaq Bakı şəhərində baş verən cinayət hadisələri barədə ölkə rəhbərliyini məlumatlandırırdım.

Həmin vaxt şəhərdə bir-birinin ardınca ağır cinayət hadisələri baş verirdi. Müxtəlif vəzifəli şəxslərin himayədarlıq etdiyi silahlı birləşmələr meydan sulayır, heç kimə tabe olmaq istəmir, imkanlı şəxslərin özlərini və ya övladlarını oğurlayır, külli miqdarda pul aldıqdan sonra azad edirdilər. Qarətlər baş alıb gedirdi. Hüquq-mühafizə orqanlarının işi iflic vəziyyətində idi. Çünki daxildə olan və siyasi hadisələrə görə öz mövqeyini müəyyənləşdirə bilməyən hüquq-mühafizə orqanı əməkdaşları yaranmış şəraitdən öz şəxsi məqsədləri üçün istifadəyə daha çox üstünlük verirdilər. Ona görə də daxildəki məsələlərə yanaşma tərzi dərhal kənara ötürülürdü və ölkədə, xüsusilə paytaxtda at oynadan cinayətkar dəstələr görüləcək tədbirlərdən bizdən qabaq xəbər tuturdular.

Belə şəraitdə işləmək çox çətin idi. Ən əsası ölkəyə rəhbərlik edənlərin bəziləri də həmin cinayətkar qurumlara rəhbərlik edirdilər. Onların haqqında cinayət işi qaldırılan kimi dərhal təzyiqlər, təhdidlər başlayırdı. Ona görə də belə bir şəraitdə işləməyin mümkün olmadığını görüb Prezident Elçibəylə görüşüb istefa ərizəmi təqdim etdim. Düzdür, Prezident istefamı qəbul etmədi, ancaq geriyə yol yox idi. Baş prokuror və bir çox vəzifəli şəxslər, o cümlədən hüquq-mühafizə orqanının məsul əməkdaşları Gəncədə girov götürülmüşdü. Baş prokuror prezidentin həbsi barədə sanksiya verərək həm özünü, həm də dövlətçiliyi gülünc vəziyyətinə salmışdı. Belə mühitdə işləmək mümkün deyildi.

– AXC–Müsavat iqtidarının, habelə xalqın təkidi ilə Heydər Əliyev iyunun 9-da Bakıya gəldi. Bundan sonra nə baş verdi?

– Heydər Əliyev ona təklif olunan vəzifədən imtina etdi. Dedi ki, Gəncəyə gedəcək və baş vermiş hadisəni yerində öyrənəcək. Bu, çox riskli bir səfər idi. Çünki Surət Hüseynovun ətrafına toplaşmış, bütün günü silahla gəzən cinayətkar ünsürlərdən biri tətiyi çəkməklə Heydər Əliyevi qətlə yetirə bilərdi. Ulu öndər həmin səfərə xüsusi mühafizə ilə yox, jurnalistlərlə getmişdi. Əslində, Surət Hüseynov kimi savadsız, gözü ayağının altından uzağı görə bilməyən, dövlət və dövlətçilikdən xəbəri olmayan, ancaq kriminal dəstəyə rəhbərlik etməsi ilə qürrələnən bu adam da cinayətkar dəstənin əsirinə çevrilmişdi. Heydər Əliyevin Gəncəyə səfəri onu da bu cinayətkarlardan xilas etdi.

Gəncədən qayıtdıqdan sonra Ali Sovetin sessiyasında geniş müzakirələr aparıldı və Heydər Əliyev vəziyyəti təhlil etdi. Baş vermiş bu qanlı hadisədə əsas günahkarın hakimiyyət orqanlarının olduğunu dedi. Həmin sessiyada -- iyunun 15-də Heydər Əliyev səs çoxluğu ilə Ali Sovetin sədri, oktyabrın 3-də isə Prezident seçildi. Bundan sonra xalq rahat nəfəs aldı, Azərbaycan inkişaf yoluna qədəm qoydu, müstəqilliyimizin əbədiliyi təmin edildi. Dövlət idarəçiliyində zəngin təcrübəsi, dünyada böyük nüfuzu, hörməti olan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Allahın Azərbaycan xalqına böyük lütfü idi.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

 

14 2019 00:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə