Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndər milli təhsilimizi islahatlar yoluna çıxardı

Ulu öndər milli təhsilimizi islahatlar yoluna çıxardı

İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəldilsin.
Heydər Əliyev
Ümummilli lider


Cəmiyyətin tərəqqisinin vacib amilləri olan elm və mədəniyyətin, xalqın intellektual potensialının formalaşması təhsil sisteminin düzgün qurulmasından çox asılıdır. Bu gün ölkəmiz şaxələnmiş təhsil sisteminə, elmləri, bilikləri, təcrübəni nəsildən-nəslə ötürməyə əsas verən mükəmməl ali, orta ixtisas və ümumi təhsil məktəbləri şəbəkəsinə malikdir. Azərbaycanda müasir təhsil strukturunun yaradılması, bu sahədə islahatlara rəvac verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər siyası hakimiyyətə qayıtdığı dövrdə milli təhsilimiz acınacaqlı vəziyyətə düşmüşdü. AXC–Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkədə yaranmış xaos, qarışıqlıq, hakimiyyət uğrunda mübarizə təhsil sahəsini iflic vəziyyətə salmışdı. 

Aydındır ki, bir milləti məhv etmək üçün onun dilini, elm və təhsilini məhv etmək kifayətdir. Məhz bu yöndən yanaşdıqda, Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu öndərin öz sözləri ilə desək: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”.
Bu prinsip Azərbaycanda təhsil siyasətinin əsas qayəsini təşkil etmişdir. Son dövrlər həyata keçirilən islahatlar proqramına əsasən, fəaliyyətin prioritet istiqamətlərinə diqqət yetirdikdə Heydər Əliyevin təhsil strategiyasının nə qədər fundamental bir konsepsiya olduğunu aydın görmək mümkündür. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi belə nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. 
Təhsil sahəsinin yenidən qurulması üçün sistemli islahatlara ehtiyac var idi. Bu ehtiyacı böyük uzaqgörənliklə duyan Heydər Əliyev 1998-ci ildə ölkəmizdə təhsil sistemində islahatlar aparılmasına dair xüsusi sərəncam imzaladı. Çox qısa müddət ərzində “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də ölkə başçısı tərəfindən təsdiq edildi. Proqramda mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu. Artıq bu proqramın qəbulundan 20 illik bir vaxt ötür. Bu dövrdə milli təhsilimiz sürətli inkişaf yoluna çıxmışdır. 
Proqramın başlıca məqsədi bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi idi. Ulu öndər bu vəzifələrin həyata keçirilməsi üçün mühüm tarixi fərman və sərəncamlar imzalamışdır. Məsələn, 2002-ci il oktyabrın 4-də ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamı milli təhsil sisteminin inkişafında vacib amillərdən biri kimi qiymətləndirilir. Bu sərəncam ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratmışdır. “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli sərəncamı da ölkədə bu sahədə yaranmış problemlərin aradan qaldırılması yönümündə müstəsna əhəmiyyətə malik dövlət sənədi idi.
Qeyd olunduğu kimi, ulu öndərin təhsil siyasəti konsepsiyasına əsaslanaraq, demək olar ki, elm və təhsil iki müstəqil sahəni ehtiva etsə də, onların birini digərindən təcrid etmək mümkün deyildir. Bu baxımdan elm-təhsil problemlərinə kompleks şəkildə yanaşılmışdır. Hər iki istiqamət ümumi dövlət siyasətinin tərkib hissələri olduğundan və strateji mahiyyət daşıdığından onların inteqrasiyası da labüddür. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövrünə nəzər yetirsək, görərik ki, elm ilə təhsilin inteqrasiyası istiqamətində də çox önəmli işlər görülmüşdür. Əslində, bu iki müstəqil sistemin həmişə qarşılıqlı əlaqəli şəkildə inkişafı labüddür. Çünki elmin təhsilsiz, təhsilin isə elmsiz mövcudluğu qeyri-mümkündür.
Bu da danılmaz faktdır ki, ulu öndər Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən ali məktəblərimizin əksəriyyətində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması üçün, demək olar ki, lazımi şərait yaradılmışdır. 1998-ci ildən ali məktəblərin əməkdaşları müxtəlif ölkələrdə - ABŞ, Böyük Britaniya, Polşa, Rusiya, Türkiyə, Almaniya, Yunanıstan və başqa ölkələrdə yaradıcı ezamiyyətlərdə olmuş, Azərbaycanı yüksək səviyyədə təmsil etmişlər. 
Müstəqilliyimizin ilk illərində ölkənin maliyyə çətinliyi qarşısında qaldığı, ən mühüm həyati əhəmiyyət kəsb edən sahələri belə maliyyələşdirməyə dövlətin vəsait ayırmağa çətinlik çəkdiyi bir vaxtda ulu öndər Heydər Əliyev təhsilə xüsusi qayğı göstərir, çətinliklərə baxmayaraq, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə artırılırdı. Müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi də Heydər Əliyevin daim diqqət mərkəzində duran məsələlərdən idi. Ölkə başçısı tərəfindən 1993-2003-cü illərdə təhsil işçilərinin əməkhaqqının artırılması ilə əlaqədar 9 dəfə fərman imzalanmışdı.
Hər il ən yüksək bal toplayaraq ölkənin ali məktəblərinə daxil olan gənclər üçün xüsusi Prezident təqaüdünün, eləcə də istedadlı gənclər üçün fəxri təqaüdlərin, Prezident fərmanı ilə “Qızıl kitab”ın təsis olunması bu qayğının bariz nümunəsi idi.
Təhsilimizin yaxın dostu və himayəçisi Heydər Əliyevin adı ilə bağlı olan daha bir mühüm tədbirə -- ümumtəhsil məktəblərinin şagirdlərinə dərsliklərin pulsuz verilməsinə başlanmışdır. Həmin dövrdə təhsil sahəsində özünü göstərən ən ciddi yeniliklərdən biri də yeni əlifbaya keçilməsi, latın qrafikalı əlifbanın tətbiqinin reallığa çevrilməsi idi.
Müasir Azərbaycan dövlətinin banisi, ölkəmizi dünyanın ən inkişaf etmiş, sivil dövlətləri səviyyəsinə çatdırmağı həyatının əsas amalı, qayəsi sayan, özünün böyük dühası, zəngin idarəçilik təcrübəsi, dönməz iradəsi ilə bu məqsədin əldə edilməsinə çalışan ümummilli liderimiz Heydər Əliyevin ideyaları, təməlini qoyduğu nəhəng quruculuq işləri ondan sonra böyük öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla həyata keçirilməyə başlandı. Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər çağdaş təhsilimizin tarixində yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi, təhsilin elmi əsaslara söykənən dövlət proqramları vasitəsilə idarə olunması dövrü kimi xarakterizə olunur. Bu dövrün əsas xüsusiyyətlərindən biri təhsilə qayğının, onun inkişafına ayrılan xərclərin ildən-ilə artırılmasıdır. Bu isə təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. 
Təhsil xərclərinin ilbəil artması Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. Təsadüfi deyildir ki, möhtərəm Prezidentin vurğuladığı “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”, “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” kimi konseptual müddəaların əsasında da məhz həmin yanaşma dayanır. Bu mənada “təhsil əsri” elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktuallıq kəsb etməmişdir.
Ulu öndərin yaratdığı əsaslar üzərində ali təhsilin inkişafı sahəsində əhəmiyyətli addımlar atılmışdır. 2005-ci ildə Azərbaycan Bolonya prosesinə qoşulmuş, Avropa təhsil məkanına inteqrasiya istiqamətində tədbirlər həyata keçirilmişdir. Ali təhsil müəssisələrinin infrastrukturunun inkişafı sahəsində əhəmiyyətli işlər görülmüş, bütün universitetlərin maddi-texniki bazası əsaslı şəkildə yeniləşdirilmişdir. “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın icrası istiqamətində ölkə Prezidenti tərəfindən 10 fevral 2010-cu il tarixli “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” fərman imzalanmışdır. Həmin fərmana əsasən, 2010-2011-ci tədris ilindən başlayaraq ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipi tətbiq edilir.
Son illərdə ölkəmizdə “ADA” Universiteti, Ali Neft Məktəbi kimi yeni ali təhsil müəssisələri yaradılmış, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılmış, ali təhsil müəssisələrinin şəbəkəsi genişləndirilməklə əhalinin ali təhsil alma imkanları artırılmışdır. Regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq, yeni istehsalat və xidmət sahələrinin ixtisaslı kadrlara ehtiyacını təmin etmək məqsədilə Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Mingəçevir Dövlət Universiteti yaradılmışdır.
Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkəti arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən, ölkəmizin 40 ali təhsil müəssisəsi dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science” platformasına, eləcə də şirkətin əsas məhsulu olan “Thomson Reuters İnCites” məlumat bazasına və yeni çap olunan jurnallara çıxış əldə etmişdir. Dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” şirkəti ilə əməkdaşlıq Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyətinin yüksəlməsinə və ölkəmizin elmi nüfuzunun beynəlxalq aləmdə gücləndirilməsinə zəmin yaradacaqdır.
Dünyanın bəzi ölkələri ilə təhsil sahəsində yaradılmış əməkdaşlıq sonrakı dövrdə xeyli genişlənmişdir. Hazırda 30-dan çox dövlətlə təhsil əlaqələrimiz var. Bu əlaqələr təcrübə mübadiləsinə və ümumilikdə ölkədə təhsilin inkişafına, dünya təcrübəsində istifadə olunan yeni texnologiyaların, təlim strategiyalarının, innovasiyaların tətbiqinə şərait yaradır, beynəlxalq proqram və layihələrin Azərbaycanda reallaşdırılmasına, eləcə də təhsil sektoruna investisiya cəlbinə imkan verir. Ölkəmizdə təhsilin inkişafı sahəsində dünyanın 40-dan artıq beynəlxalq təşkilatı ilə 100-dən çox birgə layihə və proqram həyata keçirilmiş, yaxud keçirilməkdədir.
Ölkəmizdə informasiya cəmiyyətinin qurulmasının və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli 13 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilmişdir. 
Hazırda müstəqil Azərbaycanda təhsil sistemində irimiqyaslı islahatlar prosesi artıq dönməz xarakter almış, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin hərtərəfli inkişafını təmin edəcək layihələr reallaşdırılmağa başlanılmışdır. Bu gün Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər uğurla reallaşdırılmaqdadır.

 

Əfqan ABDULLAYEV, 
 Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, professor 

 

 

14 2019 00:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə