Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncəlilər 26 il əvvəl Heydər Əliyevi xilaskar kimi qarşıladılar

Ulu öndər Heydər Əliyevin 26 il əvvəlki Gəncə səfəri bu gün də hər bir soydaşımızın yaddaşında xilaskarlıq missiyası kimi qalıb. Həmin vaxt ölkədə vəziyyət getdikcə pisləşirdi. Hakimiyyəti ələ keçirmiş AXC--Müsavat cütlüyü ölkəni idarə edə bilmir və bunun da nəticəsində siyasi böhran dərinləşirdi. Daxili qarşıdurma, hakimiyyətdaxili didişmə, eyni zamanda, xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri vəziyyəti daha da ağırlaşdırırdı. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan vətəndaş müharibəsi astanasında, dövlətçilik isə məhv olmaq təhlükəsində idi.

AXC–Müsavat iqtidarının yarıtmaz fəaliyyəti 1992-ci ildə “91-lər” in ulu öndər Heydər Əliyevə müraciətində də öz əksini tapmışdı: “Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan, sözün əsl mənasında, siyasi, iqtisadi böhran keçirir. Bunun da əsas səbəbi respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları konstitusiyaya zidd, “real vəziyyətə uyğun fəaliyyət” göstərməklə, əslində, iflic vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb, fəaliyyət göstərir. Bir sözlə, mövcud iqtidar ictimai-siyasi gedişata nəzarət edə bilmir”. Göründüyü kimi, həmin dövrdə cəmiyyətdə dərin iqtisadi-siyasi böhran hökm sürür və ölkəni ağır ictimai kataklizmlərə sürükləyirdi. 
1993-cü ilin ortalarında vəziyyət daha da kəskinləşmişdi. Hakimiyyətdə birincilik davası vəziyyəti pik həddə çatdırmışdı. İqtidar çaşqınlıq içərisində idi. 1993-cü il iyunun 4-də Gəncədə korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi qüvvələrlə hökumət hərbçiləri arasında silahlı toqquşma baş verdi. Müdafiə Nazirliyinə tabe olmaq istəməyən 709 nömrəli hərbi hissəni zərərsizləşdirmək üçün Gəncəyə göndərilən hökumət qüvvələri məğlub olduqdan sonra Surət Hüseynovun iddiaları daha da böyüdü və o, paytaxt Bakını ələ keçirmək, hakimiyyəti devirmək üçün mərkəzə üz tutdu. 
Onu da qeyd edək ki, S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən uğursuz əməliyyat iqtidarın vəziyyətini daha da ağırlaşdırdı. Həmin silahlı qarşıdurmada hər iki tərəfdən xeyli insanın həlak olması xalqın hiddətinə səbəb olmuşdu. Gəncəyə göndərilmiş hökumət rəsmilərinin S.Hüseynovun dəstəsi tərəfindən girov götürülməsi Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırmışdı. 
8 iyun 1993-cü il... Gəncə hadisələri ilə bağlı ölkədə böhran daha da dərinləşir. Surət Hüseynovun tabeliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya doğru hərəkət etməyə başlayır. Vəziyyətin son dərəcə ağır olduğunu görən AXC–Müsavat iqtidarı ümid yeri kimi Heydər Əliyevə müraciət edir və Bakıya gəlib hər şeyi öz nəzarətinə götürməyi təkidlə xahiş edir. 
Müstəqilliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda Heydər Əliyevin ovaxtkı iqtidarın və xalqın təkidli tələbini nəzərə alaraq, Bakıya gəlməyə razılıq verməsi respublika əhalisində böyük ümidlər yaratdı. İyunun 9-da Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Bakıya gəldi. Həmin gün Ali Sovet Gəncədəki hadisələrdə iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi.
Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri vəzifəsini Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti yerində öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə münasibət bildirəcəyini dedi. Ulu öndər həmin gün –iyunun 13-də 30 nəfər jurnalistlə birlikdə Gəncəyə yola düşdü. Təbii ki, bu, çox riskli bir səfər idi. Gəncədə Surət Hüseynovun ətrafına toplaşmış silahlı dəstə üzvləri hər an ulu öndərə sui-qəsd edə bilərdilər. Lakin o, bundan qorxmadı, Vətəni, xalqı düçar olduğu bəladan, müstəqilliyimizi məhv olmaqdan xilas etmək, Azərbaycanı qorumaq üçün bu riskli səfərə getdi.
Gəncə ulu öndəri adına sonsuz sevgi və ümidlə, əsl xilaskar kimi qarşıladı. Yerli əhali axın-axın küçələrə çıxıb Heydər Əliyevi çox səmimi, əsl xilaskar kimi qarşıladı. Əhali “Nə yaxşı ki, gəlmisən!”, “Qədəmlərin mübarək!”, “Xilaskarımız!” – deyib Heydər Əliyevi alqışlayırdı. 
Ulu öndər hər şeyi yerli-yataqlı öyrəndikdən sonra Ali Sovetin 15 iyun 1993-cü il tarixli iclasında Gəncə hadisələri barədə öz qəti sözünü dedi: “İndi bizim respublikanın gərgin vəziyyətdə olmasının əsas səbəblərindən biri iyun ayının 4-də Gəncədə baş vermiş hadisələrdir. Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil edənlərə hansı tərəfdən olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdır. Bu məsələ ilə deputat-istintaq komissiyası məşğul olur. Biz isə gərək tezliklə yaranmış gərginliyi aradan qaldıraq”. 
Heydər Əliyev yaranmış gərginliyin aradan qaldırılmasının yollarını da göstərdi: “Prezident Əbülfəz Elçibəylə danışıqlarımız olub, Gəncədə də mən danışıqlar aparmışam, mənimlə gedən şəxslərlə və təkbətək. Ona görə mən güman edirəm ki, bizim bütün səylərimiz bu gərginliyi aradan götürməyi, bu qarşıdurmanı aradan götürməyi təmin edə biləcəkdir. Ancaq demişəm, bir də deyirəm: heç vəchlə silah işlədilməsinin tərəfdarı ola bilmərəm. Bu gərginlik, qarşıdurma ancaq sülh yolu ilə, barışıq yolu ilə, qarşılıqlı anlaşma yolu ilə, danışıqlar yolu ilə həll olunmalıdır. Güman edirəm ki, bizim xalqımızın müdrikliyi, nüfuzlu adamların, Azərbaycanın ziyalılarının, Azərbaycanın ağsaqqallarının hamısının bir yerdə səyi və bizim hamımızın bir yerdə çalışmamız, şübhəsiz ki, bunları təmin edə biləcək”.
Həmin vaxtdan başlayaraq, ölkədə tədricən həyat öz axarına düşdü. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların fəal üzvlərindən birinə çevrildi. 26 il əvvəl Gəncəyə reallaşan xilaskarlıq səfəri bu gün ölkəmizin dünyada sabitlik adası kimi tanınmasının, dünya birliyinin fəal üzvlərindən birinə çevrilməsinin, söz sahibi olmasının əsasını qoydu.
Heydər Əliyevin siyasi kursunun uğurlu davamı bu gün Azərbaycanı dünya miqyasında tanıdıb. Bu uğurların əsası 1993-cü il iyunun 15-də ulu öndərin xalqın tələbi ilə hakimiyyətə gəldiyi gün qoyuldu. Xalqımız haqlı olaraq, hər il bu günü Qurtuluş Günü kimi bayram edir.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

13 2019 23:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə