Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunur.

Parisdə UNESCO-nun baş qərargahında da Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi təntənə ilə keçirilib.

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, yubiley tədbirinə Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Elnur Sultanov, BDU-nun rektoru Elçin Babayev, Fransadakı səfirimiz Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Təhsil Nazirliyi, BDU və Mədəniyyət Nazirliyinin nümayəndə heyəti, UNESCO yanında daimi nümayəndəliklərin rəhbərləri, Fransada akkreditə olunmuş diplomatik korpusun, işgüzar dairələrin, mədəniyyət və elm sahəsinin təmsilçiləri, Azərbaycan icmasının nümayəndələri qatılıb.

Tədbirdə UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Təhsil naziri Ceyhun Bayramov, BDU-nun rektoru Elçin Babayev çıxış ediblər.

Natiqlər ölkəmizin tarixi, onun nailiyyətlərindən danışaraq, Bakı Dövlət Universitetini onun əsas nailiyyətlərindən biri olduğunu diqqətə çatdırıblar. BDU ilə fəxr etdiklərini bildirərək, onun regionda ilk universitet, müsəlman Şərqində isə ilk Avropa tipli ali məktəb olduğunu vurğulayıblar. BDU-nun məzunlarından söz açaraq, onların tanınmış şəxsiyyətlər olduğunu bildiriblər. 1969-cu ildə universitetin 50 illiyində onun dünya şöhrətli məzunu ümummilli lider Heydər Əliyev bildirib ki, universitetin yaradılması vətənpərvər qüvvələrin qələbəsi idi, gənc azərbaycanlılara dünya mədəniyyətinin və elminin qapılarını açmaq, onların təhsil alması məqsədilə bu qüvvələrin bir neçə illik mübarizəsinin nəticəsidir. BDU-nun məzunları arasında fizika üzrə Nobel mükafatı laureatı Lev Landau, akademik Yusif Məmmədəliyev, professor Aida İmanquliyeva kimi elm xadimlərinın adları xüsusi yer tutur.

UNESCO baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko qurumun baş direktorunun adından tədbir iştirakçılarını salamlayıb. O, ölkəmizlə UNESCO arasındakı əlaqələrə toxunub. Bugünkü tədbirin mədəni irs, dialoq, mədəniyyət müxtəlifliyi ruhunu əks etdirdiyini diqqətə çatdırıb. Bu gün BDU-nun afrikalı məzunlarının ölkələrində mühüm vəzifələrdə çalışdıqlarını qeyd edib. Ölkəmizin UNESCO-ya verdiyi töhfələri yüksək qiymətləndirib.

Tədbirdə BDU-nun 100 illik tarixini dolğun əks etdirən videoçarx göstərilib. UNESCO-nun binasının foyesində BDU-nun 100 illik fəaliyyətini əks etdirən tarixi və müasir şəkillərdən ibarət sərgi nümayiş olunub.

Tədbirin mədəniyyət proqramı çərçivəsində konsert təşkil edilib.

Xatırladaq ki, UNESCO-nun İcraiyyə Şurası tərəfindən 2018-2019-cu illər üzrə yubileylər siyahısına Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi təklifi Baş Konfransın Parisdə keçirilən 39-cu sessiyasında müsbət dəyərləndirilib və bu il yubiley tədbirlərinin qeyd olunması qərara alınıb.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

13 2019 14:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Avqust 2019 | 17:46
ABŞ-da təyyarə qəzası

Köhnə versiyamızdan xəbərləri izlə