Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisinin iştirakçılarına

Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisinin iştirakçılarına

Hörmətli konfrans və sərgi iştirakçıları!
Sizi ölkəmizin paytaxtı Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar üzrə 2019-cu il Konfrans və Sərgisinin açılışı münasibətilə salamlayır, konfrans və sərginin işinə uğurlar arzulayıram. 
Belə mötəbər tədbirin Bakı şəhərində keçirilməsini çox yüksək qiymətləndiririk.
Öz əlverişli coğrafi yerləşməsinə görə Asiya və Avropa qitələri arasında körpü rolunu oynayan ölkəmiz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində önəmli yer tutur. Azərbaycan mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırmaqda daim maraqlıdır və bu sahədə irimiqyaslı infrastruktur layihələri həyata keçirərək böyük sərmayələr qoyur.
Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə daim böyük önəm verilmiş, informasiya cəmiyyətinin formalaşması və inkişafı məqsədilə müvafiq milli strategiyalar qəbul edilmişdir.
Cəmiyyətimiz üçün vacib olan elektron xidmətlərin təşkili, “elektron hökumət” üzrə genişmiqyaslı layihələrin həyata keçirilməsi, dövlət idarəçiliyində səmərəliliyin, şəffaflığın və operativliyin artırılmasını təmin edir. 
Bu qlobal çağırışlar şəraitində, Azərbaycanın gömrük xidmətində də ciddi işlər aparılır. Gömrük işi sahəsində rəqəmsal gömrük inzibatçılığının inkişaf etdirilməsi, biznes proseslərinin, gömrük nəzarətinin təşkilində, gömrük prosedurlarının sadələşdirilməsi və şəffaflığının artırılması istiqamətində ciddi layihələr həyata keçirilir və gömrük sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə və istifadəsinə xüsusi önəm verilir.
Ümumdünya Gömrük Təşkilatının hər il keçirdiyi bu tədbirdə dünyada tətbiq olunan qabaqcıl yeniliklərin nümayiş etdirilməsi beynəlxalq əməkdaşlığın zəruriliyini bir daha təsdiq edir. 
Ümumdünya Gömrük Təşkilatının “SMART sərhədlər üçün yeni texnologiyalar, Ticarət, Səyahət və Daşımalar üçün yeni imkanlar” mövzusunda Konfrans və Sərgisinin ölkəmizdə keçirilməsini alqışlayır, konfransın yekunları üzrə səmərəli nəticələrin əldə ediləcəyini, aparılacaq müzakirələrin və keçiriləcək görüşlərin qarşılıqlı əməkdaşlıq əlaqələrinin dərinləşməsinə və bu sahədə yeni təşəbbüslərin meydana çıxmasına mühüm töhfə verəcəyinə ümid edirəm.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyun 2019-cu il

12 2019 22:47 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə