Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Füzuli rayonu ölkədə barama tədarükünü birinci başa çatdırıb

Füzuli rayonu ölkədə barama tədarükünü birinci başa çatdırıb

Böyük İpək yolunun Təbriz--Gəncə--Tiflis qanadı üstündə yerləşən Füzulidə ipəkçiliyin-- barama yetişdirilməsinin tarixi qədimdir.  Prezident İlham Əliyevin ölkədə ənənəvi və ixracyönümlü təsərrüfat sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı çağırışına həvəslə qoşulan rayon əməkçiləri yaxın keçmişin təcrübəsinə arxalanaraq bu sahədə öncül mövqe qazanıblar. Füzulililər  ötən iki ildə olduğu  kimi, bu mövsümdə də ölkədə barama tədarükünü birinci başa çatdırıblar.

Füzuli Rayon İcra Hakimiyyətindən bu barədə redaksiyamıza verilən məlumatda deyilir:
–Rayon ərazisinin böyük hissəsinin işğal altında olmasına, yaşayış məntəqələrinin çoxunun təmas xəttində yerləşməsinə baxmayaraq, baramaçılığın keçmiş şöhrətini geri qaytarmağı və ənənəvi təsərrüfatçılığın bu sahəsində ölkədə ön sırada olmağı hədəfləyən füzulililər bu il də istəklərinə nail olublar. Rayon kümçüləri barama tədarükü ilə bağlı tapşırığı respublikada birinci olaraq yerinə yetiriblər. Bu günədək 48 tondan çox barama tədarük edilərək, “Azəripək” MMC-yə təhvil verilib. Cari ildə 1150 qutu (21 min 850 qram) ipəkqurdu toxumu yetişdirən rayon kümçüləri hazırda barama tədarükünü davam etdirirlər.
Məlumatda daha sonra qeyd edilir ki, ümummilli lider Heydər Əliyevin respublikaya birinci dəfə rəhbərlik etdiyi 1970--1980-ci illərdə baramaçılıq Füzuli rayonunda yüksək inkişaf etmiş və gəlirli sahələrdən olmuşdur. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilib. Həmin il rayonda 3,3 ton, 2017-ci ildə 24,4 ton,  keçən il 37,5 ton yaş barama istehsal olunub. İpəkçiliyin yem bazasının bərpası məqsədilə son 3 ildə rayon ərazisində 130 mindən çox tut tingi əkilib.
Dövlətin baramaçılığın inkişafına diqqət göstərməsi, bir kiloqram yaş baramanın qiymətinin subsidiya ilə birgə 9 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb. Çünki baramaçılığın inkişafı iş yerləri, əlavə qazanc və yaxşı güzəran deməkdir. Rayon kümçüləri 2017-ci ildə ildə barama istehsalından 230 min manat, ötən il isə 340 min manat  qazanc əldə etmişdilər. Mövsümün sonuna bu sahədən 450 min manat gəlir götürülməsi nəzərdə tutulur. İpəkçiliyin inkişaf etdirilməsi hesabına rayonda minlərlə məcburi köçkün mövsümü işlərə cəlb olunub.
Rayon ərazisində hər il yeni tut ağaclarının əkilməsi, əhalinin baramaçılıq sahəsindəki təcrübəsinin dirçəldilməsi və bu sahənin qazanc mənbəyi kimi yaratdığı maraq  imkan verir ki, Füzulidə növbəti illərdə barama istehsalı daha da yüksəldilsin.

 

Ziyəddin SULTANOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

12 2019 22:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə