Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Diletantlıq və səriştəsizlik AXC–Müsavat iqtidarının ən böyük bəlası idi

Diletantlıq və səriştəsizlik AXC–Müsavat iqtidarının ən böyük bəlası idi

Azərbaycan ötən əsrin ikinci onilliyində olduğu kimi sonuncu onilliyində də öz dövlət müstəqilliyinə qovuşa bildi. Gənc müstəqil dövlətimiz bu dəfə də böyük məhrumiyyətlər və problemlərlə üz-üzə qalmışdı. 1920-ci ildə müstəqilliyimizin əldən getməsinin əsas səbəbi düşmənin bizimlə müqayisə edilməyəcək dərəcədə güclü olması idisə, ikinci dəfə nail olduğumuz müstəqilliyin çoxsaylı problemlərlə üzləşməsinin əsas səbəbi məhz dövləti idarə edən adamların səriştəsizliyi idi.

Tariximizin olduqca ağrılı günlərini yaşayırdıq. 1990-cı ilin yanvarından 1993-cü ilin iyununadək üç dövlət başçısı vəzifə kürsüsünü tərk edərək gizlincə qaçmışdı. Hamı danışırdı ki, 20 Yanvar faciəsindən sonra Əbdürrəhman Vəzirov, Xocalı soyqırımından sonra Ayaz Mütəllibov, Gəncə hadisələrindən sonra isə Əbülfəz Elçibəy vəzifələrini icra edə bilməmiş, qaçıb canlarını qurtarmışdılar. Müstəqilliyimizin möhkəmlənməsini istəməyənlər güman edirdilər ki, daha bir qanlı hadisə törətməklə Azərbaycanın növbəti rəhbərinin də qaçmasına nail ola biləcəklər və bu da, xalqın dövlətə olan inamını sıfıra endirəcək. Nəticədə isə Azərbaycan dövlət müstəqilliyini ikinci dəfə itirərək, yenə də kiminsə himayəsində yaşamalı olacaq. Ancaq ulu öndər Heydər Əliyev həmin qaraqəlbli insanlara “dayan!” – deməyi bacardı və qüdrətli Azərbaycan dövlətinin yaradılmasına nail oldu. 
Heydər Əliyevin ölkə miqyasında siyasi hakimiyyətə qayıtmasınadək olan dövrdə bizim əsas problemimiz Azərbaycanın dövlət kimi idarə edilməməsi idi. O vaxt hakimiyyətdə olan adamların təcrübəsizliyi, bəzi hallarda xəyanəti gənc müstəqil dövlətimizə hədsiz dərəcədə ağır problemlər yaradırdı. Həmin illəri yaşamış insanlar o dövrü yaxşı xatırlayırlar. Azərbaycan Xalq Cəbhəsi --Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, əsl biabırçılıq idi.
 Əvvəla, 1992-ci ildə onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər. O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas məqsədi nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək idi. Hətta bəziləri sevinirdilər ki, bu münaqişə tezliklə əvvəlki hakimiyyətin yıxılmasına gətirib çıxaracaqdır. Onlar hakimiyyəti zəbt edəndən sonra Azərbaycanı faktiki olaraq uçurum kənarına qoymuşdular. Əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, heç adi bir kollektivi də idarə edə bilməzdilər. 
Parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində namizədlik dissertasiyasını müdafiə edə bilməmişdi. Baş nazir, ticarətlə məşğul idi, kiçik ticarətlə, özü də o ticarət mövsümi xarakter daşıyırdı. Dövlət katibi keçmiş komsomolçu idi -- sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuşdu. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırdılar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan, əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz. 
Müdafiə nazirinin Şuşanın ermənilərə verilməsində bilavasitə əli, günahı var idi. Daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini döymüşdü. Belə ki, hüquq - mühafizə orqanının yüksək vəzifəli şəxsi veriliş gedə-gedə studiyaya daxil olmuş, ona sərf etməyən çıxışa görə vətəndaşı xalq qarşısında döymüşdü və buna görə heç bir məsuliyyət daşımamışdı. Xarici işlər naziri Fizika İnstitutunun kiçik elmi işçisi idi və belə önəmli vəzifəyə irəli sürülmüşdü. Heç bir xarici dil bilməyən, hətta rus dilində düz əməlli danışa bilməyən, yəni, statusuna adekvat olmayan bir adam idi.
 Azərbaycan Xalq Cəbhəsi --Müsavat hakimiyyətinin öndə gedənləri bunlar idi. İndi adama qəribə gəlir ki, bu adamlar ölkəni necə idarə edirdilər?! Edirdilərmi? Hətta hakimiyyətə gələndən sonra dərhal bir-biri ilə mübarizəyə başlamışdılar və həmin mübarizə və eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq, mənfi münasibət nəticəsində cəmi 1 il hakimiyyətdə qala bilmişdilər. Məhz onların diletantlığı, səriştəsizliyi ucbatından ölkədə vəziyyət gərginləşəndə -- 1993-cü ilin yaz-yay aylarında onlar bütün vəzifələrdən gedərək, bəziləri hətta ölkəni tərk etmiş, qaçıb gizlənmişdilər. Daha maraqlı olan məqamlardan biri isə onların bəzilərinin qaçarkən istefa vermədiyini bildirməsi, “vəzifəmi dondururam” – deməsi idi ki, bu da xalqın ironiyasına səbəb olmuşdu. Gənc müstəqil dövlətimizin bir neçə tərəfdən təzyiq və təhdidlərə məruz qaldığı dövrdə xarici işlər nazirinin “vəzifəsini dondurması” daha gülünc idi. Çünki həmin günlərdə xarici siyasət bizim üçün məhz ordu qədər vacib idi.
Ona görə vacib idi ki, Azərbaycan əsrlər boyu müstəqillikdən məhrum olmuş, xalqımız müstəqillik arzuları ilə yaşamışdı. Bu, tarixi bir şans idi ki, bizə verilmişdi. Sovet İttifaqının dağılmasını heç kim təsəvvür edə bilməzdi. Hətta böyük dövlətlərin analitik mərkəzlərində də belə ssenari nəzərdən keçirilmirdi. Bu fürsət bizə verilmişdi və həmin məsuliyyətin miqyasını yuxarıda adını çəkdiyimiz “dövlət rəsmiləri” deyil, məhz Heydər Əliyev görə bilərdi. 
Əlbəttə ki, sağlam düşüncəli insanlar, ziyalılar AXC--Müsavat hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də, onlar haqlı olaraq hesab edirdilər ki, bu vəziyyətdən xalqı yalnız Heydər Əliyev kimi lider xilas edə bilər. Bunun üçün isə ulu öndər Heydər Əliyevin hakmiyyətə gəlməsi zəruri idi. Hakimiyyətə sivil yolla gəlməyin metodu isə siyasi partiya yaradaraq, siyasi mübarizə aparmaq idi. Məhz ziyalıların müraciəti əsasında ulu öndər Heydər Əliyev siyasi partiya yaradıb ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci ilin noyabrında Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Müdrik, uzaqgörən xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə gələcək taleyini özü həll etmək niyyətində idi. 
Heydər Əliyev Azərbaycanda güclü, özünə güvənən, müstəqil dövlət qurmağı bacardı. Prezident İlham Əliyevin qətiyyəti isə ondan ibarətdir ki, bu dövlət müstəqilliyi əbədi olmalı və uğurla yaşamalıdır. Azərbaycan xalqı öz dövlət başçısına güvənir və daim onu dəstəkləyir. 

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 

12 2019 22:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyun 2019 | 12:46
Lənkəranda mina aşkar edilib

Köhnə versiyamızdan xəbərləri izlə