Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev bizə abad və firavan bir Azərbaycan bəxş etdi

Heydər Əliyev bizə abad və firavan bir Azərbaycan bəxş etdi

Keçən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlləri Azərbaycanda çoxlarının yadındadır. Bəlkə də yaşı 30-dək olan gənc nəsil o illərdə baş verənləri, ölkəmizin tarixinə qara hərflərlə yazılmış hadisələri – hərc-mərcliyi, anarxiyanı, dövlət çevrilişinə cəhdləri, Bakıya sovet imperiyası tərəfindən qoşun yeridilməsini, günahsız insanlarımızın amansızlıqla qətlə yetirilməsini, bu qarmaqarışıqlıqlar fonunda Ermənistanın torpaqlarımızı işğal etməsini yaxşı xatırlamır. Amma biz yaşlı nəsil bu faciəli tarixi yaşamış, öz gözlərimizlə görmüş, hətta qurbanlar vermişik. 

1992-1993-cü illərdə cəmi bir il hakimiyyətdə olmuş AXC-Müsavat cütlüyü ölkəni tamamilə dağılmaq, məhv olmaq təhlükəsi qarşısında qoymuşdu. Ölkə başdan-başa idarəolunmaz, xaos şəraitində yaşayırdı. Bakıda və ayrı-ayrı rayonlarımızda silahlı dəstələr hökmranlıq edir, səbəbsiz qətllər baş verir, günahkarların tapılaraq cəzalandırılması mümkün olmurdu. Dağlıq Qarabağ və ətraf ərazilərdə isə erməni silahlı dəstələri cinayətlər törədir, kənd və rayonlarımızı bir-birinin ardınca işğal edir, günahsız insanlarımız qaçqın-köçkün vəziyyətinə düşürdü. İşğal olunmuş yaşayış məntəqələrimizdən əsir və girov götürülən sakinlərimizə ermənilər tərəfindən misilsiz işgəncələr verilirdi. 
Belə bir vəziyyətdə siyasi partiyaların yaratdıqları silahlı dəstələr torpaqlarımızı və insanlarımızı müdafiə etmək, düşmənlə mübarizə aparmaq əvəzinə, Bakıda hakimiyyət davası aparmağı üstün tuturdular. O vaxtkı səriştəsiz hakimiyyət hətta ölkə iqtisadiyyatını belə idarə etməyə qabil deyildi. Ona görə də xalq çörək tapa bilmir, gecələr mağazalarda çörək növbəsində dayanmalı olurdu. 
Nəhayət ki, xalqımız özünü ­“demokratik qüvvələr” adlandıran bu hakimiyyətə son qoymaq qərarı verdi və ümummilli liderimiz Heydər Əliyevi yenidən Azərbaycanı xilas etməyə çağırdı. Ulu öndər müdrik xalqımızın təkidli tələblərini qəbul edərək 1993-cü ilin iyununda Bakıya gəldi və Ali Sovetin sədri vəzifəsində işə başlayaraq ölkəmizi yenidən dirçəltməyə, anarxiyadan qurtarmağa başladı. Heydər Əliyevin uzaqgörən siyasi fəaliyyəti nəticəsində birinci növbədə ölkənin daxili həyatına nizam çəkildi. ­Ordumuz səfərbər edilərək düşmənin irəliləməsini dayandırdı və bəzi cəbhələrdə ona ağır zərbələr vurdu. 1994-cü il mayın ­12-də isə cəbhədə atəşin dayandırılması ilə bağlı razılaşma əldə olundu. 
Bundan sonra Azərbaycan Prezidenti Heydər Əliyev iqtisadiyyatın bərpası üçün təcili tədbirlər görməyə başladı. Tezliklə neft kontrakları imzalandı, digər vacib tədbirlər görüldü. Beləliklə, xalqın vəziyyəti düzəlməyə, ölkə inkişaf etməyə başladı. Bununla parallel olaraq xarici siyasət sahəsində də ardıcıl addımlar atıldı, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı dünyaya bəyan edildi. Ərazi bütövlüyümüzün bərpası istiqamətində danışıqlara başlandı. 
Bütün bunlar ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında etdiklərinin çox cüzi bir hissəsidir. O, haqlı olaraq deyirdi: “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram”. Heydər Əliyev bu gün aramızda olmasa da, bizə abad və firavan bir Azərbaycan qoyub getdi. Bu gün Azərbaycan onun siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə inkişafını uğurla davam etdirir. 

 

Qardaş FƏTULLAYEV, 
Masallı Rayon Ziyalılar Cəmiyyətinin sədri 

 

12 2019 22:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyun 2019 | 12:46
Lənkəranda mina aşkar edilib

Köhnə versiyamızdan xəbərləri izlə